“Minsk Qrupu Azərbaycanda çox ciddi problemlərlə üzləşə bilər”
Üzeyir Cəfərov: “İstər Ceyms Uorlik, istər İqor Popov, istərsə də Jak For özləri üçün çox gözəl şərait qurublar”
25 İyul 2014 14:02 SiyasətHərbi-ekspert Üzeyir Cəfərov ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı verdiyi açıqlamaya münasibət bildirib. Qeyd edək ki, Uorlik münaqişənin tezliklə həllinin vacib məsələyə çevrildiyini deyib. Ü.Cəfərov qeyd edib ki, Minsk Qrupunun problemlə əlaqədar öz məsuliyyətini dərk etməyə başlaması sevindiricidir. Qurumun məsələni indiyədək həll etməkdə çox gecikdiyini deyən ekspertin sözlərinə görə, Azərbaycan dövləti də artıq Minsk Qrupunun fəaliyyətisizliyinə inamsızlığını açıq şəkildə bildirməyə başlayıb. Üzeyir Cəfərov vurğulayıb ki, həmsədrlər indiyədək səslənən fikirlərdən və edilən tənqidlərdən nəticə çıxarmalı idi. O, hesab edir ki, problemin həllsiz qalmasının əsas məsuliyyəti Uorlikdən əvvəlki həmsədrlərin üzərinə düşür: "Uorlik hələ bu işdə yenidir. Əsas məsuliyyət isə ATƏT sədrinin şəxsi nümayəndəsi Anji Kaspişikə aiddir. İndiki məqamda Uorlikin narahatlığı başadüşüləndir. Çünki keçən illər ərzində ortaya konkret nəticə qoyulmayıb. Keçirdikləri monitorinqlər, görüşlər vəsaitin havaya sovrulması deməkdir. Bunun qarşılığında ortada zərrə qədər nəticə yoxdur. Belə bir vəziyyətin fonunda ayağa qalxıb fəal olacaqlarını bildirirlər. Bunların hamısı blefdir. Həmsədrlər əvvəllər baş verən hadisələrdən narahatlıq keçirirdilər, indisə yeni metod tapıblar. Səsləndirdikləri son bəyanatlarda isə artıq onların "bərk narahat" olduqları görünür. Əvvəl narahat idilər, indi "bərk narahat"dırlar. Bunların hamısı söz güləşdirməkdir. İstər Ceyms Uorlik, istər İqor Popov, istərsə də Jak For özləri üçün çox gözəl şərait qurublar. Özləri üçün çox gözəl yaşayış tərzi seçiblər. Onların heç birisi həqiqəti demirlər. Keçmiş rusiyalı həmsədr Vladimir Kazimirov vəzifədə olandan bir "mahnı" oxuyurdu, gedəndən sonra guya reallıqla bağlı tamam başqa fikirlər səsləndirir. Robert Bradtke də eyni mövqeni nümayiş etdirir. Uorlik də belə edəcək. Onlara ümid etmək lazım deyil. Həmsədrlər qarşısında konkret vaxt qoyulmalıdır ki, işğalçı dövlət beynəlxalq hüquq və normalara hörmətlə yanaşacaq, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələblərini yerinə yetirəcək. Qətnamələrdən başqa Dağlıq Qarabağ münaqişəsilə bağlı böyük sənəd yoxdur. Minsk Qrupu oturub papağını qarşısına qoyub fikirləşib nəticə verməlidir. Əgər yaxın zamanlarda konkret nəticə olmasa Minsk Qrupu Azərbaycanda problemlərlə üzləşə bilərlər. Məsələn, girovlarla bağlı insanlar Beynəlxalq Qırızl Xaç Komitəsilə bağlı çox sərt fikirlər səsləndirirlər. ATƏT də eyni tendensiya ilə üzləşə bilər. Azərbaycan xalqı heç vaxt düşmənin öz torpağında onun heysiyyatı ilə oynamasına icazə verməyəcək". ("OLAYLAR" İA)