Avrasiya İttifaqının Qarabağ planı: Ermənistan nə edəcək?

Natiq Cəfərli: “Məsələ ilə əlaqədar Qərb və Rusiya tərəfindən müxtəlif təkliflər irəli sürülür”

Ermənistanın Avrasiya İttifaqına üzv olması üçün rəsmi İrəvan qarşısında maraqlı şərt irəli sürüldü. Ermənistan bunun üçün ilk növbədə Qarabağla arasında Ticarət və Sənaye Palatası yaratmalıdır. Çətin dilemma qarşısında qalan hakimiyyət AİB-in bu tələbini yerinə yetirməkdə tərəddüd edir. Əgər şərt yerinə yetirilməsə, Qərblə münasibətlərini korlayan Ermənistan vakuma düşəcək. Yox, əgər şərt yerinə yetirilsə, Qarabağı birdəfəlik itirmiş kimi olacaq. Məsələyə münasibət bildirən "Real" Hərəkatının icraçı-katibi Natiq Cəfərli hesab edir ki, Ermənistan bu məsələdə tezliklə qərar qəbul etməkdən qaçaraq prosesləri bir qədər də uzadacaq. Vaxt udmağa çalışacaq. Region və Qarabağ ətrafında baş verən proseslərin son dövrlərdə xeyli aktivləşdiyini deyən N.Cəfərlinin sözlərinə görə, məsələ ilə əlaqədar Rusiya və Qərb tərəfindən müxtəlif təkliflər var: "Bu təkliflərin dəyərləndirilməsi prosesi gedir. Ermənistan hakimiyyəti ona görə də çalışacaq ki, məsələ ilə əlaqədar hansısa konkret qərar verməkdən çəkinsin. Bu məsələnin həllində o təklifləri irəli sürənlərin mövqeyi çox həlledici rol oynayacaq. Əgər ciddi təzyiqlər olacaqsa və müqavilələrin imzalanması hansı şərtlər daxilində konkretləşəcəksə, Ermənistanın mövqeyində aydınlıq görəcəyik. Ermənistan bu məsələləri Rusiya ilə məsləhətləşmələr yolu ilə həll etməyə çalışacaq. Çünki Ermənistanı müstəqil dövlət adlandırmaq belə çətindir. Rusiyadan ciddi siyasi və iqtisadi asılılığı var. Həm daxili, həm beynəlxalq, həm də Qarabağla bağlı məsələlərdə Ermənistan hakimiyyəti müstəqil qərar verə bilmir. Bu məsələlərin həllində də Rusiyanın mövqeyi çox müham rol oynayacaq". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00