Azərbaycanın qızları Ermənistana gedib
Oxçularımızdan 3 qız mübarizəni davam etdirir...
24 İyul 2014 14:22 Siyasət"Hal-hazırda Ermənistanda keçirilən Avropa Oxçuluq yarışmasında komandamızın üç xanım iştirakçısı mübarizəni davam etdirir. Çox təəssüflər olsun ki, oğlanlarımız yarışmanı tərk ediblər". "Olaylar" Modern.az istinadən xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib. Onun sözlərinə görə, yarışmanı davam etdirən üç xanım oxçu - Svetlana Siminova, Leyla Fazilova, Olya Senyuk 21 komandanın arasında komanda hesabında 9-cu yerdədirlər: "Onların içində bizim qızlar da var. Bu gün həmin 21 nəfər öz aralarında mübarizə aparacaqlar. Qalib gələnlər sabah final mərhələsində iştirak edəcəklər. Ancaq mübarizəni davam etdirənlər Svetlana Siminova və Olya Senyukdur". S.Məmmədova həmçinin idmançılarımızın təhlükəsizlik məsələsinə də toxundu: "Ümumilikdə vəziyyət çox yaxşıdır. Ermənistan tərəfi komandamıza yaxşı münasibət göstərir. Təhlükəsizliyimiz də təmin olunur".
Qeyd edək ki, iyulun 21-dən Ermənistanın Armavir vilayətinin Arşalyus bölgəsində Avropa Oxçuluq yarışması keçirilir. Azərbaycandan Ermənistana getmiş heyətin tərkibi 6 idmançı, 1 məşqçi və 1 nümayəndədən ibarətdir.