“Qızıl Xaçın bivecliyi nəticəsində əsirləri azad edə bilmirik”
Üzeyir Cəfərov: “Həmin vətəndaşlar Azərbaycan ərazisində girov götürülüblər, Kəlbəcər Azərbaycan ərazisidir”
21 İyul 2014 15:27 Siyasət"Ermənistan Dilqəm Əsgərov və Şahbaz Quliyevi "diversant" adlandırmaqla özünü gülünc yerinə qoydu" - hərbi-ekspert Üzeyir Cəfərov "Olaylar"a açıqlamasında belə deyib. Ü.Cəfərov qeyd edib ki, iyulun 11-dən bu günədək Ermənistan azərbaycanlı əsirlərlə bağlı düzgün arqument ortaya qoya bilməyib. Ekspertin sözlərinə görə, ermənilər Quliyev və Əsgərovu gah "diversant", gah hərbi qulluqçu kimi təqdim edirlər: "Gah da Kəlbəcərə Ermənistan ərazisindən keçdiklərini iddia edirlər. İnsanı hansısa məsələyə görə, mühakimə etmək üçün konkret maddə olmalıdır. Ermənistan özbaşına deyil ki, vətəndaşlarımızı mühakimə etsin və Azərbaycan da buna etinasız qalsın. Sözsüz ki, Azərbaycan öz vətəndaşlarına sahib çıxacaq. Onların tezliklə düşmən əsarətindən xilas olmasına çalışmalıyıq. Keçən günlər ərzində Qızıl Xaç Komitəsinin bivecliyi nəticəsində biz vətəndaşlarımızı ermənilərin əllərindən ala bilmirik. Ermənilərin onlara hansı işgəncələri verməsindən xəbərsizik. Fiziki işgəncələr altında onlara istənilən sənədə imza atdıra, nəticədə isə üzərlərinə hansısa məsuliyyəti götürə bilərlər. Bu Helsinki Konvensiyasına zidd olan haldır. Azərbaycan bu konvensiyanın tələblərinə uyğun olaraq öz vətəndaşlarını müdafiə etməlidir. Həmin vətəndaşlar Azərbaycan ərazisində girov götürülüblər. Kəlbəcər Azərbaycan ərazisidir. Azərbaycan BMT-nin qəbul etdiyi qətnamələri əlində rəhbər tutaraq Ermənistan silahlı qüvvələrinə onun vətəndaşlarına qarşı zor işlətdiyinə görə beynəlxalq ictimaiyyət qarşısında məsələ qaldırmalıdır. Bununla biz Ermənistana qarşı əks zərbə endirmiş olarıq". ("OLAYLAR" İA)