Millət vəkili: "Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini kütləvi şəkildə minalaması yolverilməzdir"
18 İyul 2014 19:02 Siyasət"Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin minalamasından Dağlıq Qarabağda yaşayan və Azərbaycan vətəndaşı olan ermənilər də əziyyət çəkəcək". Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Kəlbəcərdə Ermənistan hərbçiləri tərəfindən azərbaycanlıların girov götürülməsindən sonra dünən Ermənistanın müdafiə naziri Seyran Ohanyanın hökumətin iclasında Kəlbəcərə gedən bütün yolların tapılacağı və minalanacağı barədə bəyanatına münasibət bildirərkən deyib. Millət vəkili bildirib ki, ərazilərin minalanması, ümumiyyətlə, beynəlxalq qanunlara ziddir: "Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində həyasız davranışı və kütləvi şəkildə minalama siyasətini həyata keçirməsi yolverilməzdir. Ərazilərin minalanmasından mülki şəxslərin daha çox zərər çəkməsi ehtimalı var. Bundan Dağlıq Qarabağda yaşayan və Azərbaycan vətəndaşı olan ermənilər də əziyyət çəkəcək. Bu baxımdan Ermənistanın bu hərəkəti həyasız və qudurğan davranışdır və nə qədər ki, beynəlxalq təşkilatlar Ermənistana "dur" deməyəcək, onlar bu cür addımlarını davam etdirəcəklər". Ç.Qənizadə qeyd edib ki, Kəlbəcərdə girov götürülən azərbaycanlılar mülki şəxslər olublar və onların getdikləri yerlər də Azərbaycan əraziləridir: "Sadəcə münaqişə zonasına keçərək öz ata-baba yurdlarını ziyarət ediblər. Onların tanınmayan bir respublikanın qanunları ilə mühakimə olunması da təbii ki, qəbuledilməzdir. Dünya "Dağlıq Qarabağ" adlı bir respublikanı tanımayıb. Yəni bu, özbaşınalıq və həyasızlığın ən ifrat formalarından biridir". Millət vəkilinin sözlərinə görə, indi ermənilər qəsdən məlumat yayırlar ki, girov götürülən azərbaycanlılar guya hanısısa 17 yaşlı erməninin ölümündə günahlandırılır: "Hələ yoxlamaq lazımdır ki, belə bir gənc ölübmü, ümumiyyətlə, belə bir adam varmı? Azərbaycanlıların bu gənclə nə əlaqəsi? Ümumiyyətlə, bunlar hamısı qurulmuş bir ssenaridir". Hüquq müdafiəçisi, həmçinin qeyd edib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinin indiyədək girov götürülmüş azərbaycanlılarla görüşə bilməməsi onu göstərir ki, bu təşkilatlar Ermənistan kimi dövlətin əlində acizdirlər: "Mən bir millət vəkili və hüquq müdafiəçisi olaraq tələb edirəm: BQXK təcili olaraq Ermənistan hərbçiləri tərəfindən saxlanılan şəxslərin vəziyyəti, səhhəti barədə onların ailələrinə məlumat verməlidir! Girov götürülənlərdən biri etnik baxımdan azərbaycanlı olsa da, Rusiya vətəndaşıdır. Ona görə də Azərbaycanın rəsmi qurumları Rusiyanın Xarici İşlər Nazirliyinə müraciət edərək həmin şəxsin geri qaytarılması üçün Rusiyanın vasitəçi olması üçün müraciət etməli və ondan dəstək istəməlidir". Digər tərəfdən Ç.Qənizadənin fikrincə, Ermənistanın bugünkü qudurğan davranışı, beynəlxalq hüquq normalarına arxa çevirməsi məhz elə Rusiya və digər dövlətlərə güvənməsinin nəticəsidir: "Məsəl var, "arxalı köpək qurd basar". Hesab edirəm ki, bu cür dövlətlər Ermənistanın arxasında durmasa idi, o bu cür həyasızcasına öz işğalçı siyasətini həyata keçirə bilməzdi". Trend