Kəlbəcərdə girov götürülən azərbaycanlılar ailələrinə məlumat göndəriblər
30 İyul 2014 19:29 Siyasət"Olaylar"-ın Trend-ə istinadən məlumatına görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib ki, BQXK-nın nümayəndələri iyulun 28-də saxlanılan azərbaycanlılara ikinci dəfə baş çəkib: "Başçəkmə zamanı onlara ailələrindən məlumat çatdırılıb, onlar da ailələri üçün məlumat göndəriblər".
Qeyd edək ki, Ermənistan kütləvi informasiya vasitələrində iyulun 11-də erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı Həsən Həsənov adlı bir azərbaycanlının öldürülməsi, Şahbaz Quliyev və Dilqəm Əsgərov adlı iki azərbaycanlının isə girov götürüldüyü və onlara cinayət işi açıldığı barədə məlumatlar yayılıb. BQXK-dan Trend-ə verilən məlumata görə, öldürüldüyü iddia edilən azərbaycanlı Dağlıq Qarabağda dəfn edilib.