Azərbaycan AŞ Nazirlər Komitəsinin sədri kimi Malayziya təyyarəsinin Ukraynada qəzaya uğraması ilə əlaqədar başsağlığı verib
22 İyul 2014 12:16 SiyasətAzərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sədrlik etdiyi Avropa Şurası Nazirlər Komitəsi adından Malayziya təyyarəsinin Ukraynada qəzaya uğraması ilə əlaqədar bəyanat verib. Nazir bəyanatında Ukraynanın şərqində "Malaysia Airlines" şirkətinə məxsus təyyarənin qəzaya uğrmasından sarsıldığını bildirib: "Avropa Şurası Nazirlər Komitəsi adından, bütün qurbanların ailələrinə dərin hüznlə başsağlığı vermək istəyirəm. Mən qurbanlara və onların ailələrinə hörmət kimi qurbanların cəsədlərinin tez bir zamanda repatriasiyasına kömək etməyə çağırıram. Mən bu faciənin hərtərəfli, müstəqil və şəffaf istintaqının tez bir zamanda aparılmasına dair çağırışlara qoşuluram".
Qeyd edək ki, iyulun 17-də axşam "Malaysia Airlines" şirkətinin "Boeing 777" təyyarəsinin Ukraynanın Donetsk vilayəti üzərində qəzaya uğradığı məlum olub. 298 sərnişini olan təyyarə Amsterdamdan Kuala-Lumpura uçurmuş. Qəzada sağ qalan olmayıb. Trend