Politoloq: “Bölgəyə sülh lazımdır, ancaq işğal altındakı torpaqlarımız hesabına yox”
11 Avqust 2014 14:01 SiyasətPolitoloq Elxan Şahinoğlu müxtəlif ölkələrin vətəndaşları olan 43 şəxsin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi barədə tərəflərə etdiyi çağırışına münasibət bildirib. Bu çağırışı və ona imza atanları qınadığını deyən E.Şahinoğlu qeyd edib ki, bu tamamilə yalnış addımdır: "Hansı "sülhə çağırış", indiki status-kvonun, yəni işğalın davamına şərait yaradan "sülh"ün bizə nə xeyri var? Bu çağırışa imza atanlar snayperləri təmas xəttindən geri çəkməyə çağırırlar. Niyə biz snayperləri geri çəkməliyik? Əksinə snayperlərimiz işğal altındakı topaqlardakı işğalçıları daima hədəfdə saxlamalıdırlar ki, onlar anlasınlar ki, o torpaqların onlara aidiyyatı yoxdur. Azərbaycan vətəndaşlarının da imzaladığı bu çağırışda təəssüf ki, mərhələli həll planının qəbulu və Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması vacibliyindən bir kəlmə də yoxdur. Bəli, bölgəyə sülh lazımdır, ancaq işğal altındakı torpaqlarımız hesabına yox. Mən mütləq şəkildə müharibəyə çağırış etmirəm, ancaq bu bəyanatı imzalayanların "sülh" çağırışını də qəbul etmirəm. Düşmən yalnız güclə hesablaşır". ("OLAYLAR" İA)