Cəbhə xəttində vəziyyətin gərilməsinin siyasi səbəbi
Rusiya regionda təzyiqləri yüksəltməklə Qərbi Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən kənarda saxlamağa çalışır
8 Avqust 2014 18:19 SiyasətCəbhə xəttində vəziyyət gərgin olaraq qalır. Baş verən son hadisələrdə Azərbaycan və Ermənistan tərəfinin xeyli itkiləri var. Ermənistan təxribat məlumatları yaymaqla prosesləri daha da gərginlikdə saxlamaq istəyir.
Suriya və Ukrayna hadisələrində Azərbaycanın əhəmiyyəti
Hadisələrin gərginləşməsi Qərbin Dağlıq Qarabağ münaqişəsinin həllində aktivliyini artırmasından sonraya təsadüf edir. Yəni ki, münaqişə bölgəsində proseslərin kritikləşməsi təsadüfi sayıla bilməz. Cənubi Qafqaz ABŞ qədər Rusiyanın da marağındadır. Xüsusilə Azərbaycanın sahib olduğu strateji mövqeyi və təbii sərvətləri hər iki cəbhə üçün vacib məsələdir. "Vaşinqton Post" qəzeti də bölgədə cərəyan edən hadisələri bununla əlaqələndirir. Gürcüstan ərazilərinin işğalından sonra Rusiya regionda ABŞ-a qarşı açıq mübarizəyə başlayıb. Rəsmi Tiflisin Avropa İttifaqı ilə assosiativ sazişi imzalaması Moskva tərəfindən narahatlıqla qarşılandı. Məsələ Rusiya tərəfindən ABŞ-ın regionda möhkəmlənmək cəhdləri kimi qəbul edilir. Azərbaycanın isə baş verən proseslər daxilində bitərəf mövqeyi Qərb və Rusiyanı maraqlandırır. Rusiyadan tamamilə asılı vəziyyətdə olan Ermənistanın müqəddəratı isə Qərbi çox da maraqlandırmır. Müttəfiqlərə görə, Gürcüstan və Azərbaycanla müqayisədə müstəqil siyasət yürüdə bilməyən Ermənistanı istənilən halda öz tərəflərinə çəkmək ən asan məsələdir. Gürcüstan və Ermənistan nisbətində isə Azərbaycan Rusiya və ABŞ üçün daha vacibdir. Çünki Türkmənistan qazının Azərbaycandan keçməklə Avropaya çatdırılması hər iki tərəf üçün olduqca əhəmiyyətlidir. Plan baş tutacağı halda Rusiya Avropada enerji bazarının böyük hissəsini itirəcək. Nəticədə isə Avropa İttifaqı və ABŞ Rusiya qarşısında daha rahat hərəkət edə biləcək. İndiki halda Avropanın Rusiyadan 65%-lik enerji asılılığı var. Bu çərçivədə Suriya və Ukrayna hadisələrinin kilidi Azərbaycanda açıla bilər.
Dağlıq Qarabağ üzərindən oynanılan oyun
Rusiyanı pas vəziyyətə salmaq istəyən Qərb tezliklə Dağlıq Qarabağ münaqişəsində həllə nail olmaq istəyir. Qərb qarşısında boş dayanmaq istəməyən Rusiya cəbhə xəttində gərginlik yaratmaqla prosesləri bir qədər də uzatmağı qarşısına məqsəd qoyub. Yəni ki, cəbhə xəttində baş verən gərginlikdə Rusiyanın təsiri var. Gürcüstandan sonra Dağlıq Qarabağ münaqişəsinin həllində qismən Azərbaycanın lehinə qərar verməyə çalışan Qərbin bu hərəkətləri Moskva tərəfindən aqressivliklə qarşılanır. Həll prosesində əhəmiyyətli pay sahibi olan Rusiya üçün Cənubi Qafaqazda vəziyyəti gərginləşdirmək asan məsələdir. Azərbaycana məxsus Dağlıq Qarabağ və ətraf ərazilərinin işğalında aktiv iştirak etmiş Rusiya eyni zamanda Ermənistanı tamamilə nəzarətdə saxlayır. İŞİD məsələsində Yaxın Şərqdə İranla qismən əməkdaşlığa nail olan ABŞ Dağlıq Qarabağ münaqişəsini həll etməklə Cənubi Qafqazda əhəmiyyətli mövqe əldə edəcəkdi. Bu regionda Rusiyaya əhəmiyyətli zərbə vura bilərdi. Moskvanın Vaşinqtonun münaqişənin həlli prosesində təktərəfli vasitəçi olmaq istəyinə icazə verməyəcəyi əvvəlcədən bəlli idi. Yəni ki, qlobal güclər Dağlıq Qarabağ münaqişəsi üzərindən öz maraqlarını həyata keçirməyə çalışırlar.
Baş verən hadisələrdə Azərbaycanın mövqeyi
Dağlıq Qarabağ üzərindən oynanılan geosiyasi müharibə həll prosesini uzadır. Keçən illər ərzində Dağlıq Qarabağın Ermənistan tərəfindən "müstəqil" elan edilməsi, lakin parlamentin işğal bölgəsini "dövlət" kimi tanımaması da siyasi oyunun tərkib hissəsidir. Gürcüstan və Ermənistanla müqayisədə Azərbaycanı tərəfinə çəkməyin mümkünsüzlüyünü başa düşən Rusiya Dağlıq Qarabağın "müstəqil dövlət" kimi tanınmasında maraqlı deyil. SSRİ xaosunun səngiməsindən sonra yeni imperialist layihələrinə start verəcəyini başa düşən Moskva gələcəkdə münaqişədən Azərbaycanın əleyhinə istifadə edəcəkdi. Ona görə də təsir altında saxladığı Ermənistana Dağlıq Qarabağı "müstəqil dövlət" kimi tanımaq əmri vermir. İndiki mərhələdə də cəbhə xəttində baş verən gərginlik Rusiya tərəfindən Azərbaycan və problemə daha yaxın dayanmış Qərbə siqnaldır. Ermənistan tərəfindən cəbhə xəttində baş verən son hadisələrlə bağlı yaydığı təxribat məlumatları da buna xidmət edir. Kreml daha çox regionda təzyiqləri yüksəltməklə ABŞ və Avropa İttifaqını proseslərdən kənarda saxlamağa çalışır. Rusiyanın siyasi rəhbərliyi ABŞ-ı münaqişənin həllində kənar tutmaqla, müzakirələri təktərəfli şəkildə Azərbaycanla aparmaq niyyətindədir. Bu baş tutacağı halda müəyyən güzəştlər müqabilində Azərbaycanı Avrasiya İttifaqında görməyin daha asan olacağını düşünür. Qarışıq Yaxın Şərq hadisələrində çaşqın vəziyyətə düşmüş Qərb Rusiyanın bu planlarının qurbanı olmaq niyyətində deyil. Nəticədə isə münaqişənin həlli uzanır. Azərbaycan isə həll prosesində nə Rusiya, nə də Qərblə hesablaşmır. Yalnız öz şərtlərini irəli sürür: İşğal altında olan ərazilər geri qaytarılmalıdır.
Mənsur Rəğbətoğlu