“Azərbaycanı Ermənistanla eyniləşdirmək beynəlxalq hüquq normalarına tüpürməkdir”

Qabil Hüseynli: “Ukraynadakı təkcə seperatizm hadisəsidir, amma bu məsələdə həm seperatçılıq, həm də işğalçılıq var”

Politoloq Qabil Hüseynli beynəlxalq qurumların və xarici dövlətlərin təmas xəttində baş verən proseslərə görə, Ermənistan və Azərbayacana qarşı eyni münasibəti sərgilməsinə şərh verib. Q.Hüseynli bildirib ki, Azərbaycan həmişə beynəlxalq qurumların və bir sıra dövlətlərin ikili standartlarından əziyyət çəkir. Politoloq qeyd edib ki, Ermənistan həmişə xristian mənşəli dövlətlər tərəfindən müdafiə edilir. Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini deyən Qabil Hüseynlinin sözlərinə görə, o yaxın günlərdə yenidən Azərbaycana təcavüz edir. Azərbaycanın digər ərazilərini işğal etmək xəyalına düşüb: "Münaqişənin anatomiyasını bilən qüvvələr Minsk Qrupuna konkret tapşırıqlar vermək əvəzinə tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırır. Yəni ki, Azərbaycan işğalçı Ermənistanla bərabərləşdirilir. Üstəgəl Ermənistanın Azərbaycana qarşı yeni ərazi iddiaları qulaqardına vurulur. Ermənistan da bu dəstəyi, Ali baş komandan və müdafiə nazirinin olmamasından istifadə edərək, öz qoşunlarını Tərtər və Ağdam istiqamətindən Azərbaycanın digər ərazilərinə yeritmək istəyir. Lakin ermənilərin təxribat cəhdlərinin qarşısı Azərbaycan ordusu tərəfindən layiqincə alındı. Ordumuz bu və digər istiqamətlərdə möhkəm dayanıblar. Dünya ictimaiyyəti rus seperatçılarının Ukraynadakı fəaliyyətini pislədiyi halda, Ermənistanın Azərbaycana qarşı aqressiv seperatizminə münasibət bildirmir. Ukraynadakı təkcə seperatizm hadisəsidir, amma bu məsələdə həm seperatçılıq, həm də işğalçılıq var. Bu vəziyyətdə Ermənistanla Azərbaycanı eyni tərəzinin gözünə qoymaq həyasızlıqdır. Münaqişədə hansı tərəfin məsuliyyət daşığını hamı bilir. Ermənistanı konstruktivliyə və işğal etdiyi ərazilərdən çıxmağa çağırmaq əvəzinə, hər iki ölkəyə eyni çəkili çağırışlar etmək, beynəlxalq hüquq normalarına tüpürmək deməkdir. Bu cür bəyanatlar münaqişəni daha da qızışdırmaq niyyətindən irəli gəlir. Məsələn, postsovet məkanında baş verən iki müxtəlif hadisəyə beynəlxalq ictimaiyyət fərqli münasibət sərgiləyir. Bu ədalətsizlikdir, işğala haqq qazandırmaqdır". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00