“Ağdamın işğal edilməsində həm mənəvi, həm hüquqi məsuliyyət Surət Hüseynovun boynundadır”

Rey Kərimoğlu: Surət Hüseynovun batalyonu tankların üzərinə soyuducu, xalça və gəbə yığaraq Ağdamdan çıxdılar

Ağdam Azərbaycanın ən inkişaf еtmiş, güclü sənayеsi və kənd təsərrüfatı, böyük iqtisadi potеnsialı olan  rayonlarından idi. Ərazisi 1094 kvadrat kilometr, əhalisi 160 min nəfərdən çox olub. Ağdamda 134 kənd, 36 kolxoz və sovxoz, 12 sənayе, 196 mədəni-maarif, 158 səhiyyə obyеkti, 103 məktəb vardı. Dəniz səviyyəsindən yüksəkliyi 410 mеtr, maksimum yüksəkliyi 1365 mеtrdir. İqlimi, əsasən, mülayim isti, quraq subtropikdir. Dağətəyi yеrlərdə yüksəklik artdıqca iqlim mülayimləşir. Ən çox yağıntı dağətəyi sahələrə düşür. İllik yağıntı 300-500 mm-dir. Rayonun ərazisindən Qarqar və Xaçın çayları axır.Ağdamda çoxlu sayda tariximizin şahidi olan mеmarlıq abidələri var. Ağdam şəhərinin şimal-qərbində Xındırıstan kəndində yеrləşən Üzərlik təpə abidəsi, Xaçındərbənd kəndindəki Qutlu Musa oğlu günbəzi (1314-cü il), Salahlı-Kəngərli kəndindəki türbə və daş abidələri (XIV əsr), Papravənd kəndindəki Xanoğlu türbəsi (XVII əsr), türbələr və məscid (XVIII əsr), Qarabağ xanı Pənahəli və onun nəslinin Ağdam şəhərindəki imarəti (XVIII əsr), Şahbulaq qalası və s. mеmarlıq abidələri yerləşir. Rayon ərazisinin 1700 hеktarı mеşəlik, 91.3 hеktarı isə kənd təsərrüfatına yararlı torpaqlardan ibarət idi. Kənd təsərrüfatının istiqaməti isə əsasən pambıqçılıq, üzümçülük və hеyvandarlıqdır. 1993-cü ilin iyununda еrməni-rus birləşmələri yеni hücum əməliyyatına başladı. Еrmənistanın işğalçı qüvvələri Ağdam rayonunun Qarqarçayı, Saybalı kəndinə qədər ərazini işğal еtdi. İyulun 23-də isə Ağdamın 80%-i erməni-rus birləşmələri tərəfindən tutuldu. İşğal nəticəsində Ağdamın rayon mərkəzi ilə birlikdə 90 kəndi, 10 kolxozu, 2 sənayе, 100-dən artıq mədəni-maarif, bir o qədər də səhiyyə obyеkti düşmən əlinə kеçib.

"Ağdamdan Xankəndinə gedən yol vardı"

Hərbçilər Ağdamın işğal edilməsi müxtəlif səbəblərlə izah edirlər. Ehtiyatda olan zabit (polkovnik-leytenant), I Qarabağ müharibəsi veteranı Üzeyir Cəfərova görə, Ağdam da Qarabağda yol verilmiş xətaların qurbanı oldu. Ü.Cəfərov hesab edir ki, Ağdamın işğal faktı da digər rayonlardan fərqlənmir:

- Rayonun işğalı ermənilərin çoxdan qarşılarına qoyduğu strateji məqsəd idi. Qarabağ müharibəsi vaxtı ermənilərin hədəf aldığı ən böyük yaşayış məskənlərindən biri Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl olub. Müharibə vaxtı insanların özlərini müdafiə etmək üçün silah-sursatı yox idi. Ağdamı yalnız könüllülər qoruyurdular. Milli ordunun rayonun müdafiə edilməsində xeyli fədakarlığı oldu. Çoxlu itkilər verdik. Müasir, döyüş təcrübəsi olmayan qoşun növünün erməni-rus birləşməsinin qarşısında duruş gətirməsi mümkün deyildi. Nəticədə isə Ağdam da digər rayonlar kimi işğal edildi. Ağdam işğal olunanda orduda pərakəndəlik hökm sürürdü. Ayrı-ayrı müdafiə dəstələri Müdafiə Nazirliyinin nizami bölmələrinə tabe olmaq istəmirdilər, aralarında anlaşılmazlıqlar vardı. Hərbidə pərakəndəlik halları yolverilməzdir və bunun nəticələri də ağır olur. Ağdamın timsalında da bunun şahidi olduq. Digər tərəfdən düşmən üçün rayonun strateji əhəmiyyəti böyük idi. Ağdamdan Xankəndinə gedən yol vardı. Qarabağa giriş üçün açar rayonlardan biriydi. Ağdamın işğalı düşmənə ruh yüksəkliyi gətirdi. Rayonun işğalı eyni zamanda Azərbaycan əsgərinə və könüllü dəstələrinə vurulmuş ən böyük psixoloji zərbə oldu. Ağdam gedəndən sonra insanlarda təşviş yarandı, ruh düşkünlüyü başladı. Nəticədə isə erməni-rus birləşmələri Ağdamı asanlıqla ələ keçirdilər.

"Vəziyyət çox ağır idi"

Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu isə hesab edir ki, Ağdam və digər rayonların işğal edilməsində əsas məsuliyyəti Rusiya daşıyır. R.Kərimoğlu qeyd edib ki, Dağlıq Qarabağ və ətraf rayonların işğal edilməsində Rusiya Ermənistana böyük köməklər göstərib. Qazinin sözlərinə görə, həmin ərəfədə Azərbaycanda siyasi boşluqlar həll edilməmişdi:

- Ağdamın işğal edilməsində həm mənəvi, həm hüquqi məsuliyyət Surət Hüseynovun boynundadır. Əraziləri 7-8 il müdafiə edən adamlar Ağdam işğal ediləndə ortada yox idilər. Fred Asif xəstəydi, qan qusurdu, çox ağır vəziyyətdəydi. Ağdamı müdafiə edən sərkərdələrin əksəriyyəti müharibədə şəhid oldular. Ağdamdan sonra Füzuli və Cəbrayıl da işğal olundu. Bu məsələlər Surət Hüseynovun vicdanına yazılmalıdır. İstər o, istərsə də bu dünyada Surət Hüseynov bunlara görə cavab verəcək. Şuşadan sonra bir də Ağdamın işğalı ilə əsgərlərdə ruh düşkünlüyü baş qaldırdı. Bu sistemsizlik yaratdı. Surət Hüseynovla yanaşı Ələkrəm Hümbətovun da bu problemlərin ortaya çıxmasında "xidmət"ləri oldu. Onlara buna görə, həbs cəzası verildi. Amma heç bir cəza Vətən torpağının bir qarşının işğalda qalmasının bədəlini ödəmir. Ağdamdakı yerli batalyonlar mərkəzdən xəbərsiz 34-35 gün döyüşdülər. Ağdam həmin ərəfədə bir tərəfdə Əsgəran, solda Martuni, sağda Ağdərə istiqamətində 34-35 gün köməksiz müqavimət göstərdi. Surət Hüseynov Bərdədən qoşunlarını həmin ərazilərə gətirmişdi. İyulun 4-dən Ağdam işğal olunana qədər bölgədə çox ciddi problemlər ortaya çıxdı. Surət Hüseynovun qoşunlarının bir hissəsi Uzundərəyə dirənmişdi. Cəbrayıldan sərnişin avtobusunda sərnişinlərin insanların ayaqlarının altında Ağdama silah gətirilirdi. Halbuki Ağdamda kifayət qədər silah-sursat vardı. Ağdamda vəziyyət çox ağır idi. Üç tərəfdən düşmən, bir tərəfdən də Surət Hüseynov hücum edirdi. İndi bəzi insanlar siyasi məqsədləri üçün Surət Hüseynovu müdafiə edirlər, guya onun günahları yoxdur. Amma Ağdam, Füzuli və Cəbrayılın işğal edilməsində əsas məsuliyyət birabaşa Surət Hüseynovun üzərindədir. Məsələni o tərəf, bu tərəfə dartmağın heç bir mənası yoxdur. Ağdam birinci olaraq Hüseynovun dəstələri tərəfindən işğal edildi. Yerli batalyonlar çıxarılaraq Surət Hüseynovun dəstələri onun yerinə yerləşdirildi. Həmin vaxt İsanın batalyonu Abdal-Gülablı və Muğanlı istiqamətində döyüşürdü. Onun yerini də Surət Hüseynovun dəstələri aldı. Onun dəstələri Şelli və digər istiqamətlərdə yerləşdirildi. 10 gün çəkməmiş Surət Hüseynovun batalyonu tankların üzərinə soyuducu, xalça və gəbə yığaraq Ağdamdan çıxdılar. Bu hamının gözü qabağında olub. Təbii ki, Ağdam və digər rayonların işğalında ən əsas rolu Rusiyanın geosiyasi məqsədləri oynayır.

Mənsur Rəğbətoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00