Soçidə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin birgə görüşü keçirilib - YENİLƏNİB - FOTO
10 Avqust 2014 17:15 SiyasətAzərTAc xəbər verir ki, avqustun 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Prezidenti Serj Sarkisyan Soçidə "Plotforma S-70" döyüş sambosu üzrə beynəlxalq yarışlara baxıblar.
Yarışların fəxri qonaqları arasında Rusiyanın Baş naziri Dmitri Medvedev və digər rəsmi şəxslər də olub.
"Plotforma S-70" döyüş sambosu üzrə beynəlxalq yarışlar Soçidə 5-ci dəfədir keçirilir. Peşəkar samboçuların budəfəki yarışlarında Rusiya yığması ABŞ, Fransa, Qazaxıstan, Braziliya, Latviya, Litva və Belarus idmançılarının daxil olduğu dünya seçmə komandası ilə qarşılaşıb.
Prezident Vladimir Putin yarışda qalib gələn Rusiya komandasının mükafatlandırılması mərasimində çıxış edərək sambonun Azərbaycanda yaxşı inkişaf etdiyini vurğuladı. Rusiya Prezidenti sambo idman növünün Bakıda keçiriləcək ilk Avropa Oyunlarının proqramına salınmasına nail olduğuna görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
-----------------
09.09.2014
23:38
Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Vladimir Putin və Serj Sarkisyan bu gün axşam saatlarında "Plot-forma C70" döyüş sambosu üzrə beynəlxalq turnirə baş çəkiblər. Bu barədə Trend şənbə günü İTAR-TASS-a istinadən məlumat verir.
Turnirdə fəxri qonaqlar qismində Rusiyanın Baş naziri Dmitri Medvedev, Baş nazirin müavinləri Arkadiy Dvorkoviç və Dmitri Kozak, həmçinin Soçidəki olimpiya oyunlarında Beynəlxalq Olimpiya Komitəsinin əlaqələndirmə komissiyasının sədri vəzifəsini tutmuş Jan Klod Killi iştirak edirlər.
Bundan başqa, fəxri qonaqlar lojasında ikiqat olimpiya çempionu Aleksey Voyevoda, boks üzrə olimpiya çempionu Aleksandr Povetkin kimi tanınmış idmançılar, bir sıra idman federasiyalarının rəhbərləri yer alıblar.
Qeyd edək ki, bu gün V. Putin Azərbaycan və Ermənistan prezidentləri ilə ayrılıqda danışıqlar keçirib.
---------
18:07
AzərTAc xəbər verir ki, avqustun 9-da Rusiyanın Soçi şəhərindəki "Boçarov Ruçey" iqamətgahında Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin görüşü olub.
Rusiya Prezidenti Vladimir PUTİN Azərbaycan dövlətinin başçısını salamlayaraq dedi:
- Hörmətli İlham Heydər oğlu!
Hörmətli dostlar, həmkarlar!
Sizi Rusiyada görməyimizə çox şadıq. Çox sağ olun ki, dəvətimizi qəbul etmisiniz. Bizim çoxlu ikitərəfli və regional məsələlərimiz var. Allaha şükür ki, münasibətlərimiz inkişaf edir, özü də yüksələn xətt üzrə. Biz öz səviyyəmizdə, hökumətlər səviyyəsində müntəzəm əlaqə saxlayırıq. İqtisadi, humanitar əlaqələr inkişaf edir, başqa istiqamətlər üzrə də əvvəllər görünməmiş dərəcədə fəal əməkdaşlıq edirik. Ümumiyyətlə, bu bizim ikitərəfli əlaqələrimizdə daim möhkəmlənən etimad elementidir. Biz buna çox şadıq. Yəqin ki, Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı köhnə, ağrılı problemlər barədə də söhbət edəcəyik. Bir sözlə, Sizi görməyə çox şadıq. Xoş gəlmisiniz.
X X X
Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:
- Sağ olun, hörmətli Vladimir Vladimiroviç! Dəvət üçün sağ olun. Rusiyaya yenidən səfər etməkdən məmnunam, Sizinlə yenidən görüşmək, münasibətlərimizin çox geniş gündəliyini müzakirə etmək imkanına görə şadam.
Qeyd etdiyiniz kimi, bizim münasibətlərin çox pozitiv dinamikası - çoxillik, davamlı inkişaf dinamikası müşahidə edilir. Biz bunu çox yüksək qiymətləndirir və Rusiyanı beynəlxalq arenada əsas tərəfdaşlarımızdan biri hesab edirik. Əməkdaşlığımız çox sahələri ehtiva edir - həm qarşılıqlı siyasi fəaliyyət sahəsində, həm də iqtisadi sahədə yaxşı nəticələr müşahidə olunur. Əmtəə dövriyyəsi artır. Bu göstərici keçən il də artıb, bu il də artım görürük. Struktur yaxşılaşır. Artıq sanballı həcmdə qarşılıqlı sərmayələr qoyulur. Təbii ki, bu, bizim münasibətlərə yeni dinamika verir. Sizin keçənilki çox uğurlu səfərinizi Azərbaycanda çox səmimi xatırlayırıq. Düşünürəm ki, bu səfər bizim münasibətlərin inkişafına ciddi təkan verib. Biz əməkdaşlıq potensialını qətiyyətlə artırmaq əzmindəyik.
Əlbəttə ki, regional təhlükəsizlik və regionumuzda sabitlik məsələləri daim gündəlikdədir. Biz, əlbəttə, həddən artıq uzanmış və öz həllini tələb edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini də müzakirə edəcəyik.
Dəvətə və qonaqpərvərliyə görə bir daha sağ olun.
----------
16:29
"Dağlıq Qarabağ münaqişəsi həddən artıq uzanıb və öz həllini tələb edir".
Trend İTAR-TASS-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Soçidə "Boçarov Ruçey" iqamətgahında Rusiya Prezidenti Vladimir Putinlə görüşdə deyib.
İlham Əliyev bildirib: "Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə etdik. Bu münaqişə həddən artıq uzanıb və öz həllini tələb edir".
Dövlət başçısının sözlərinə görə, son illər ərzində Rusiya və Azərbaycanın münasibətlərində sabit müsbət dinamika müşahidə olunur: "Biz bunu yüksək qiymətləndiririk və Rusiyaya bizim beynəlxalq arenada əsas tərəfdaşlarımızdan biri kimi baxırıq".
Prezident İlham Əliyev qeyd edib ki, iki ölkənin əməkdaşlığı bir çox sahələri əhatə edir: "Təkcə siyasi deyil, həm də iqtisadi sahədə əməkdaşlıq yaxşı nəticələr verir. Xüsusilə əmtəə dövriyyəsi və qarşılıqlı investisiyaların həcmi artır. Biz əməkdaşlıq potensialını, o cümlədən regional təhlükəsizliyi və regionumuzda sabitliyi artırmaqda qətiyyətliyik".
---------
16:19
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, avqustun 9-da Rusiyanın Soçi şəhərindəki "Boçarov Ruçey" iqamətgahında Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin görüşü olub.
------------------
08.08.2014
20:54
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlib.
Azərbaycan dövlətinin başçısını Soçinin "Adler" Beynəlxalq Aeroportunda rəsmi şəxslər qarşıladılar.