Ermənistanın “qudurmuş köpək” siması
Hadisələr başlamamışdan qabaq Gümrüdə Rusiya və Ermənistan silahlı birləşmələrinin hərbi manevrləri keçirilmişdi
5 Avqust 2014 14:16 SiyasətQafqazın ən gərgin regionu olan Ermənistan-Azərbaycan təmas xəttində son günlərdə hərbi hərəkətlilik artıb. Xüsusilə Ağdam və Tərtər istiqamətlərində Ermənistan təxribat qruplarının cəbhə xəttini bir neçə dəfə keçmək cəhdlərinin qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən alınıb. Şiddətli qarşıdurmalarda Ermənistan və Azərbaycan tərəflərinin itkiləri var. Fransa, Rusiya və ABŞ baş verən son hadisələrlə əlaqədar bəyanatlar səsləndirərək, öz narahatlıqlarını bildiriblər.
İrəvanın əsas vəzifəsi
Ermənistanın son günlərdə Azərbaycana qarşı aqressiv hərəkətinin mərkəzində Azərbaycanın yürütdüyü müstəqil xarici siyasət dayanır. Azərbaycanın xüsusilə Avrasiya İttifaqına qoşulmaqda maraqlı görünməməsi Rusiya tərəfindən narahatlıqla qarşılanır. Moskva Azərbaycanı bu qurumda görməkdə israrlıdır. Buna görə də Ermənistan "qudurmuş köpək" simasında Azərbaycan üzərinə göndərilir. Ermənistanın Rusiyanın xarici siyasətindəki əsas vəzifəsi də budur. Lakin işğalçı Ermənistanla eyni qurumda inteqrasiya şəraitində fəaliyyət göstərmək Azərbaycanın siyasi xəttinə uyğun deyil. Bunun üçün əvvəlcə Ermənistan BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsini rəhbər tutaraq Azərbaycanın işğal olunmuş ərazilərindən öz silahlı birləşmələrini geri çəkməlidir. Bu baş verəcəyi halda məsələyə baxmaq mümkün olacaq. Hər halda bundan sonra da Avrasiya İttifaqına qoşulmaq Azərbaycanın dövlət təhlükəsizliyinə təhdid deyilsə, bu baş verəcək. Əlbəttə ki, məsələdə əsas söz sahibi Azərbaycanın siyasi rəhbərliyi və xalqına aiddir.
Gümrü manevrlərindən verilən siqnal
Cəbhə xəttində baş verən son hadisələrin Ukraynada reallaşdırdığı işğalçılıq planlarına görə, Qərbin izoliyativ siyasətilə üzləşən Rusiya ilə əlaqəsi var. Hadisələr başlamamışdan qabaq Gümrüdə Rusiya və Ermənistan silahlı birləşmələrinin hərbi manevrləri keçirilmişdi. Bu hadisələrin başlayacağına siqnal idi. Əslində cəbhə xəttində prosesləri qızışdırmaqda məqsəd ikinci müharibəni başlamaq deyil. Məqsəd regionda Rusiyanın öz varlığını göstərməkdir. Müharibə Moskvanın maraqlarına uyğun deyil. Çünki başlanacaq silahlı qarşıdurma Türkiyəni də buraya cəlb edəcək ki, bu da müharibənin miqyasını xeyli genişləndirə bilər. Ukraynada Malayziya təyyarəsinin vurulmasında əsas məsuliyyət daşıyan tərəf kimi beynəlxalq ictimaiyyətin Rusiyanı hədəf alması Moskvanı daha ehtiyatlı xarici siyasət yürütməyə məcbur edir. Rusiya üçün Ukrayna ilə müqayisədə ən əhəmiyyətli mövqe olan Cənubi Qafqazı itirməkdə maraqlı deyil. Əslində Rusiyanın regionda prosesləri qızışdırmaqda maraqlı edən məqam, Azərbaycanın Avrasiya İqtisadi Birliyindən imtina edib, Avropa İttifaqına üz tutması deyil. Çünki Azərbaycan nə Avropa İttifaqı, nə də Avrasiya İqtisadi Birliyinə üzv olmaq, ya da olmamaq barədə hansısa bəyanat səsləndirməyib. Rəsmi Bakının baş verən proseslərdə yürütdüyü siyasət tamamilə Azərbaycanın milli maraqlarına hesablanıb. Moskva isə israrla Azərbaycanın Avrasiya İttifaqına üzv olması istəyir. Məsələ barədə Bakıya rəsmi təklif göndərilməsə də Moskvanın hərəkətlərində bunu sezmək o qədər də çətin deyil. Bu aspektdə cəbhə xəttində baş verən proseslərin siyasi mənası var.
Mənsur Rəğbətoğlu