Biz səninləyik, Azərbaycan əsgəri!

Artıq bir həftədən çoxdur ki, cəbhədə vəziyyət gərgin olaraq qalır. Hər gün atışma, hər gün hadisə. Artıq 14 şəhid vermişik, ermənilərinsə çoxsaylı hərbçisini məhv etmişik. Demək olar ki, Azərbaycan Ordusunun igid əsgərləri qisası 6 qat artıq alıblar. Bu belə də olmalıdır. Azərbaycan Ordusu nəyə qadir olduğunu sübut etməli idi. Erməni təxribatçılarına cavab olaraq Azərbaycan əsgəri layiqli cavab verdi. Düşmən susduruldu, geri çəkildi. İndi Azərbaycan Ordusu dayanmaq istəmir. 25 il səbr edən Azərbaycan əsgərinin artıq səbr kasası dolub. Azərbaycan əsgərlərinə arxa cəbhədən dəstəklər səngimir. Artıq yüzlərlə Azərbaycan vətəndaşı könüllü olaraq cəbhə bölgəsinə döyüşə göndərilmək üçün Müdafiə Nazirliyinə müraciət edib. Ən əsası isə, Ali Baş Komandan, Azərbaycan prezidenti İlham Əliyev də avqustun 6-da cəbhə bölgəsinə səfər etdi, ermənilərlə təmas xəttində oldu, əsgərlərə baş çəkib onların durumu ilə şəxsən maraqlandı. Bu Azərbaycan əsgərinə ən böyük dəstək idi. Ali Baş Komandanın ön cəbhədə əsgərlərin yanında olması Azərbaycan əsgərində birə-beş ruh yüksəkliyi yaratdı. Bu Ali Baş Komandanın Azərbaycan əsgərinin həmişə yanında olması, arxasında durmasına daha bir sübut idi. Cənab prezident bir daha sübut etdi ki, hər bir vətəndaşın, hər bir qulluqçunun prezidentidir və o hər bir Azərbaycan vətəndaşına hər an arxa-dayaqdır. Belə bir vəziyyətdə isə inanmıram ki, hansısa əsgər döyüşmək istəməsin. Digər tərəfdən, Azərbaycanın müdafiə naziri Zakir Həsənov da cəbhə bölgəsində vəziyyəti nəzarətdə saxlayır. Cənab nazir hətta həmin vaxtdan cəbhə bölgəsində gecələyir. Və bu da əsgərlərə ruh yüksəkliyi verən daha bir müsbət haldır. Bəli, Azərbaycan yenə şəhid verdi. Amma... bunu Azərbaycanın zəifliyi kimi qələmə vermək olmaz. Əgər müharibə varsa, Azərbaycanın şəhid verməsi təbiidir. Torpağının bir hissəsi işğalda olan, 1 milyondan artıq qaçqın və məcburi köçkünü olan bir ölkə şəhid də verməyə hər an hazır olmalıdır. Çünki, vətəni vətəndaş qorumalıdır. Vətəni işğaldan vətəndaş azad etməlidir, əcnəbi yox. Bu vətəni, bu torpağı, üzərində gəzən, yaşayan şəxs müdafiə etməlidir, heç nədən qorxmadan, çəkinmədən. Hətta şəhid olmaq. Şəhid olmaq hər adama nəsib deyil. Bu çox böyük bir şərəfdir Azərbaycan əsgəri üçün. Allah bizlərə də qismət etsin ki, bizə də "Şəhid adın mübarək" desinlər. Bundan gözəl şərəf, bundan gözəl ad yoxdur. Bu ad ən uca bir yüksəklikdir. Və bu gün Azərbaycan əsgəri bu şərəfli adı daşıyır. Baxın, Azərbaycan əsgəri heç nədən çəkinmədən sərhəddə sipər çəkib sinəsini. Vətənpərvər Azərbaycan övladları bu gün səfərbərliyə hazır olduğunu, vətən üçün canından keçməyə qadir olduğunu sübut edir. Hərbi xidmətini başa vuran və ehtiyatda olan yüzlərlə Azərbaycan vətəndaşının Müdafiə Nazirliyinə könüllü müraciəti bir daha buna təsdiqdir. Düzdü, bəzi şəxslər bu prosesi ictimaiyyətə başqa cür çatdırmaq istəyir və bu məqsədlə panikalar da yayırlar. Hətta "Camaatın balasını qırdırırlar", "Varlı balaları kefdədi, kasıb balaları qırılır" kimi ifadə işlədib insanları qorxutmaq istəyənlər də aramızda var. Amma, Azərbaycan xalqı bu şəxslərin kim olduğunu anlayır, onların sayıqlamalarına qulaq asmaq belə istəmirlər. Mən bir məsələni başa düşə bilmirəm. Bu şəxslər deyirlər ki, varlı övladları davaya getməsə, o da getməyəcək. Həmin şəxslər bu fikrin məntiqini düşünüb danışır, yoxsa elə ağzı boş qalmasın deyə? Vətən hər kəs üçün ayrı-ayrılıqda vətəndir. Vətən anadır. Təsadüfi deyil ki, bu gün hamı vətən anlayışını Ana Vətən kimi qəbul edir. Bu tək mənim fikrim deyil, elə həmin panikapərəst şəxslərin də dialektində var. Onlar da Ana Vətən, Doğma Vətən deyirlər. Əgər vətənini anan kimi sevirsənsə, niyə başqaları ilə bəhs edirsən? Bax bu sualı həmin şəxslərə vermək lazımdır. Sən ananı kiməsə baxıb müdafiə edirsən? Varlı, imkanlı şəxs anasını, ailəsini qorumursa, sən də qorumayacaqsan? Bu düşük məntiq bəzilərinin dilinə necə düşüb bilmirəm. Vətənini anası kimi sevən şəxs torpağını anasının, ailəsinin namusu kimi qorumalıdır. Daha kiməsə baxıb o ailəsini qoruduğu kimi deyil. Bu gün ön cəbhədə keşik çəkən bütün Azərbaycan əsgəri bu amalla xidmət edir. Çünki onlar heç kimlə bəhs etmir, heç kimin hansısa hərəkətindən ibrət götürməyə çalışmır. Azərbaycan əsgərinin bir amalı var, düşmənin gözünə dik baxmaq, anasını, ailəsini, vətənini gözbəbəyi kimi qorumaq. Bu ideyalarla yaşayan Azərbaycan əsgəri daim qələbə çalacaq və hər bir vətənpərvər Azərbaycan vətəndaşından dəstək alacaq. Bəzi araqarışdıran və düşmən dəyirmanına əməlli-başlı su tökməyə çalışan şəxslərdən başqa. Onlar həmin şəxslərdir ki, onlara müharibə sərf etmir, Onlar daim köləlikdə, utanc vəziyyətində yaşamağa vərdiş edənlərdir, riyakarlardır. Onların iç üzünün açılması onlara sərf etmir və buna görə də həmin şəxslər bu cür panikalarla ictimaiyyətdə çaşqınlıq yaratmaq istəyir. Həmin şəxslər Azərbaycanın 90-ci illərin əvvəlindəki vəziyyətindən sui-istifadə edib vətən anlayışını biznes anlayışı ilə səhv salanlar və bundan "qazananlardır". Əlbəttə ki, onlar özlüyündə  qazandıqlarını zənn edirlər. Vaxtilə yeməyə çörək tapmayanlar qarışıqlıqdan istifadə edib oğurluqla qarınlarını doydurub var-dövlət toplayanlar indi həmin var-dövlətlərinin əllərindən çıxacağından ehtiyatlanıb bu cür düşük fikirlərlə ara qarışdırmaq, insanlarda vətənpərvərlik hissini öldürmək istəyir. Amma, bacarmırlar. Çünki, artıq Azərbaycan keçid dövrünü arxada qoyub və geriyə baxmaq niyyətində də deyil. İndi Azərbaycan güclü, qüdrətli dövlətdir və öz gücünü nəinki səfalət içində yaşayan Ermənistana, hətta bütün dünyaya göstərməyə qadirdir. Qüdrətli Azərbaycanın qüdrətli Ordusu var və Azərbaycan ictimaiyyəti də bu orduya inanır . Bu gün Azərbaycan Ordusunun kifayət qədər gücə qadir olduğunu Ermənistan çox yaxşı anlayır. Elə buna görə də qorxuya düşüb, Azərbaycanın gücündən ehtiyatlanıb digər hegemon dövlətlərdən yardım istəyib, onların qanadı altına sığınmaq istəyir. Amma, deyəsən, bu dəfə bu baş tutmacaq. Artıq əksər dövlətlər, hətta dünya siyasətini idarə etmək qabiliyyətinə malik ölkələr də Azərbaycanın haqlı siyasətini dəstəkləməyə başlayıb. Bu gün bütün ölkələr bilirlər ki, Azərbaycan öz torpaqlarını istənilən an işğaldan azad etməyə qadirdir və azad edəcək. Bunu dərk edən Ermənistan da dalana dirəndiyini hiss edib ora-bura əl atmaq siyasəti yürüdür. Və sonda yenə də üzümü həmin qorxaq və yaltaqlara tutub demək istəyirəm ki, susun! Artıq sizin danışmağa haqqınız yoxdur. Elə həmin şəxslərin başlarının özlərinə, var-dövlət başlarının qarışmasından istifadə edən ermənilər Azərbaycan torpaqlarına hücum etdi və 20 faiz ərazimizi işğalladı. Bu məhz həmin biznespərəstlərin, torpaq alverçilərinin nəfsindən baş verdi. Nəticədə Azərbaycan torpaqları 25 ildir ki düşmən tapdağında, minlərlə Azərbaycan vətəndaşı, qız-gəlinlər  düşmən əsirliyindədir. Düşünün və utanın, heç olmasa danışmayın. Nə də olsanız axı siz də Azərbaycan vətəndaşlarısınız. Milliyətinizə, xislətinizə bələd olmasam da Azərbaycan çörəyi yediyinizə əminəm. Heç olmasa elə edin ki, yediyiniz çörək burnunuzdan gəlməsin. Amma, bu gedişlə gələcək və mən buna əminəm. Heç nəyə, heç kimə fikir verməyən Azərbaycan əsgərinin isə qeyrətinə qurban. İrəli Azərbaycan əsgəri! Nə qədər ki Azərbaycan torpaqları işğal altındadır, nə qədər ki, qız-gəlinlərimiz düşmən əsirliyindədir, ata-babalarımızın məzarlarına gedə bilmirik, bu ölkədə heç nə bizə halal deyil. Biz torpaqlarımızı azad edəndən, qız-gəlinlərimizi əsirlikdən qurtarandan sonra başımızı dik tuta bilərik. Çalışaq bunu edək və başımızı dik tutaq. Bunun üçün əlimizdən gələni etməli, hər birimiz silaha sarılmalıyıq. Ön cəbhədəki Azərbaycan igidləri, biz həmişə sizinləyik, hər an sizinlə çiyin-çiyinəyik. 

Samir
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00