Müsavat rəhbərliyi Qubad İbadoğlunu seçdi

Müsavatdakı mənbə: “Ona verilən partiyanı istənilən vaxt geri qaytarmaq olar, Arif Hacılıdan isə olmaz”

Müsavat Partiyasında başqanlıq mübarizəsi sürətlənir. Belə görünür ki, sentyabrda qurultay baş tutacaq və partiyanın başqanı dəyişəcək. Görünür, Arif Hacılı tərəfdarlarının basqısı nəticə verib. Qeyd edək ki, Hacılı tərəfdarları israrla qurultayın keçirilməsini tələb edirlər. Müsavat rəhbərliyində əksəriyyətin Arif Hacılının başqanlığını qəbul etməyəcəyi şəksizdir. Maraqlıdır ki, İsa Qəmbər və digər antiHacılı qrup Hacılının qarşısını başqa yolla kəsməyə çalışır. Təcrübəli siyasətçinin qarşısına Divan üzvü, iqtisadçı alim Qubad İbadoğlu çıxarılıb. Qubad bəy özü də başqan olmağa həvəslidir. "Yeni Müsavat"da piarının qurulması belə deməyə əsas verir ki, Rauf Arifoğlu da İbadoğlunun başqan olmasından yanadır. Müsavatdakı mənbə bununla bağlı maraqlı detal açıqladı: ""Yeni Müsavat" qəzeti 6 aydır ki, Qubad İbadoğlunun təbliğatı ilə məşğuldur. İbadoğlunun Qırğızıstan səfəri bu qəzetdə onun başqanlıq gəzisi kimi təqdim olunub. Son müsahibəni götürən əməkdaşlar arasında Rauf bəyin qardaşı da var. Bu ona işarədir ki, Rauf Arifoğlu Qubad İbadoğlunun başqan olmasından yanadır. Əslində Arifoğlu İbadoğlunu könüllü dəstəkləmir. Sadəcə, anlayır ki, İsa Qəmbər İbadoğlundan yanadır. Həm də İbadoğlu hər kəsi qane edəcək adaydır. Mötədildir, Arif Hacılı kimi qətiyyətli, təcrübəli siyasətçi deyil. Ona verilən partiyanı istənilən vaxt geri qaytarmaq olar, Arif Hacılıdan isə olmaz". Göründüyü kimi, Qubad İbadoğlunun şansları daha çoxdur. Aşağılar Arif Hacılını dəstəkləsə də, Müsavat elitası İbadoğlunu müdafiə edir. Aşkar görünür ki, mübarizə çətin keçəcək. Arif Hacılı partiya daxilində gücdür, onun rayon təşkilatlarında yetərli dəstəyi var. Seçki demokratik keçirilərsə, saxtalaşdırma olmazsa, Arif Hacılı qalib gələcək. Unutmayaq ki, Arif Hacılı 2000-ci ildə keçirilən praymerizi (ilkin seçki) udmuş adamdır. O vaxt partiyada Sülhəddin Əkbər, İbrahim İbrahimli, Vurğun Əyyub, Nəsib Nəsibli kimi şəxslər vardı və onlar rəhbərlikdə təmsil olunurdular. Arif Hacılı bu cür güclü fiqurlara qalib gəlibsə, İbadoğlunu yenmək asan olacaq. Ancaq bir iş var ki, bu dəfə Qubad İbadoğlu başqan da daxil olmaqla elitadan dəstək alır. Onlar Arif Hacılını demokratik yolla yenməyin yolunu da bilirlər. Qurultaya Hacılı tərəfdarı olmayanlar nümayəndə seçiləcək. Qurultayda başqa öz adayını açıqlayacaq, bununla da müsavatçılar kimə dəstək verəcəklərini müəyyən edəcəklər. Böyük əksəriyyət Qubad İbadoğluna səs verəcək. Ancaq Hacılı uduzsa, Müsavatda bölünmə və qopmalar qaçılmaz olacaq. Arif Hacılının Müsavatdan bir neçə rayon şöbəsini, Divan üzvlərini aparacağı istisna edilmir. Şimal-Qərb bölgəsinin təmsilçisi kimi Hacılı siyasi pariya qura bilər. Və sözügedən bölgənin elektoratının Arif bəyə dəstək verəcəyi də istisna deyil.

Zaur Sultanbud

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00