Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İB prezidentə müraciət etdi
6 Avqust 2014 17:34 SiyasətQarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi son günlər cəbhə bölgəsində baş verən vəziyyətlə bağlı president İlham Əliyevə müraciət edib. Bu barədə "OLAYLAR"a təşkilatın mətbuat xidmətindən məlumat verilib. Müraciətdə bildirilir: Beynəlxalq təşkilatlar hər iki tərəfi sülhə çağırsa da Ermənistan dövləti təcavüzkar kimi yenə də kənarda qalır və ittiham olunmur. Bu, əlbəttə, təəssüf doğurur və bizdə beynəlxalq təşkilatlara qarşı imamsızlıq yaradır. Necə olur ki, Rusiya Ukrayna hadisələrinə görə ciddi sanksiyalara məruz qalır və dünyanın aparıcı dövlətləri bu sanksiyaları Rusiyaya qarşı tətbiq edir, ancaq 20 ildən artıq bir müddətdə Azərbaycanın torpaqlarını işğal altında saxlayan və BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal edilmiş torpaqlarından qeyd-şərtsiz boşaldılması ilə bağlı qəbul etdiyi dörd qətnamə icra olunmadan yalnız kağız üzərində qalır, dünya ictimaiyyəti bütün bunlara göz yumur, Ermənistana qarşı sanksiyalar tətbiq edilmir. Deməli, dünyada ikili standartlar var və son hadisələr də bu ikili standartlarda zərrə qədər müsbət dəyişikliyin olmadığını göstərir.
Bütün bunların nəticəsi olaraq işğalçı Ermənistan rəhbərliyi təcavüzkar siyasətindən əl çəkməyərək münaqişənin həllində qeyri-konstruktiv mövqe nümayiş etdirir. Ermənistan Silahlı Qüvvələrinin bölmələri isə Azərbaycan Ordusunun mövqelərini və cəbhə boyu yaşayış məntəqələrini atəşə tutmaqda davam edir. Son vaxtlar cəbhə xəttinə yaxın kəndlərin atəşinə məruz qalma halları intensivləşməsi orada yaşayan dinc sakinlərə təsərrüfat işləri ilə məşğul olmağa imkan vermir, dəfələrlə qadın və uşaqların yaralanmasına hətta onların həlak olmasına səbəb olur.
Müraciətdə qeyd olunub ki, son hadisələrdə Azərbaycan Ordusu özünün güclü, sarsılmaz bir qüvvə olduğunu bir daha nümayiş etdirib. Bu Ermənistan üçün ciddi dərs olmalıdır. Əgər Ermənistan bundan düzgün nəticə çıxartmasa Ordumuz tərəfindən daha ağır zərbələr alacağına qətiyyən şübhə yoxdur: "Cənab Ali Baş Komandan! Biz, müharibənin ağrı-acılı nəticələrini yaşamış, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin üzvləri əsgəriniz olaraq sizin ətrafınızda sıx birləşməklə yanaşı hər zaman əlimizdə silah, döyüşdə əldə etdiyimiz təcrübələrdən istifadə etməklə Vətənimizin müdafiəsində durmağa hazır olduğumuzu qürurla bəyan edirik".