Azərbaycan bölgədə söz sahibidir
Sevinc Fətəliyeva: “Ölkəmiz nəinki regional, hətta beynəlxalq mərkəzə çevrilməkdədir”
4 Avqust 2014 11:54 SiyasətÖlkəmizə qarşı qərəzli mövqe tutan güc mərkəzlərinin, eləcə də daim ikili standartlarla çıxış edən beynəlxalq təşkilatların çoxsaylı təzyiqlərinə baxmayaraq Azərbaycan iqtisadi və siyasi baxımdan inkişaf tentensiyasını yaşamaqdadır. Ölkəmizə qarşı sünii şəkidə yaradılan bir sıra problemlərə, çətinliklərə baxmayaraq, dövlətimiz son illər müasir beynəlxalq münasibətlər sistemində öz mövqeyini möhkəmləndirməkdədir. Bütün maneələrə baxmayaraq Azərbaycanın ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf edir, ölkəmiz beynəlxalq təşkilatlarda öz mövqeyini ortaya qoya, onu qəbul etdirə bilir. Ancaq o da etiraf edilməlidir ki, Azərbaycanın dünya ölkələrı sırasındakı hazırki mövqeyi heç d\ asan başa gəlməyib. Millət vəkili, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva bildirib ki, müstəqil, suveren Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə asan şəkildə gəlib çatmayıb. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı beynəlxalq aləmdə nüfuzlu dövlətə çevirib, ölkəmiz iqtisadi inkişaf modelinin əsasını qoyub. Bu gün Azərbaycan demokratik dəyərlərə sadiq, müstəqil inkişaf yoluna malik olan sosial dövlət kimi tanınır və ölkəmizin inkişafı beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunur: "Bütövlükdə, bu gün müstəqil Azərbaycan inkişaf yolunda inamla irəliləyir. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu Heydər Əliyev ideyalarına söykənir. Əldə olunmuş inkişaf göstərir ki, müstəqil Azərbaycanın seçdiyi yol dövlətçilik maraqlarına və xalqın iradəsinə əsaslanır. İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizin sürətlə inkişaf etməsi, eləcə də beynəlxalq müstəvidə nüfuzunun artması inkarolunmaz reallıqdır. Beynəlxalq müstəvidə nüfuzumuzu təsdiq edən başlıca məqamlardan biri odur ki, bölgəmizdə Azərbaycanın iştirakı və razılığı olmadan hər hansı layihə həyata keçirilə bilməz. Yəni, bu baxımdan, Azərbaycan bölgədə söz sahibidir, onun sözü, mövqeyi ilə ciddi şəkildə hesablaşılır". Millət vəkili qeyd edib ki, Azərbaycan həyata keçirdiyi xarici siyasət nəticəsində bir sıra uğurlara imza atıb: "Bu yöndə uğurlara heç bir şübhə ola bilməz, uğurlar var və bundan sonra da davamı gələcək. Eyni zamanda, heç şübhəsiz ki, xarici siyasətdə qazanılan uğurlar da vətəndaşların Prezident İlham Əliyevə yüksək etimad göstərməsini şərtləndirir. Özü də bu, bir faktdır ki, Azərbaycanın inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta beynəlxalq mərkəzə çevirməkdədir. İlk növbədə siyasi sahədə qazanılan nailiyyətlər Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini respublikamıza yönəldə bilib. Bunun ən böyük təsdiqi 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi olub. Bu, onun göstəricisidir ki, Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan bir dövlətdir. Ölkəmiz beynəlxalq birliyin müstəqil üzvü kimi öz mənafelərini qarşılıqlı hörmət prinsipi çərçivəsində həyata keçirir. Bu isə Azərbaycanın müstəqil inkişafını təmin etməklə yanaşı, öz gücünə inamını, eləcə də ölkəmizə olan etimadı artırır. Onu da əlavə edim ki, Azərbaycan təkcə siyasi, iqtisadi məsələlərdə deyil, humanitar, mədəni sahələrdə də yeni qlobal mərkəz rolunu oynayır. Həmçinin, qeyd etmək lazımdır ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzlu və etibarlı dövlətə çevrilməsinin səbəblərindən biri də ölkəmizin qlobal təhlükəsizliyə əhəmiyyətli töhfələr verməsidir. Qlobal təhlükəsizlikdən bəhs edərkən əvvəla onu bildirmək lazımdır ki, yerləşdiyi regionun təhlükəsizlik qarantı olan Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayır. Təkcə "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanması Azərbaycanla əməkdaşlığın Avropa üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini göstərdi. Bu layihənin əhəmiyyəti bütövlükdə Avropanın enerji təhlükəsizliyində yeni era açacaq". Bütün sadalananlara baxmayaraq reallıqdır ki, beynəlxalq müstəvidə Azərbaycanın qazandığı uğurların təqdir olunması ilə yanaşı, bəzən tənqidlər də, ittihamlar da səslənməkdədir. Özü də bu məsələdə daha çox bəzi beynəlxalq və nüfuzlu QHT-lər yer alırlar. S.Fətəliyeva bildidir ki, belə tənqidləri, ittihamları, bu yöndə hesabatları ilk dəfə deyil ki, eşidirik: "Belə əsassız, qərəzli tənqidlər, ittihamlar, hesabatlar vaxtaşırı ortaya qoyulur və ya səsləndirilir. Ancaq burada əsas məsələ və reallıq odur ki, bunların arxasında Azərbaycanın inkişafını istəməyən, ermənipərəst qüvvələr dayanır. Bu gün hər kəs görür ki, ikiüzlü dünya var. Ona görə də, müstəqil siyasət həyata keçirən dövlətlərə təzyiqlər olur. İstər "Freedom House", istər "Human Right Watch", istər Beynəlxalq Amnistiya Təşkilatı, istərsə də digər bəzi xarici qurumlar Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınan beynəlxalq qeyri-hökumət təşkilatlarıdır. Bu təşkilatlar Azərbaycanda gedən proseslərə obyektiv münasibət bildirmirlər. Onlar ölkəmiz haqqında məlumatları ayrı-ayrı "hüquq müdafiəçilərindən" və müxalifət partiyalarından alırlar. Digər tərəfdən, təşkilat ölkəmizin inkişafını, müstəqil siyasət yürütməsini istəməyən qüvvələrin tribunasına çevriliblər. Eyni zamanda onu da deyim ki, həqiqət və ədalət prinsiplərinin beynəlxalq təşkilatlar səviyyəsində pozulması bu bəşəri dəyərləri aşınmaya məruz qoyur. Çünki müəyyən xarici dairələrin korporativ maraqlar naminə məsələlərə ədalətli arxa plana keçilməsi çox zərərləri tendensiyadır. Azərbaycan iqtisadiyyatının sürətli inkişafı ilə yanaşı, ölkəmizdə demokratiya sahəsində də ciddi irəliləyişlər əldə edilib. Azərbaycanın demokratik inkişaf və insan hüquqlarının qorunması sahəsində qazandığı nailiyyətlər beynəlxalq təşkilatlar tərəfindən də qiymətləndirilir. Belə olan halda, həmin təşkilatların ölkəmizə qarşı tənqidlərinin heç bir əsası yoxdur. Biz öz müstəqil siyasətimizlə hər hansı təzyiq cəhdlərinə tutarlı cavab veririk".
Alim