Azay Quliyev: “Leyla Yunusun hərəkətlərinə hüquqi müstəvidə qiymət verilməlidir”
31 İyul 2014 20:35 Siyasət. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev hüquq müdafiəçisi Leyla Yunusun həbsinə münasibət bildirib. A.Quliyev qeyd edib ki, Leyla Yunusun hərəkətlərinə hüquqi müstəvidə qiymət verilməlidir. O, hüquq-mühafizə orqanlarının Leyla Yunusa qarşı irəli sürülmüş ittihamları obyektiv şəkildə araşdıracağına və düzgün qiymət verəcəyinə şübhə etmədiyini deyib. Şura sədri hesab edir ki, bu məsələ hüquqi müstəvidə həllini tapacaq: "Leyla Yunusun həbsi onun siyasi fəaliyyəti ilə bağlı deyil. Leyla Yunus hər hansı siyasi partiyanı dəstəkləyə də bilər, tənqid edə də bilər. Lakin hazırda ortada ciddi ittihamlar var və bunlar araşdırılmalıdır. Hesab edirəm ki, buna siyasi don geyindirməyə ehtiyac yoxdur. Hər kəsi səbirli olmağa və bu prosesləri axıra kimi izləməyə dəvət edirəm. Əminəm ki, məhkəmə bu proseslərə aydınlıq gətirəcək". ("OLAYLAR İA")