Ermənilər iki vətəndaşımızı yaralayıblar, kəşfiyyat-təxribat qrupları təmas xəttini keçməyə cəhd edib - YENİLƏNİB

TTV-nin çəkiliş qrupu Əlibəylidə atəşə məruz qaldı... Kənd sakinlərindən 2 nəfər yaralandı.

Düşmən hər həmləsində cavab atəşilə susduruldu.

Türkel TV (TTV) xəbər verir ki, əsasən iri çaplı silahlar və plemyotlardan atılan güllələrin ünvanı yenə də dinc sakinlərdir. Düşmən postlarından hədəfə alınan ərazilər intensiv şəkildə atəşə tutuldu. Atışma gecə saatlarınadək davam etdi. Kəndin işıqları söndürülüb.

Düşmən gördüyü hər işartıya doğru atəş açır. Kameranın işığı bizi də ələ verdi. Son anda güllədən yayına bildik. Düşməninin atəşkəs rejimini pozması nəticəsində iki nəfər dinc sakin də yaralandı. Yaralılar hərbi maşınlarla xəstəxanaya çatdırıldı. Qarın boşluğundan yaralanan kənd sakini Anya Ələkbərovanın vəziyyəti normal olsa da, 16 yaşlı Fərid əməliyyat üçün elə gecə saatlarında paytaxta yola salındı.

Həkim Kamaləddin Abbasov: "Məmmədov Fərid Nəbi oğlu 1997-ci il burunun qəlpə yarası, burun sümüyünün sınığı, bir də yad cisimlə diaqnozu ilə daxil olmuşdur. Hal-hazırda burun qanaxması kəsilmiş, müalicələr davam etdirilir".

Millət vəkili Qənirə Paşayeva: "Beynəlxalq təşkilatların Ermənistana təzyiq etməməsinin nəticəsidir ki, Ermənistan bu cür - onun silahlı qüvvələri insanlıqdan kənar əməllər edərək mülki vətəndaşları, onların evlərini hədəfə alırlar".

Düşmən hər həmləsində cavab atəşilə susduruldu. Milli ordumuz bir neçə istiqamətdən düşmənə layiqli cavab verdi. Bu səs istiqlalın səsidir.

----------
15:13

Ötən gün ermənilərin atəşkəsi pozması nəticəsində yaralanmış və Bakıya gətirilərək Kliniki Tibbi Mərkəzdə yerləşdirilən Tovuz rayon sakini, 1997-ci il təvəllüdlü Fərid Məmmədov əməliyyat olunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, əməliyyatı aparan mütəxəssis, respublikanın baş üz-çənə cərrahı, professor Çingiz Rəhimov APA-ya açıqlamasında bildirib ki, təxminən 1 saat davam edən əməliyyat artıq başa çatıb. Onun sözlərinə görə, güllə  burun boşluğuna daxil olub, çənə sümüyünü yarıb və orada qalıb. Cərrah deyib ki, xoşbəxtlikdən, güllə onun üzünün digər nahiyələrinə heç bir ciddi fəsad törətməyib: "Həyati əhəmiyyətli strukturlardan uzaq olub. Əməliyyatdan sonra xəstənin üzü tam bərpa olunacaq. Güllə yarasının üzdə heç bir izi qalmamalıdır. Bu əməliyyat çətin əməliyyatlara aid edilmir. Gəncin də bəxti gətirib ki, güllə üzün çox strukturlarını zədələməyib".

Ç.Rəhimov qeyd edib ki, hazırda xəstənin vəziyyəti yaxşıdır. Onun  sözlərinə görə, yaralının reanimasiyada qalmasına ehtiyac yoxdur: "Sadəcə, ola bilsin ki, müvəqqəti saxladıq. Qısa zamanda xəstə evinə göndəriləcək".

---------
11:30

Ötən gün ermənilərin atəşkəsi pozması nəticəsində yaralanmış Tovuz rayon sakini, 1997-ci il təvəllüdlü Fərid Məmmədov əməliyyat olunmaq üçün Bakıya gətirilib.

Səhiyyə naziri Oqtay Şirəliyevin təlimatı ilə xüsusi ambulans helikopterlə Bakıya gətirilən F.Məmmədov Kliniki Tibbi Mərkəzdə yerləşdirilib.

Kliniki Tibbi Mərkəzin baş həkiminin müavini Adil Salahov APA-ya açıqlamasında deyib ki, dünən gecə saatlarında xəstəxanaya gətirilən gənc Üz-çənə cərrahiyyəsi şöbəsində yerləşdirilib: "Bu gün səhər 10-da özüm yaralının səhhəti ilə maraqlanmışam. Onun rayonda qanaxmasını kəsiblər, burada da qanaxması yoxdur. Lazımi ilkin tibbi yardım göstərilib. Hazırda xəstənin vəziyyəti stabildir, danışır. Güllə burnundan girib, çənənin qırağında qalıb. Fərid Məmmədovun əməliyyat olunması üçün respublikanın baş üz-çənə cərrahı, professor Çingiz Rəhim oğlu Rəhimov çağırılıb. Hazırda Fərid Məmmədov əməliyyata hazırlanır və yaxın saatlarda əməliyyat olunacaq".

---------
09:16

İyulun 25-dən 26-a keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Goranboy rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb.

Qısamüddətli şiddətli atışmadan sonra erməni bölmələri itki verərək geri çəkilməyə məcbur edilib.

Azərbaycan Silahlı Qüvvələrinin bölmələri heç bir itki verməyib.

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 41 dəfə pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, erməni silahlı bölmələri dünən və ötən gecə Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Çinari, Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Koxanəbi, Əlibəyli, Hacıalılı və Ağdam kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.

Berd rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimiz gecə saatlarında 21:30-dan 01:50-dək avtomat və iri çaplı silahlardan intensiv atəşə məruz qalıb.

Tərtər rayonunun Çiləbürt, Göyarx, Qızıl Oba, Ağdam rayonunun Yusifcanlı, Mərzili kəndləri, Füzuli rayonunun Horadiz şəhəri, Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, Xocavənd və Göygöl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

----------
08:55

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət yenidən gərginləşib.

Yerli sakinlərin APA-ya verdikləri mlumata görə, dünən axşam saatlarından başlayaraq Tovuz rayonunun Əlibəyli kəndi Ermənistan silahlı birləşmələri tərəfindən intensiv atəşə tutulub.

Azərbaycan Ordusu düşmənə adekvat cavab verib.

Tovuz Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Paşa Muradovun APA-ya verdiyi məlumata görə, atışma nəticəsində Tovuz rayonunun Əlibəyli kəndinin iki sakini, 1997-ci il təvəllüdlü Fərid Nəbi oğlu Məmmədov və 1962-ci il təvəllüdlü Anya Qara qızı Ələkbərova yaralanıblar. Onlar Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxananın baş həkinin müavini Səyyad Yusifov isə APA-ya bildirib ki, Fərid Məmmədov çənəsindən güllə yarası alıb. Anya Ələkbərovaya isə qarının ön divarının küt travması diaqnozu qoyulub. "Görünür, ona güllə dəyməyib. Güllə harasa dəyib və Anya Ələkbərova ya gülləbarandan qaçanda, ya da başqa bir şəraitdə xəsarət alıb", - baş həkimin müavini deyib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, Ermənistan silahlı birləşmələri Tovuz istiqamətində atəşkəs rejimini pozub. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmənə cavab atəşi verir. Hərbçilər arasında ölən və ya xəsarət alan yoxdur.

Qeyd edək ki, hadisədən bir az sonra Tovuzdan seçilmiş millət vəkili Qənirə Paşayeva yaralılara rayon xəstəxanasında baş çəkib.

Tovuz Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Paşa Muradovun APA-ya verdiyi məlumata görə, Bakıdan mobil tibbi briqada Tovuza yola düşüb. "Mütəxəssislər xəstələrə baxacaqlar. Ehtiyac olsa, onlar Bakıya aparılacaqlar. Tərəfimizdən hər iki xəstəyə lazımi bütün tibbi müdaxilələr edilib", - deyə P.Muradov bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00