Politoloq: “Putin Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə təkan verməklə Sərkisyanın mövqelərinin zəif düşməsini istəmir”

 "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşü barədə fikirlərini bildirib. E.Şahinoğlu qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə təkan verməklə Sərkisyanın mövqelərinin zəif düşməsini istəmir. Politoloq hesab edib ki, Serj Sərkisyanın Putinin Azərbaycanı qazanmaq məqsədilə qeyd-şərtsiz Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasına razılıq verməsi onun siyasi sonunu gətirərdi: "Ona görə də Soçi görüşünün nəticəsiz qalması Sərkisyanın maraqlarına uyğun idi". Elxan Şahinoğlu cəbhə bölgəsində yaralanan 3 Azərbaycan hərbçisinin Türkiyə hökuməti tərəfindən bu ölkəyə aparılması məsələsinə də toxunub: "Türkiyə hökuməti xüsusi təyyarə ilə cəbhə bölgəsində yaralanan 3 hərbçimizi ölkəsinə apardı. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu yaralı əsgərlərimizi Ankaradakı xəstəxanada ziyarət etdi. Əslində həmin hərbçiləri bəlkə də Azərbaycanda da müalicə etmək olardı. Ancaq onların Türkiyəyə aparılmasının simvolik əhəmiyyəti var idi. Bu hamıya mesajdır ki, müharibə başlayacağı təqdirdə Türkiyə Azərbaycanı yalqız qoymayacaq". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00