Ermənistanın limiti tükənib

Dağlıq Qarabağ kartı da bu ölkəyə kömək edə bilməyəcək

Son bir neçə həftə ərzində Ermənistan tərəfindən atəşkəs rejiminin tez-tez pozulması halları müşahidə olunmaqdadır. Erməni kəşfiyyat-təxribat qrupu cəbhənin müxtəlif istiqamətində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara basqın etməyə cəhd göstərirlər. Demək olar ki, Ermənistan silahlı birləşmələri tərəfindən hər gün atəşkəs rejiminin yüz dəfədən artıq pozulması qeydə alınır. Məlumat üçün qeyd edək ki, atəşkəs rejiminin pozulması demək olar ki, bütün cəbhə boyu baş verir. Son bir neçə gün ərzində isə atəşkəs rejiminin pozulması intensiv xarakter alıb. Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində 15-ə yaxın əsgərimiz şəhid olub. Cəbhə bölgəsində vəziyyətin gərginliyi ATƏT-in Minsk qrupu həmsədrlərini, eləcə də vasitəçi dövlətlərdən olan Rusiya və ABŞ-ı da narahat etməyə başlayıb. Çox təəssüf ki, sözügedən ölkələr baş verənlərlə bağlı quru bəyənat səsləndirməklə işlərini bitmiş hesab edirlər. Vasitəçi dövlətlərin səthi bəyənatları isə Ermənistana atəşkəs rejimini pozmaqda davam etməyə və bu məsələdə Azərbaycanı ittiham etməyə əsas verir. Yeri gəlmişkən qeyd edək ki, atəşkəs rejiminin Ermənistan tərəfindən pozulmasına baxmayaraq bu dövlətin siyasi dairələri tumanlarını başlarına çəkərək baş verənlərdə Azərbaycanı günahlandırmağa şalışırlar. Beynəlxalq aləm isə "oğru elə bağırdı, doğrunun bağrı yarıldı" prinsipindən çıxış edərək hadisələrə loyal münasibət sərgiləməkdə davam edir. Qeyd edək ki, bu arada Azərbaycan Xarici İşlər Nazirliyi təmas xəttində yaranmış təhlükəli vəziyyətlə bağlı bəyənat yayıb. Bəyənatda bildirilir ki, Ermənistan-Azərbaycan təmas xəttində yaranmış təhlükəli vəziyyətlə bağlı məsuliyyət rəsmi İrəvanın üzərinə düşür. "Rəsmi Bakı bəyan edir ki, danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirən, status-kvonun qorunub saxlanmasında maraqlı olan və həmçinin Madrid Sülh Prinsipindən boyun qaçıran işğalçı Ermənistanın qanlı etnik təmizləmə siyasəti həyata keçirməsi və sülh prosesinə xələl gətirən bu cür təxribatçı addımlar atması, bu ölkəyə qarşı beynəlxalq ictimaiyyət tərəfindən ciddi sanksiyaların tətbiq edilməsi üçün əsas verir. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməlidir. Ermənistan tərəfi bunu nə qədər tez dərk etsə, o qədər də tez bir zamanda regionda sülh, sabitlik və müəyyənlik bərpa oluna bilər". Millət vəkili Elman Məmmədov bildirib ki, Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması təsadüfi deyil, məqsədli xarakter daşıyır: "Ermənistan müstəqil dövlət deyil, o, forpostdur. Bu ölkə işğalçılıq siyasətindən əl çəkmək istəmir. Erməni tərəfi təxribatçı hərəkətləri ilə münaqişənin həllindən yayınmağa çalışır. Hazırda bu dövlət iqtisadi və hərbi böhran məngənəsində boğulur". E. Məmmədov bildirib ki, vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk Qrupunun həmsədrləri əməli fəaliyyət göstərmir: "Beynəlxalq müstəvidə Azərbaycana qarşı ikili standartlar davam edir. Ermənistanı dayandırmağın yalnız bir yolu var, bu da Azərbaycan ordusunun onlara layiqli cavabı verəcəyi an olacaq. İşğalçı ölkə Azərbaycan ordusunun gücünü bilir və bundan qorxu hissi keçirir. Biz gec-tez torpaqlarımızı azad edəcəyik". Yurddaş Partiyasının sədri Mais Səfərli bildirib ki, Ermənistan müstəqil yox, xarici qüvvələrin, xüsusən də Rusiyanın təsiri altında olan dövlətdir. Ermənistan tərəfində Azərbaycanla, o cümlədən digər dövlətlərlə münasibətdə nə baş verirsə hamısı Rusiyanın yürütdüyü siyasətlə bağlıdır: "Atəşkəs rejiminin pozulmasında Ermənistanın Azərbaycanı günahlandırmasının isə heş bir əsası yoxdur. Əgər Azərbaycan müharibəyə başlamaq istəsəydi ərazisinin 20 faizi işğal olunmuş bir ölkə kimi çoxdan bu addımı atardı. Azərbaycan nəinki regionda, eləcə də dünyada sülhün bərqərar olmasında öz töhvəsini verən bir dövlətdir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilərkən məhz onun sülhpərvər bir dövlət olması çoxsaylı faktorlardan biri kimi nəzərə alınmışdı. Azərbaycanın davamlı sülh siyasəti yürüdən dövlət olması əsas kimi götürülmüşdü. Bu baxımdan, Azərbaycanı atəşkəs rejiminin pozulmasında ittiham etmək məkrli bir niyyət güdür. Bununla Azərbaycanı gözdən salmaq istəyirlər. İstər uzaq xarici, istərsə də qonşu dövlətlərin içərisində Azərbaycanı istəməyən siyasi dairələr çalışırlar ki, bu və ya digər vasitələrlə təzyiqlər göstərsinlər. Nəzərə almaq lazımdır ki, Azərbaycanın yürütdüyü müstəqil siyasət bir çox dövlətlərin ürəyincə deyil. Məhz həmin dövlətlər Ermənistandan Azərbaycana qarşı bir alət kimi istifadə edirlər". Onun sözələrinə görə, dünya siyasətini müəyyənləşdirən dövlətlərin əksəriyyəti ölkələrlə münasibətdə ikili standartlara üstünlük verirlər: "Əgər belə deyilsə, nəyə görə işğalçı Ermənistana qarşı çıxarılan BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmir və həmin dövlətlər göz yumurlar. Maraqlı məqam ondan ibarətdir ki, həmin qətnamələri qəbul edən Təhlükəsizlik Şurasının üzvləri də eyni mövqe sərgiləyirlər. Amma digər ölkələrə münasibətdə çıxarılan qərarların mürəkkəbi qurumamış icra olunur. İkili standart nümayiş etdirməklə dünyanın siyasətini müəyyən edən ölkələrdən hər biri çalışır ki, Azərbaycanı öz orbitinə cəlb etsin, ölkəmizi də Ermənistan və digər ölkələr kimi idarə etsinlər. Amma məlum olduğu kimi Azərbaycan prezidenti çox iradəli, güclü bir siyasətçidir. Azərbaycan prezidentinin apardığı müstəqil siyasət yalnız və yalnız dövlətin, xalqın maraqlarına hesablanıb. Bu da bir çox dövlətlərdə, siyasi dairələrdə qısqanclıq yaradır və onlar müxtəlif üsullardan Azərbaycana təzyiq vasitəsi kimi istifadə edirlər". Heş şübhəsiz ki, Ermənistan tərəfinin atəşkəs rejimini pozmasında daxili faktorlar da yox deyil. Ekspertlərin fikrincə, Ermənistan hakimiyyəti Qarabağ kartından istifadə edərək əhalinin diqqətini daxili problemlərdən yayındırmağa çalışır. Nəzərə almaq lazımdır ki, sosial-iqtisadi problemlərin dərinləşməsi fonunda rəsmi Yerevan ölkə gündəliyini məhz savaş xəbərləri ilə zəbt edə bilir. Ermənistanın xarici borcunun artması, işsizlik və yoxsulluq səviyyəsinin fantastik həddə çatması Ermənistanı Dağlıq Qarabağla bağlı status-kvonun saxlanmasını zəruri edir. Məhz bu səbəbdən Ermənistanın siyasi dairələri Qarabaq probleminin danışıqlar yolu ilə həlli məsələsində maksimim vaxt qazanmaq üçün bütün vasitələrə əl atırlar. Atəşkəs rejimini pozaraq bu məsələdə Azərbaycan tərəfini ittiham etmək isə şübhəsiz ki, daxili auditoriyaya hesablanmış məsələdir.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00