Ali Baş Komandanın əmrində doqquz milyon əsgər var…
7 Avqust 2014 10:13 SiyasətAvqustun ilk günü Azərbaycan üçün matəm gününə çevrildi. 8 Şəhid... Və qəfil hücumun eyforiyasına qapılmış quduz düşmənin arasıkəsilməyən hucumları...
Şəhidlərin sayı 13 oldu...
Adətən yay mövsümü və xüsusən də məzuniyyət ayı kimi xarekterizə edilən avqust ayı öz solğun gündəmi ilə yadda qalır. Bu avqust isə fərqli oldu. Azərbaycan şəhidləri üçün göz yaşı tökdü, şəhidlərinə rəhmət dilədi və 13 övladını torpağa əmanət etdi... Amma qəti olaraq Azərbaycan cəmiyyətinin mənəvi-psixoloji durumunda qorxu və ya hansısa bir gərginlik müşahidə olunmadı.
90-cı illərdə hər dəfə top səsi eşidiləndə insanlar ümidsizcə bir - birinin üzünə baxırdılar. Erməni terrorçuları hər dəqiqə hücüm edib qırğın törədə bilərdi. Törətdilər də...
O zamanlar niyə canımızı və torpağımızı qoruya bilmədik?
Çünki dövlətimiz yox idi, ordumuz yox idi, azdan-çoxdan varlığı hiss olunan müvafiq strukturlar arasında əlaqə yox idi, özünü müdafiə batalyonları hərbi vərdişlərə yiyələnməmişdi. Və ən əsası təsəvvürümüzdə erməni adlı düşmən obrazı yox idi...
Vaxti ilə mövcud olmuş milli dövləti məhv edənlər, əsl düşmənin də kimliyini unutdurub onun yerinə qondarma düşmən mifləri yaratmışdılar...
Vaxti ilə bu haqda yazmışdım. Münaqişə yeni başlayanda (elə əvvəllər də) ermeni niyə öldürdüyünü bilirdi. O, illərdən bəri içində qalanmış Türk kinini, nifrətini qusurdu - amma azərbaycanlı niyə öldürüldüyünü bilmədən gözlərində sual işarəsi ilə can verirdi...
Bu bir həqiqətdir ki, ermənilər işğal etdikləri hər Azərbaycan kəndi üçün qanlı döyüşlər aparmayıblar... Silahsız, əliyalın, öz gücsüzlüyünün fərqində olan və haqlı olaraq vahiməyə qapılmış dinc azərbaycanlının canını götürüb qaçmaqdan başqa çarəsi yox idi. Boş kəndləri işğal etmək üçün isə heç də hərbi düha olmaq gərəkmirdi...
İndi isə durum fərqlidir...
Əgər təmas xəttinə sıfır məsafədə yerləşən kənd erməni terroruna məhəl qoymadan toy edirsə, bu Azərbaycan xalqının öz dövlətinə olan inamından və dövlətin qüdrətindən xəbər verir. Ümumiyyətlə belə demək mümkündürsə, xalqın dövlətə inamı ilə dövlətin gücü düz mütənasibdir...
Əgər xalqın dövlətə inamı sarsılmazdırsa, deməli, dövlətin də qüdrəti sonsuzdur...
Birmənalı olaraq deyə bilərik erməni terrorçuların qəfil və namərdcə hücüm edib əsgərlərimizi şəhid etməsi nəinki ölkə ərazisində təşvişə səbəb oldu, hətta bumeranq effekti yaratdı. Hal-hazırda bütün Azərbaycan böyükdən kiçıyə səfərbər olmuş vəziyyətdədirlər...
İstər şəhid valideynlərinin göstərdiyi mətanət, istər əlaqədar dövlət qurumlarının məsləyə son dərəcə həssas yanaşması, istərsə də Azərbaycan cəmiyyətinin sərgilədiyi milli iradə bizə bunu deməyə əsas verir ki, Qarabağ məsələsində xalqın və dövlətin vəhdəti, birliyi tam şəkildə təmin edilib...
Birlikdən isə güc doğar...
Biz bunu Böyük Vətən müharbəsində də gördük...
Ali Baş Komandan Cənab İlham Əliyevin əmrində doqquz milyon əsgər var indi...
Ermənistan da bunun fərqindədir. Azərbaycanın istər hərbi, istər iqtisadi, istərsə də geopolitik baxımından günü-gündən yüksələn xətt üzrə inkişaf etməsi, öz ölkəsinə və hökümətinə nifrət edən nimdaş geyimli erməninin fonunda firavan və vətənpərvər Azərbaycanlının get - gedə böyüyən siuleti Ermənistandakı mövcud iqtidarın hədsiz aqresiyasına səbəb olur ki, bunun təzahürlərini cəbhə xəttində görürük...
Fikrimcə, ermənilər bu qəfil hücümla son kartlarını oynadılar və bu son gediş də uğursuzluqla nəticələndi. Azərbaycan Respublikası Prezdent Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov mətbuata verdiyi müsahibəsində bu haqda öz fikrini belə ifadə edir "Erməni işğalçıları əmin oldular ki, onların qarşısında 1990-cı illərin əvvələrində olduğu kimi pərakəndə hərbi dəstələr deyil, peşəkar, ən müasir silahlarla təhciz olunmuş döyüşkən nizami ordu dayanıb. Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusudur və qarşısına qoyulmuş istənilən vəzifəni icra etmək gücündədir".
Vəzifə isə heç kimə sirr deyil...
Silahlı Qüvvələrimizin qarşısına qoyulmuş birinci vəzifə Qarabağı azad etməkdir. Cəbhədə baş verən son hadisələr də onu göstərdi ki, Silahlı Qüvvələrimiz Qarabağı geri qaytarmağa, doğma torpaqlarımızı işğalçılardan təmizləməyə hazırdır...
Kim bilir bəlkə də "Böyük təmizlik" başlamaq üzrədir...
Qələbə gününə qədər hamımız əsgərik...
Gözümüz iti, atışımız sərrast, mərmimiz bol olsun...
Bəhruz Həsənli
AZADİNFORM