İlham Əliyev tapşırıq verdi
22 İyul 2014 18:13 SiyasətPrezident İlham Əliyev iyulun 22-də Xızı rayonuna səfərə gəlib. Dövlət başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Xızı şəhərinin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoyub. Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov abidənin ətrafında görülmüş işlər barədə dövlət başçısına məlumat verib. Sonra Prezident İlham Əliyev Heydər Əliyev Parkında aparılan yenidənqurma işləri ilə tanış olub. Dövlət başçısına bildirilib ki, Xızı rayonundakı Heydər Əliyev Parkının yenidən qurulması xüsusi əhəmiyyət kəsb edir. Rayon mərkəzində yerləşən bu mədəniyyət və istirahət parkının ərazisi tamamilə yenidən qurulub. Xızının mərkəzi hissəsinə xüsusi yaraşıq verən bu park rayon sakinlərinin istirahətinin yüksək səviyyədə təşkilinə xidmət edir. Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov parkda görülən abadlıq və quruculuq işləri barədə dövlət başçısına geniş məlumat verərək bildirib ki, rayon sakinlərinin mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün 3,6 hektar ərazidə salınmış parkda ardıcıl olaraq yenidənqurma və tikinti-quraşdırma işləri aparılır. Yenidənqurma işləri zamanı milli memarlıq üslubu ilə müasirlik tam uzlaşdırılıb, orijinal elementlər və formalarla zənginləşdirilib. Parkın ərazisində çoxlu ağac və dekorativ gül kolları əkilib, çəmənlik salınıb. Ölkəmizdə aparılan abadlıq-quruculuq işləri əhalinin istirahətinin təşkilində ciddi dəyişikliklərə səbəb olub. Şəhər və rayonlarımızın simasını daha da gözəlləşdirən yeni parkların salınması, həmçinin mövcud parkların yenidən qurulması diqqət mərkəzində saxlanılır. Bu da regionlarda həyata keçirilən quruculuq işlərinin davamlı və kompleks xarakter daşımasına əyani sübutdur. Eini zamanda, Prezident İlham Əliyevə Xızı şəhərinin mərkəzi hissəsinin yenidən qurulması layihəsi barədə ətraflı məlumat verilərək diqqətə çatdırılıb ki, layihədə nəzərdə tutulan "Xızı Grand Hotel" ən yüksək standartlar səviyyəsində inşa olunacaq. Daha sonra İlham Əliyev Xızıda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Qeyd olunub ki, rayonun mərkəzində yeni tikilən Heydər Əliyev Mərkəziində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar toplanıb. Burada Heydər Əliyevin Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi, bu böyük şəxsiyyətin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində müstəqilliyin ilk illərində ölkəmizdə vətəndaş müharibəsinin qarşısının alınması, iqtisadiyyatın ağır böhran vəziyyətindən çıxarılaraq inkişaf yoluna qədəm qoyması, qüdrətli ordu quruculuğu istiqamətində həyata keçirilən mühüm tədbirləri əks etdirən foto, kitab və digər vəsaitlərə geniş yer verilib. Müasir interyeri ilə diqqəti cəlb edən Mərkəzin foyesində Ümummilli Liderin büstü qoyulub. Mərkəzdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə dair tarixi sənədlərə geniş yer verilib. Bundan başqa, Mərkəzdə Ümummilli Liderlə bağlı kitablar, sənədlər və digər maraqlı eksponatlar sərgilənir. Qeyd edilib ki, bu Mərkəzdə də vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı və bununla bağlı mərasimlərin təşkili də nəzərdə tutulur. Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Dövlət başçısı həmçinin Xızı Rayon İcra Hakimiyyətinin yeni binasında yaradılan şəraitlə tanış olub. Dövlət başçısına məlumat verilib ki, binanın inşasına 2013-cü ilin aprelində başlanılıb və bu ilin iyulunda başa çatdırılıb. Foyedə ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Binada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi naminə çoxşaxəli fəaliyyətlərini əks etdirən fotoguşələr yaradılıb. Fotoguşələrdə, həmçinin Prezident İlham Əliyevin müxtəlif illərdə Xızı rayonunda keçirilən tədbirlərdə iştirakını əks etdirən şəkillər böyük maraq doğurur. Dövlət başçısı otaqlarda yaradılan şəraitlə də tanış olub. Otaqların hamısı müasir tələblər səviyyəsində qurulub. Burada müasir idarəetmə metodlarından istifadə etmək üçün bütün texniki imkanlar yaradılıb. Bu da icra strukturunun işinin daha mükəmməl qurulmasına, rayon icra hakimiyyəti əməkdaşlarının səmərəli fəaliyyətinə geniş imkan yaradır. Operativ idarəetmə otağı vasitəsilə sakinlər inzibati binaya gəlmədən onları narahat edən problemlərlə əlaqədar icra hakimiyyətinin məsul şəxsləri ilə birbaşa videoəlaqə yarada biləcəklər. Artıq rayonun bütün icra nümayəndəlikləri şəbəkəyə qoşulub. Akt zalında tədbirləri yüksək səviyyədə keçirmək üçün hər cür şərait yaradılıb. Binada kitabxana, iclas və konfrans zalları, inzibati və digər otaqlar vardır. İcra hakimiyyətinin binası, eyni zamanda, şəhərin simasına yeni görkəm verir. Binanın yerləşdiyi ərazidə geniş yaşıllaşdırma işləri aparılıb, müasir işıqlandırma sistemi quraşdırılıb. Prezident İlham Əliyev əhaliyə yüksək xidmət göstərilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.