Ermənistanın dəyirmanına su tökmək, yoxsa sensasion informasiya axtarışı
22 İyul 2014 18:19 SiyasətOn gündən artıqdır ki, iki soydaşımız ermənilər tərəfindən girov götürülüb, biri isə qətlə yetirilib. Ötən müddət ərzində Ermənistan baş verənləri öz xeyrinə yozmağa çalışır. Etiraf etməliyik ki, Ermənistanın güc strukturları, xüsusi xidmət orqanları olaydan maksimum yararlanaraq qarşı tərəfi günahkar çıxarmaqdan ötrü dəridən-qabıqdan çıxır. Bu işdə bizdən fərqli olaraq erməni mediasının da potensialından maksumum istifadə edilir, özü də koordinasiya olunmuş formada. Lakin bütün cəhdlərə baxmayaraq, Ermənistan tərəfi girovlarla bağlı heç bir tutarlı əsaslandırma ortaya qoya bilmir. Girov götürülən şəxslər gah diversant, gah partizan, gah da kəşfiyyatçı kimi qələmə verilir. Əslində adının nə qoyulmasından asılı olmayaraq soydaşlarımıza qarşı atılan çamur, dövlətimizə qarşı aparılan çirkin kampaniya sabun köpüyü effektindən o tərəfə keçməyəcək. Çünki, ermənilər separatçı, terrorçu, hansısa xüsusi kəşfiyyat orqanının əməkdaşı və ən nəhayət sıravi hərbçini deyil, sadə Azərbaycan vətəndaşını girov götürüblər. O vətəndaşı ki, illərlə vətən həsrətinə, torpaqların düşmən tapdağı altında qalmasına dözməyərək öz doğma yurd-yuvasını ziyarət etmək istəyində olub. Bu isə o deməkdir ki, ermənilər nə qədər çalışalar da nə beynəlxalq hüquq normaları, nə də mənəvi baxımdam atdıqları addıma haqq qazandıra bilməyəcəklər. Əksinə, bununla özlərini bir daha ifşa etmiş olurlar ki, qonşu dövlətin torpağını işğal ediblər və bütün beynəlxalq təsirlərə baxmayaraq işğal siyasətindən əl çəkmək niyyətində deyillər. Məlumat üçün qeyd edək ki, Azərbaycan beynəlxalq birliklərə üzv olan zaman Dağlıq Qarabağla bərabər Kəlbəcər də daxil olmaqla 7 rayonun ərazisi əzəli Azərbaycan torpağı kimi tanınıb. Deməli, Dilqəm Əsgərov və Şahbaz Quliyev heç bir ölkənin sərhədini pozmayıb, heç bir dövlətin ərazisinə soxulmayıb. Sadəcə öz ata-babalarının qəbrini ziyarət etmək keçib könlündən. Hansı ki, bir milyona yaxın qaçqının könlündən bu istək keçir. Məhz bu mənəvi məqam ermənilərə imkan vermir ki, məkrli niyyətlərini həyata keçirsinlər. Ancaq deyəsən bu işdə bizim media nümayəndələri ermənilərə yardımçı olmaq missiyasını üzərinə götürüb. Bizim "şanlı media"nın sanki sözügedən şəxslər girov düşəndən bəri əllərinə fürsət düşüb. O şər, böhtan qalmadı ki, soydaşlarımızın ünvanına yağdırmasınlar. "Dana oğrusu"ndan tutmuş "alkaşa" qədər şərəfsiz adlarla ittiham etməyi özlərinə rəva bildilər. Çox təəssüf ki, bu zaman Vətən sevgisi, torpaq həsrəti kimi müqəddəs hisslər ayaq altına atıldı. Baş verən hadisəni millətin qayıdışı səviyyəsinə yüksəltmək əvəzinə onu cılız hisslərlə param-parça etmək missiyası açıq-aşkar sezildi. İndi isə bəzi media orqanları daha irəli gedərək girovlara qarşı ermənilərin ağlına gəlmədiyi ittihamı ortaya atıblar. Guya Dilqəm Əsgərov narkotik alverçisi imiş və istintaqdan yayınmaq üçün Kəlbəcərə qaçıb. Hətta bununla bağlı "Youtube"də videoçarx da yerləşdirilib: "Videopaylaşım şəbəkəsi "Youtube"də yerləşdirilmiş bu videoçarx sizi heyrətə salacaq" başlığı ilə yerləşdirilən videoçarxın şərhində bildirilir ki, bir neçə gün bundan əvvəl Kəlbəcərdə ermənilərə əsir düşmüş həmyerlimiz Dilqəm Əsgərov haqqında şok video təqdim edilir: "Videogörüntüdə Şəmkir polisinin (dəqiq tarixi dəqiqləşdirilir) keçirdiyi bir əməliyyat nəticəsində həbs olunmuş narkotik alverçisi ilə Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərovun eyni adam olduğu ortaya çıxıb". Əvvala qeyd etmək istəyirəm ki, Dilqəm Əsgərovun narkotik alverçisi olmasından daha çox onun bizim öz doğma torpağımızda, Kəlbəçərimizdə girov götürülməsi bizi heyrətə gətirir. Çünki, erməni tərəfi beynəlxalq qanunvericiliyi nə qədər ələk-vələk eləsə də belə heç bir halda Azərbaycan vətəndaşına narkotik alverçisi ittihamı ilə cinayət işi qaldıra bilməz. Belə halda, girovda olan soydaşımız barədə belə ağir ittihamın ortaya çıxarılmasına nə ehtiyac var? Əslində, mətbuatın dili ilə desək, bu heç sensasiya doğuracaq bir xəbər də deyildi.
Əziz həmkarlarım, diqqətinizə çatdırmaq istərdim ki, Kəlbəcər rayon sakinləri Dilqəm Əsgərovu, Şahbaz Quliyevin girov düşməsi Dağlıq Qarabağ münaqişəsinin həll prosesi ilə bağlı aparılan danışıqlara heç bir təsir göstərə, Azərbaycanla Ermənistan arasında ciddi insident yarada bilməz. Nəzərə almaq lazımdır ki, belə hadisələr iyirmi ildən artıqdır ki, mütəmadi olaraq baş verməkdədir. Sadəcə bu hadisə imkan yaradır ki, Ermənistan dövlətinin hələ də işğalçı siyasəti davam etdirməsi, öz ata-baba yurdlarına gedən şəxslərin erməni qəsbkarları tərəfindən girov götürülməsi faktı beynəlxalq iştimaiyyətə çatdırılsın. Gəlin etiraf edək ki, bu hadisə, ilk əvvəlcə ona düzgün yanaşma tərzi göstərən insanlarımız arasında vətənpərvərlik hissinin yüksəlməsinə kifayət dərəcədə müsbət təsirini göstərib. Hətta silahsız-sursatsız Kəlbəcərə, Xankəndunə, Zəngilana və işğal altında olan digər ərazilərimizə getmək istəyində olan insanlarımızın sayı xeyli artıb. Belə bir halda mənəvi ruhu öldürən, insanlarda ümidsizliyi aşılayan məlumatların yayılmasına nə dərəcədə ehtiyac var?
Alim