“Leyla Yunus qanun qarşısında cavab verməlidir”
Elçin Behbudov: “Hüquq müdafiəçisi olan şəxs belə hərəkətlərə yol verməməli, ilk növbədə özünə hörmət etməlidir”
31 İyul 2014 20:34 SiyasətDövlətə xəyanətdə ittiham edilən hüquq müdafiəçisi Leyla Yunusun həbsinə münasibət bildirən, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov onun qanun qarşısında cavab verməli olduğunu deyib. E.Behbudovun sözlərinə görə, Leyla Yunusun günahı varsa, cəzalandırılmalıdır, yoxdursa, azadlığa buraxılmalıdır. Hüquq müdafiəçisinin sözlərinə görə, dövlətə xəyanət etməyə heç cür haqq qazandırmaq olmaz. İnsan vətənini sevməli, öz ölkəsi ilə düşmən olan bir ölkəyə casusluq etməməli olduğunu deyən Elçin Behbudov vurğulayıb ki, bu cür hallara göz yummaq olmaz: "Leyla Yunusun barəsində hələlik istintaq gedir. Hesab edirəm ki, sonda məhkəmə ədalətli hökm çıxaracaq. Hüquq müdafiəçisi müstəqil şəxs olmalı, nə iqtidara, nə müxalifətə qoşulmalıdır. Heç kimi təhqir etməməlidir. Leyla Yunus isə kameraların önündə polisin papağın başından götürüb yerə çırpır. Həmin papağın üzərində Azərbaycanın atributları təsvir olunub. Hüquq müdafiəçisi olan şəxs belə hərəkətlərə yol verməməli, ilk növbədə özünə hörmət etməlidir". ("OLAYLAR" İA)