Prezident İlham Əliyev cəbhədə operativ müşavirə keçirdi

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev avqustun 6-da cəbhə bölgəsinə səfər edib.  Dövlət başçısı Ağdam rayonunun müvəqqəti inzibati mərkəzi olan Quzanlı qəsəbəsinə gəlib, yerli sakinlərlə görüşüb.  Ali Baş Komandan ön xəttə də gedib, cəbhədəki vəziyyətlə tanış olub, hərbçilərlə görüşüb. Hərbçilər qarşısında çıxış edən prezident ermənilərin son günlər həyata keçirdikləri intensiv hücumların qarşısının alınmasında Azərbaycan əsgərinin şücaət göstərdiyini, düşmənə layiqli cavab verdiyini vurğulayıb, torpaqlarımızın işğaldan azad ediləcəyi günün uzaqda olmadığını qeyd edib.    Dövlət başçısı Ağdam rayonuna səfəri zamanı Ağdamdakı "N" saylı hərbi hissədə olub. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Ali Baş Komandanı İ. Əliyevə raport verib. Nazir yaranmış hərbi şərait barədə dövlət başçısına məlumat verib. Sonra prezident xidmətdə fərqlənən bir qrup hərbçiyə xatirə hədiyyələri təqdim edib. Daha sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İ. Əliyevin iştirakı ilə operativ müşavirə keçirilib. Dövlət başçısına cəbhə xəttində ümumi vəziyyətlə bağlı məruzə edilib.  Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müvafiq tapşırıqlarını verib.  Azərbaycan prezidenti Ağdam rayonunda 632 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbənin açılışında da iştirak edib. Prezidentə məlumat verən baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, 70 hektar sahəni əhatə edən yeni qəsəbədə 632 ev, 440 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası tikilib. Dövlət başçısı Ağdam rayonundan məcburi köçkün Bəsti Allahverdiyevanın ailəsinə ayrılmış mənzildə yaradılan şəraitlə maraqlanıb. Sonra prezident qəsəbədəki 50 çarpayılıq uşaq bağçası və yeni inşa edilmiş 440 şagird yerlik məktəb binası ilə tanış olub. Sonra dövlət başçısı Ağdam rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Prezident İ. Əliyev görüşdə çıxış edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00