Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərə yanaşması milli maraqlara söykənir

Ölkəmizi qurumla əməkdaşlığın forması kimi assosiativ üzvlük deyil, strateji tərəfdaşlıq statusu qane edir

İyulun 22-də xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Avropa İttifaqı (Aİ) Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin 5-ci görüşündə iştirak etmək məqsədilə Brüsselə səfər edib. Səfər zamanı proqram çərçivəsində əməkdaşlığın müxtəlif sahələrinə dair bir sıra məsələlər müzakirə olunub. Məlum olduğu kimi, Şərq Tərəfdaşlığı proqramına postsovet məkanının cəmi 6 ölkəsi daxildir. Proqram həmin ölkələrlə xüsusi münasibətlərin, əlaqələrin qurulmasını nəzərdə tutur. Yəni, bu proqram vasitəsilə gömrük, idxal-ixrac əməliyyatları, Avropa İttifaqı ölkələrinə səyahət və s. yüngülləşdirilmiş şərtlər çərçivəsində baş tutur. Bundan başqa, proqram mədəni, təhsil, təhlükəsizlik sahəsində əməkdaşlıq və siyasi əlaqələrin inkişafını da diqqət mərkəzində saxlayır. Azərbaycan 2009-cu ildən elan olunmuş Şərq Tərəfdaşlığı proqramında fəal iştirak edir. Bu məqsədlə mütəmadi olaraq müvafiq rəsmilər qurumun toplantılarında iştirak edirlər. İki ildən bir keçirilən zirvə görüşlərində isə Azərbaycan Prezident səviyyəsində təmsil olunur. Həmçinin proqramın elan olunmasının 5 illiyi ilə bağlı keçirilmiş Praqa sammitində də prezident İlham Əliyev iştirak etmişdi. Bütün bunlar göstərir ki, Azərbaycan Aİ-nin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində aktiv əməkdaşlıq etməkdədir. Xarici işlər naziri Elmar Məmmədyarovun Brüsselə səfəri də bir daha bunu təsdiqləyir. Sirr deyil ki, ötən ilin noyabrının sonlarında Vilnüsdə keçirilmiş sammit Şərq Tərəfdaşlığı proqramı çərçivəsində ən səs-küylü zirvə görüşü oldu. Belə ki, 2009-cu ildən başlanan proqram çərçivəsində əməkdaşlıq həmin toplantıda assosiativ sazişlə daha da dərinləşdirilməli idi. Bu istiqamətdə Avropa İttifaqı 6 ölkə ilə ciddi şəkildə danışıqlar aparırdı. Lakin məlum olduğu kimi, Vilnüs sammiti öncəsi situasiya dəyişdi. Əvvəlcədən sazişi imzayacağına söz vermiş Ukrayna son anda bundan imtina etdi. Azərbaycan isə əvvəldən bəyan etdiyi kimi, assosiativ saziş deyil, yalnız vizaların sadələşdirilməsi ilə bağlı sənədə imza atdı. Həmin dövrdə bir sıra ekspertlər belə bir qərar qəbul edilməsini Azərbaycan diplomatiyasının uğuru hesab etdilər. Sonradan Ukraynada baş verən proseslər və digər məqamlar bunu bir daha təsdiq etdi. Vilnüs sammitində tutduğu mövqeyi ilə Azərbaycan dövləti bir daha beynəlxalq təşkilatların və yaxud xarici dövlətlərin diqtəsi ilə deyil, öz milli maraqlarından çıxış edən siyasət həyata keçirdiyini ortaya qoydu. Çünki həmin sammit zamanı Azərbaycan əvvəlcədən bəyan etdiyinin əksinə olaraq assosiativ sazişə imza atmış olsaydı həm geosiyasi, həm də iqtisadi nöqteyi-nəzərdən ciddi problemlərlə üzləşmiş olardı. Bu mənada Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində təkamül yoluna üstünlük verməsi Azərbaycan xalqının milli maraqlarına uyğundur. Digər tərəfdən Azərbaycan Vilnüs sammiti öncəsi və sonrakı dövırdə atdığı addımlarla Aİ ilə Rusiya arasında gedən rəqabətin pladstarmına çevrilməyəcəyini, hər iki tərəflə sərfəli münasibətlər qurmağın tərəfdarı olduğunu ortaya qoymuş oldu. Azərbaycan dövlətinin hazırkı mövqeyi isə ondan ibarətdir ki, o, Aİ ilə assosiativ üzvlük səviyyəsində deyil, daha üstün statuslu münasibətlərə üstünlük verir. Məsələn, prezident İlham Əliyev bu ilin yanvarında Davosda keçirilən Dünya İqtisadi Forumu zamanı RİA "Novosti"yə müsahibəsində bildirib ki, ölkəmiz Avropa İttifaqı ilə assosiasiya sazişi imzalamağı nəzərdə tutmur: "Azərbaycan və Avropa İttifaqı arasındakı qarşılıqlı münasibətlər assosiasiyadan daha yüksək formalı əməkdaşlıq tələb edir. Onu da qeyd edim ki, "assosiasiya" sözü bizim üçün o qədər də qəbuledilən deyil. "Assosiasiyaya girmiş üzv" - bu necə tərəfdaşdır? Burada dəqiq izah yoxdur. Azərbaycan bütün mənalarda özü-özünə kifayət edir. Əlavə imtiyaz əldə etmək üçün istənilən inteqrasiya prosesinə girmək lazımdır. Hələ ki, assosiasiya layihəsi çərçivəsində bunu görmürük. Əməkdaşlığın başqa formaları, məsələn, strateji tərəfdaşlıq olarsa, o zaman, əlbəttə, biz bu məsələyə baxa bilərik". Göründüyü kimi, ölkəmiz Avropa İttifaqı ilə qarşılıqlı razılaşdırılmış prioritetlər və ümumi maraqlara əsaslanan münasibətlərin qurulmasında maraqlı olduğunu bildirən mövqeyinə sadiqdir. Həmçinin müşahidələr göstərir ki, Azərbaycan birtərəfli prioritetlərdən qaynaqlanan məhdud sahələrlə özünü məhdudlaşdırmaq əvəzinə, imkanlarına əsaslanan daha məqsədyönlü və müxtəlif gündəliyin inkişafının tərəfdarı olduğunu nümayiş etdirir. Göründüyü kimi, Azərbaycan dövləti və hökuməti Aİ-nin Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində təklif etdiyi assosiasiya sazişini dar və tərəflərin potensialını özündə tam əks etdirməyə imkan verməyən çərçivə hesab edir. Həmçinin Azərbaycan bununla Aİ ilə saziş imzalamaqdan imtina etmədiyini nümayiş etdirməklə yanaşı, faktiki olaraq birliklə məsələni açıq saxlayır ki, bu da Rusiyanı qıcıqlandırmamaq baxımndan incə manevr hesab edilə bilər. Lakin təəssüf doğuran hal ondan ibarətdir ki, Azərbaycan Aİ ilə daha geniş çərçivədə və daha üstün formada əməkdaşlığa hazır olduğunu bəyan etməsinə, həmçinin ölkəmizin İttifaq üçün əhəmiyyətinin böyük olmasına baxmayaraq, Aİ-nin bəzi dairələrində bu, lazımınca qiymətləndirilmir. Xüsusilə İttifaq Azərbaycanın ərazi bütövlüyü məsələsində qətiyyətli mövqe nümayiş etdirməməklə münasibətlərin gələcək taleyini sual altına alır. İttifaq başbilənləri regionda baş verən prosesləri, Rusiyanın aktivləşməsini və s. kimi geosiyasi amilləri nəzərə almaqla, ən azından özlərinin maraqları naminə daha çevik olmalıdırlar. Belə ki, Aİ Azərbaycanla gələcək münasibətlərinin üfüqlərini aydın görmək istəyirsə, buna qarşılıqlı sərfə prizmasından yanaşmalıdır. Çünki Aİ ölkəmizlə münasibətlərə yalnız öz maraqlarından çıxış etməklə və bir də özünün "demokratiya, insan hüquqları, açıq cəmiyyət" nağıllarının gerçəkləşməsi prizmasından yanaşacaqsa, o, çətin ki, niyyətinə çata bilsin. Azərbaycan milli maraqlarını, xüsusilə də ərazi bütövlüyünü şübhə altına alacaq istənilən müstəvidə münasibətdən imtina edəcəyini daim bəyan etməkdədir. Bundan başqa, Aİ-yə daxil olan bəzi ölkələrin məmurlarının məsuliyyətsiz bəyanatları da münasibətlərə ziyan vurur. Məsələn, İsveçin xarici işlər naziri Karl Biltdin bir müddət öncə verdiyi Azərbaycan-Aİ münasibətlərinə, ölkəmizin Şərq Tərəfdaşlığı proqamındakı fəaliyyətinə kölgə salmağa hesablanmış həqiqətdən uzaq açıqlaması bu qəbildəndir. Əslində isə Biltd kimi siyasilər bəyanatlarında ehtiyatlı olmaqla tərəfdaşları özlərindən uzaqlaşdırmamalıdırlar. Çünki hazırkı Rusiya ilə qarşıdurma şəraitində Aİ-nin Azərbaycana daha çox ehtiyacı var, nəinki əksinə. Ümumiyyətlə Aİ-nin Azərbaycanla münasibətlərində bəzi destruktiv qüvvələrin, o cümlədən erməni diasporunun təsiri mütəmadi olaraq özünü göstərməkdədir. Məhz bu da bir sıra hallarda qarşılıqlı münasibətlərdə problemlərin ortaya çıxmasına səbəb olur. Lakin bütün bunlara baxmayaraq Azərbaycanın Avropa strukturları, xüsusilə Aİ ilə münasibətlərə böyük önəm verdiyi danılmazdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00