Keçmiş AXC-çilər tarixi hadisələrə ədalətli yanaşmır

Əli Əliyev: “Xalq Cəbhəsi daxilində ilk ideoloji fikir ayrılığı hələ 1990-cı ildən başlanıb”

Bu günlərdə Azərbaycan Xalq Cəbhəsinin (AXC) təsis olunmasının 25 illiyi ilə bağlı keçirilən tədbirlər zamanında bir-birindən ayrılmış keçmiş hərəkatçılar arasında növbəti qalmaqala səbəb oldu. Əsl AXC adına sahib çıxmaq uğrunda tərəflərin media səhifələrində bir-birinə qarşı apardığı mübarizəyə digər müxalifə partiyaları da qoşuldu. Bəs görəsən bu prosesləri kənardan izləyən digər siyasilər nə düşünür?

Vətəndaş və İnkişafr Partiyasının sədri Əli Əliyev deyir ki, məhz AXC-nin fəaliyyəti nəticəsində gerçəkliyə çevrilmiş dövlət müstəqilliyimizin bərpası tariximizin ən şanlı səhifələrindəndir: "SSRİ-nin mövcudluğu şəraitində 18 oktyabr 1991-ci il tarixdə Parlamentdə Müstəqillik aktının qəbulu, artıq 1 noyabr tarixdə Dövlətin Türkiyə Cümhuriyyəti, bir qədər sonra Pakistan İslam Respublikası tərəfindən tanınması tariximizin yeni səhifəsinin yazılışını geri dönməz, SSRİ-nin dağılmasını isə qaçılmaz etdi. Hərəkatçılara çox vaxt irad kimi təqdim olunan 20 yanvar qətliamı xalqımızın qəhrəmanlıq zirvəsi, imperiyanın isə Praqa, Novoçerkassk, Alma-Ata, Tiflis vəhşiliklərindən sonra əsl mahiyyətini ortaya qoyan qanlı imperiya terroru idi". Əli Əliyev keçmiş AXC-çilərin tarixi hadisələrə ədalətli yanaşmadığından təəssüfləndiyini bildirib: "O dövrdə xalqın hərəkatın rəhbərliyi altında əldə etdiyi nailiyyətləri öz adlarına çıxarmağa cəhdlər göstərirlər. Beləki, 1989-cu ilin iyulunda keçirilmiş təsis konfransından sonra, AXC ölkənin yeganə leqal siyasi təşkilatı olaraq, iyul ayının 29-dan etibarən silsilə mitinq dalğasına start verdi. O dövrdə təşkilatın sıralarında müxtəlif siyasi baxışlara, mentallığa, məqsədlərə sahib olan insan və qrupların təmsil olunması bir fakt idi. Belə maraq əlvanlığının olmasına baxmayaraq, metropoliyaya qarşı vahid mövqe Hərəkatı məqsədinə tərəf apara bildi. Qısa müddət ərzində AXC fəallarının koordinasiyalı düşünülmüş addımları qırmızı imperiyanı lərzəyə gətirdi. Hər həftə keçirilən mitinqlər cəmiyyətin əsas qüvvələrini təşkilatlandıra bilmişdi. Artıq dekabr ayının 5-dən başlayan dəmiryol tətilləri SSRİ iqtisadiyyatının çöküşünün əsas elementinə çevrilməkdə idi". VİP sədri bildirib ki, AXC daxilində ilk ideoloji fikir ayrılığı hələ 1990-cı ildən başlayıb: "1990-cı ilin yanvarın 6-7-də AXC-nin qurultay səlahiyyətli 3-cü konfransı keçirildi. Həmin konfrans təşkilat daxilində ilk ideoloji fikir ayrılığına başlanğıc verdi. Belə ki, Moskvanın gəlişi hiss olunurdu. Cəmiyyət sanki qanlı olayları duymaqda idi. Konfransın ovqatında da bu açıq sezilirdi. İlk dəfə olaraq bu səviyyədə ideoloji bölünmə cəmiyyətə yansıdı. Konfrans ideoloji olaraq, Cəbhənin İdarə Heyətini, onun da nümunəsində təşkilatı əsasən 3 yerə böldü. Solçular faktik olaraq, Zərdüşt Əlizadə və Leyla Yunusun timsalında kənara çəkildilər. İdarə heyətinin daxilində 2 əsas qrup: liberal və radikal şərti adlandırılan qruplar formalaşdı. Qrupların mübahisə tezisi sadə idi. "Radikallar"milli dövlət quruculuğundan demokratik cəmiyyətə, "liberallar" isə SSRİ-ni demokratikləşdirmək yolu ilə milli dövlətə sahiblənməyi mümkün sayırdılar. AXC-nin 3-cü konfransında (hətta ondan da əvvəl) başlamış fikir ayrılığı həmin dövrdən hərəkatın daxilində gələcəkdə bərpa olunmayacaq çata başlanğıc verdi. Bu, təbii idi. Fikrimcə, AXC-nin bütöv hərəkat olmasına ideoloji baxımdan həmin konfransında xitam verildi. Bu nümunələr əsas verir ki, yubileyi qeyd olunan təşkilatın bütün hərəkatçılara aid olduğu qənaətinə gələsən. 25 illik təşkilatın uğuru bütün hərəkatçıların uğuru, məğlubiyyəti də hamının məğlubiyyətidir. Bu yubiley bizləri bir araya gətirə bilmədi. Çünki hisslərimizin əsiriyik".

Füzuli Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00