Millət vəkili: “Cənab Pan Gi Mun belə bir çağırışdansa, işğalçılardan Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirmələrini tələb etməlidir”
6 Avqust 2014 14:54 SiyasətMillət vəkili Sahib Alıyev BMT-nin baş katibi Pan Gi Munun Ermənistan-Azərbaycan təmas xəttində baş verən hadisələrlə bağlı səsləndirdiyi bəyanatına münasibət bildirib. Erməni hərbiçilərinin cəbhə xəttində növbəti təxribatlarından sonra yaranan gərginliklə bağlı BMT baş katibi Pan Gi Mundan da reaksiya gəldiyini deyən S.Alıyev qeyd edib ki, o da həmsədrlər kimi tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırır: "Əgər buradakı vəziyyətdən BMT baş katibi doğrudan da narahatdırsa və başında durduğu qurumun imici haqda fikirləşirsə, onda cənab Pan Gi Mun belə bir çağırışdansa işğalçılardan Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirmələrini tələb etməlidir. Amma çox təəssüf ki, nə o, nə də üzərlərinə vasitəçilik missiyası götürən dövlətlərin (onlar həm də qətnaməsi kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının üzvləridir) təmsilçiləri belə bir tələb irəli sürmür və torpağı qəsb edilənlə qəsbkar arasında fərq qoymayarq "tərəflər" termini işlədirlər. Bununla da "Dağlıq Qarabağ problemi ancaq sülh yolu ilə həll edilə bilər" deyənlər əslində hər ötən gün savaşı bir az da yaxınlaşdırırlar". ("OLAYLAR" İA)