Radikal müxalifət əsl sifətini yenə gizlətmədi
Azərbaycan ərazilərinin işğalı prosesi AXCP-Müsavat tandeminin hakimiyyətdə olduğu dönəmə təsadüf edir
6 Avqust 2014 15:31 SiyasətCəbhədə baş verən proseslər müxalifətin özünü göstərməsi üçün növbəti sınaq oldu. Əks cəbhə bu dəfə də cəmiyyətə göstəriləcək ən pis nümunə idi. Azərbaycanın iqtisadi inkişafına və beynəlxalq imicinin yüksəlməsində mühüm rol oynayan bir sıra əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsinə qısqanclıqla yanaşan müxalifət, bir daha ümummilli məsələlərə o qədər önəm vermədiyini nümayiş etdirdi. Xüsusilə AXCP-ın qara siması lap qaralmışdı. Cəbhəçilər üçün Ermənistan-Azərbaycan təmas xəttində baş verən hadisələrə görə, cəmiyyətin vətənpərvərlik libasına bürünməsi yaltaqlıqdır. AXCP funksionerləri cəbhədə vəziyyət gərginləşəndən arı mürəbbəyə daraşan kimi sosial şəbəkələrdə aktivləşiblər. Etdiyi paylaşımlardan belə məlum olur ki, AXCP üçün "demokratiya meyarı" cəbhəçi olub Azərbaycanı qaralamaqdan keçir. Son günlərin əsas müzakirə mövzusu cəbhə xəbərləri olduğu vaxt, AXCP sədrinin müavini Razi Nurullayevin Vətənə xəyanətdə ittiham olunan Leyla Yunusun həbsini Əli Kərimlinin arqumentlərilə ingilis dilinə çevirib "Facebook"da paylaşması yerinə düşmədi. Azərbaycanın daxili işini qloballaşdırmaq onsuz da cəbhəçilərin köhnə adətidir. Lakin ən azından indiki vaxtda Nurullayev cəbhə xəbərləri üçün də belə bir şey edə bilərdi. Ermənistanı beynəlxalq qınağın hədəfinə çevirmək üçün yaxşı fürsət yaranıb. Görünür ki, ölkənin daxili işini Avropa və Amerikadan olan "Facebook" dostlarına ingilis dilində çatdırmaq Razi Nurullayev, Fuad Qəhrəmanlı və Natiq Ədilov kimi cəbhəçilər üçün ümummili məsələlərdən daha sərfəlidir. Hakimiyyətə gəlmək hərisliyi sədri Əli Kərimli kimi partiyanın bütün nümayəndələrinin də gözlərinə pərdə asıb. Görmürlər! Dağlıq Qarabağ münaqişəsinin həllində dünyanın əsas güc strukturları, Azərbaycanın siyasi rəhbərliyi və cəmiyyət nümayəndələrinin bir yerə cəm olduğu vaxt, cəbhəçilərin Leyla Yunus, Arif Yunusov və seks videosunun ortaya çıxmasından sonra skandala imza atan AXCP fəalı Kəmalə Bənəniyarlıya dəstək kampaniyasını başlatması cılız görünür. Bu Vətənə xəyanətdir. Leyla-Arif cütlüyü Vətənə xəyanət edib, Kəmalə Bənəniyarlı cinsi ehtiyaclarını qarşılayıb və belə bir arqumentlərin ortada olduğunu bilə-bilə ümummilli məsələləri kənara atıb onlara dəstək verməsilə müxalifət növbəti dəfə öz əsl simasını göstərdi.
İşğalda əsas məsuliyyəti kim daşıyır?
Həssas məqamda müxalifət daxilində baş verən proseslər çox maraqlıdır. Müsavat, ACP, ALP, KXCP kimi partiyalar qismən ümummilli problemlərin yanında olduqlarını nümayiş etdirdilər. Amma "EL" Hərəkatı, Milli Şura və AXCP yayılan cəbhə xəbərlərinə vecsizlik simalarını göstərdilər. Bura qədər onları başda düşmək olardı ki, müxalifətdir, hakimiyyətə qarşı çıxmalıdırlar. İqtidarı olan ölkənin müxalifətinin olması da normaldır. Amma hər şeyə, onun içərisindəki bir ölkənin tale əhəmiyyətli məsələlərə qarşı çıxmaq abırsızlıqdır. Milli Şura, "EL" Hərəkatı hadisələrlə əlaqədar bəyanat səsləndirmədilər. Əksinə toplantı keçirib Cəmil Həsənli və Əli Kərimlinin yuxu yozmalarına qulaq asdılar. Lakin radikal müxalifət Ermənistanın işğalı məsələsində daha həssas olmalıdır. Çünki Azərbaycan ərazilərinin işğalı prosesi AXCP-Müsavat tandeminin hakimiyyətdə olduğu dönəmə təsadüf edir. Digər tərəfdən həmin dönəmdə Azərbaycan siyasətində yaranmış hərcmərclik ölkənin parçalanmasına yol açmışdı. Bu gün cəbhədə Azərbaycan əsgərlərinin şəhid olmasında əsas məsuliyyəti müxalifət daşıyır. Bu gün Azərbaycanın ərazisi 80%-dirsə, bu radikal müxalifətin günahıdır. Ona görə də bu günki susqunluğu və taleyüklü məsələ üzərindən anti-demokratik çıxışı qəbuledilməzdir. Torpaqların azadlığı üçün vətənpərvərlik hisslərinə siyasi donun geyindirilməsi demokratiya yox, əxlaqsızlıqdır.
Hüqo və onların Vətən anlayışı
Fransız yazıçı Viktor Hüqo deyirdi ki, vətəni rüsvay etmək, ona xəyanət etmək deməkdir, əxlaqsızlıqdır. AXCP, Milli Şura, "EL" Hərəkatı kimi siyasi qüvvələr, Seymur Baycan, Günel Mövlud, Əli Əkbər kimilər gündəmdə qalmaq üçün bütün fəaliyyətlərini xalqı təhqir etmək modeli üzərində qurublar. Əsərlərində öz baş qəhrəmanını təhqir edən Çarlz Bukovskini özlərinə ölçü meyarı götürmüş Günel Mövlud, Seymur Baycan və Əli Əkbərə ancaq tərbiyəsizlik etmək yaraşar. Onların ən sevdiyi digər yazıçı Russo isə deyirdi ki, ümumiyyətlə, az bilən insanlar çox bilənlərdən daha çox danışırlar. Duqlas Adam Noelsə görə, kimdə nə yoxdursa, həmişə ondan danışır. Əli Əkbər və Seymur Baycan da əxlaqdan daha çox danışırlar. Fransız cəmiyyəti üçün vətənpərvərlik rəmzi kimi qəbul edilmiş Viktor Hüqo nöqteyi-nəzərindən onlar əxlaqsızdırlar. Başqa sözlə, bəzi müxalif qüvvələrin demokratiya anlayışı əxlaqsızlıqdan o tərəfə keçmir. Etibar Hüseynov demiş, sitatın sonu!
Ömər Zamin