“Azərbaycan MDB məkanındakı real müsbət nümunədir”
Millətçi liberal demokratdan etiraf: “İlham Əliyev tək Cənubi Qafqazın yox, bütün postsovet məkanın simalarından biridir”
25 İyul 2014 17:22 SiyasətMüstəqil Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət artıq beynəlxalq ictimaiyyətin, eləcə də dünyanın nüfuzli ictimai-siyasi xadimlərunin diqqətini cəlb etməkdədir. Artıq əksər dünya liderləri, eləcə də beynəlxalq aləmdə söz sahibi olan dövlətlərin rəhbərləri ən ali kürsüdən belə Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasətin təntənəsindən sitat gətirirlər. Bu isə o deməkdir ki, güc sahibi olan dövlətlər İlham Əliyevin timsalında Azərbaycan Respublikası ilə hesablaşmaq zorunda qalıblar. Dünən isə bütün dünyanın qatı millətçi kimi tanıdığı Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski "Rossiya-24" kanalında Azərbaycan dövləti, bu dövlətin siyasi rəhbərliyi, həyata keçirilən daxili və xarici siyasət, eləcə də əldə edilən uğurlar barədə əsil həqiqəti etiraf edib. Təsadüfi deyil ki, siyasi fəaliyyəti dövründə daim Azərbaycanın uğurlarına çamur atmaq, Azərbaycan dövləti və xalqı barədə bir qədər yumşaq desək qərəzli fikirlər səsləndirmək yolu tutan V.Jirinovski nəhayət ki, "ittiham buzunu sındırmaq" zorunda qalıb. Belə ki, Rusiya liberal demokratlarının öncülü birmənalı şəkildə Azərbaycanın çiçəklənməsini və Prezident İlham Əliyevin həmin çiçəklənmə fövqündə güclü lider olmasını təsdiqləyib: "Azərbaycan MDB məkanındakı real müsbət nümunədir. Bu ölkənin bütün kəndləri abadlaşdırılıb, idman obyektləri də daxil olmaqla yeni komplekslər ucaldılır, bütün ölkə tamamilə dəyişilib". Onun sözlərinə görə, ölkənin bu cür sürətli inkişafına səbəb Azərbaycan xalqının İlham Əliyevi dövlət başçısı seçməklə etdiyi düzgün seçimidir: "Mən onun atasını da tanıyırdım, Heydər Əliyev dahi azərbaycanlıdır. İlham Əliyev tək Cənubi Qafqazın yox, bütün postsovet məkanın simalarından biridir. Çox təəssüf ki, Rusiya efirində İlham Əliyev, ümumiyyətlə, Azərbaycan barədə çox az danışılır. Rusiyada bu ölkə barədə heç nə bilmirlər. Amma gözəl rəhbəri olan bu respublika nə qədər möhtəşəmdir. Niyə televizyalar bunu göstərmir? Baltik ölkələri rus dilini sıxışdırır, rusları ikinci növ vətəndaş sayır. Azərbaycan isə tam başqadır, orada 400 rus dilli məktəb var, bu Ukraynadan da çoxdur, onların heç biri bağlanmayıb. Bakıda böyük rus teatrı, universitet fəaliyyət göstərir. Budur sizin üçün nümunə! Həmişə pislikdən danışmaq lazım deyil, axı Azərbaycan var!" Reallıq ondan ibarətdir ki, vaxtilə Azərbaycan dövləti və xalqına qarşı barışmaz mövqedə olan, mütəmadi olaraq radikal fikirləri ilə fərqlənən V.Jirinovskinin telekanalda əks mövqe tutmasını təsadüfi qəbul etmək sadəlövlük olardı. Onun mövqeyinin yüz səksən dərəcə dəyişməsinə səbəb məhz Azərbaycan iqtidarının həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət olub. Məsələ orasındadır ki, fikirlərində tez-tez çaşqınlıq yaranan, zamanın diqtəsilə proqnozlar verən Jirinovskinin sabah hansı mövqedə olacağına baxmayraq bu gün reallıqdan şıxış etməsi müsbət qəbul edilməlidir. Reallığı dərk edən siyasətçi geçikmiş olsa da ölkəsinin siyasi rəhbərliyini Azərbaycanı ən sədaqətli və etibarlı müttəfiq dövlət kimi qəbul etməyə çağırıb. Hətta bu çağırışını konkret faktlarla da əsaslandırıb: "Azərbaycan MDB ölkələri arasında müsbət nümunədir. Azərbaycan müstəqil siyasət yeridir, heç bir ölkə qarşısında öhdəlik götürməyib: "İlham Əliyev tab gətirdi, o Rusiyanı, istər təyyarə, istərsə də Ukrayna məsələsində tənqid atəşinə tutmadı, baxmayaraq ki, ona təzyiqlər olunurdu. Qalanları isə - Moldova, Gürcüstan - AB ilə Assosiasiya sazişini imzalamağa qaçdılar. Bunlar fərqli postsovet respublikalarıdır. Güclü lideri olan çiçəklənən Azərbaycan var". Partiya sədri Azərbaycanda ölkəsinə qarşı antisiyasət aparılmadığını da qeyd edib: "Azərbaycanda anti Rusiya partiyası yoxdur. Rusiyadan nəsə qapazlamaq niyyəti yoxdur, əksinə, həmişə, hər yerdə münasibət qurmağa çalışırlar. Biz isə bunun üçün heç nə etmirik". Jirinovski müsahibəsində Azərbaycanın regionda lider, aparıcı dövlət olduğunu da etiraf edib. Hətta, Azərbaycanın real gücünü dəyərləndirərək Rusiyanın Türkiyə və İran kimi ölkələrlə münasibətlərinin normalllaşması prosesində ölkəmizin potensialından istifadənin də mümkünlüyünü vurğulayıb: "Rusiya müsəlman ölkəsi olan Azərbaycana diqqət ayırmalıdır. Bu, həm də Türkiyə və İranla əlaqələrin yaxşılaşmasına gətirib çıxaracaq".
***
Millət vəkili Aydın Mirzəzadə qeyd edib ki, Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski Azərbaycan və şəxsən prezident cənab İlham Əliyev haqqında müsbət fikirlər söyləyib. Hətta qonağı olduğu televiziya verilişinin aparıcısı bir neçə dəfə onu "ənənəvi Jirinovski" ampluasına qaytarmağa cəhd etsə də, o təkidlə söhbəti Azərbaycanın son illərdəki inkişafı üzərinə qaytarıb. Ukrayna-Rusiya münasibətləri problemində isə dövlət başçımızın siyasətinin düşünülmüş olduğunu xüsusi vurğulayıb: "Azərbaycanla bağlı dünya siyasətçiləri zaman-zaman müsbət fikirlər söyləyirlər. Prezident cənab İlham Əliyevin siyasəti daima təqdir edilir. Azərbaycanın müstəqil siyasəti tək Azərbaycana deyil, regiona və dünyaya da çox lazımdır. Ancaq Jirinovskinin fikirləri xüsusi diqqət tələb edir. Çünki, o bütün müstəqillik illərində Azərbaycana qarşı düşmən mövqedə olan Rusiya siyasətçisidir. Bir qayda olaraq ölkəmiz və cəmiyyətimiz haqqında siyasətçiyə yaraşmayan fikirlər bildirib, Dağlıq Qarabaş məsələsində Ermənistanı müdafiə edib. İndi isə o Azərbaycanın inkişafına, Prezident Əliyevin siyasətinə yüksək qiymət verir. Çünki, bunu artıq görməmək mümün deyil. Azərbaycanın son iyirmi bir ildə Rusiya ilə münasibətlərində pozitiv dinamikanı inkar etmək absurd olardı. Rusiya və Azərbaycan bir-birinə sıx bağlı olan ölkələrdir. Rusiya dövlətimizi özünün yaxın dostlarından biri kimi görə bilib. Hər iki ölkə bir-birinin milli maraqlarına hörmətlə yanaşır və bu yaxşı nəticələr verir. Bu gün Rusiya və Azərbaycan bir-birilərinə qarşlıqlı surətdə lazımdırlar. Vladimir Jirinovski axır ki, bunu başa düşdü. Mən ona təşəkkür edə bilmirəm, bir Azərbaycan oğlu kimi onun ölkəmizlə bağlı söylədiklərini unuda bilmirəm. Ancaq nəzərə alıram ki, o da Azərbaycana real qiymət verdi".
Alim