Rusiya Dilqəm Əsgərovu qaytarmaq üçün Ermənistana ordu yeritsin!
Həyatlarını təhlükə altında qoyaraq 21 ildir Ermənistan işğalında olan Kəlbəcərə onları aparan nə idi?
17 İyul 2014 17:19 SiyasətErmənistan ordusunun əsir götürdüyü azərbaycanlılar Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı maraqlı məlumatlar ortaya çıxıb. Belə ki, Ermənistan tərəfi Azərbaycandan işğal altında olan Kəlbəcərə keçərkən əsir götürdüyü Əsgərov və Quliyevi "diversant" adlandırdıqdan sonra onların Rusiya vətəndaşı olması barədə informasiya yayıb. Məsələ Azərbaycan ictimaiyyəti və mətbuatında müzakirəyə çıxarılıb. Ermənistanın iddiasından belə məlum olur ki, "diversant" adlandırılan şəxslər Kəlcəbərə Rusiya tərəfindən göndərilib. Məsələdən daha iki maraqlı məqam bəlli olur: Birincisi, Ermənistan özünün regionda yeganə müttəfiqi adlandırdığı Rusiyanı təxribatda ittiham edir; İkincisi, rəsmi Moskva Ermənistan tərəfinin bu iddiasına cavab verərək vətəndaşlarının müdafiəsinə qalxmalıdır. Çünki, ortada olan fakt həm Rusiya baxımından Ermənistanın, həm də beynəlxalq ictimaiyyətin nəzərində Moskvanın əleyhinə işləyir. Düzdür, Azərbaycan Dilqəm Əsgərov və Şahbaz Quliyevi ona aidliyini üzərindən atmır. Birmənalı şəkildə Əhmədov və Quliyevin Vətəni Azərbaycandır. Vətəndaşlıq hansısa sənədlə yox, onun milli kimliyinin haraya aid olması ilə ölçülür. Belə olmasaydı, həyatlarını təhlükə altında qoyaraq onları 21 ildir Ermənistan işğalında olan Kəlbəcərə aparan nə idi? Cavab: - Vətən sevgisi və doğulduğu məmləkəti görmək! Azərbaycan hökuməti artıq məsələyə öz münasibətini bildirib. Rəsmi Bakı azərbaycanlı girovların qaytarılması üçün beynəlxalq təşkilatlara müraciət edib. Prezident İlham Əliyevin çıxışlarında tez-tez təkrar etdiyi bir sözü var: "Mən 9 milyonun yox, 50 milyonun prezidentiyəm". Bəli, Azərbaycan hökuməti Şahbaz Quliyev və Dilqəm Əsgərovun qaytarılması üçün onların vətəndaşlığının aid olduğu Rusiyadan daha çox şey edir. Azərbaycanın ictimai rəyində Quliyev və Əsgərovla bağlı narahatlıq daha çoxdur, nəinki problemin ortaya çıxmasından xeyli müddət keçməsinə baxmayaraq susan Moskvada. Rusiya hökuməti də Dilqəm və Şahbazın əsirlikdən azad edilməsi üçün hərəkətə keçməlidir. Eyni zamanda Şahbaz Quliyev və Dilqəm Əsgərovun diversant olmadığını sübuta yetirməlidir. Azərbaycan tərəfi bunu da edib. Azərbaycanın rəsmi şəxsləri və hərbi ekspertləri onların ermənilərin dediyi kimi diversant olmadığını dəfələrlə təkrar ediblər. Moskva isə hələ də susur. Dağlıq Qarabağ münaqişəsini başımıza bəla kimi gətirən Rusiya susmalıdır. Bəli, bu məsələdə Rusiya susmalıdır. Günahkardır. Oğrulara həmişə susmaq yaraşır. Həmişə qonşuluğunda Azərbaycan olması xofunu yaşayan Ermənistan narahat olmalıdır. Ədalətli mövqeyinin tanıdılması üçün, dünyanın istənilən yerində burnu qanıyan bir vətəndaşının taleyilə maraqlanan Azərbaycan danışmalıdır. Amma yox, Rusiya erməni bəlasını bizə necə müsəllət edibsə, elə də Dilqəm Əsgərov və Şahbaz Quliyevi Azərbaycana qaytarmalıdır. Öz qanunvericiliyilə mühakimə etmədən, cinayət işləməkdə təqsirli bilmədən Azərbaycana təhvil verməlidir. Çünki onlar nə günahkar, nə də cinayətkardırlar. Əsl qəhrəmanlardır. Sabah eyni hadisə bir tatar tərəfindən Krımda da təkrar ola bilər? Bəs Rusiya nə edəcək, Ukrayna hansı addımı atacaq? Biz Dilqəm və Şahbazın geri qaytarılması üçün əlimizdən gələni yox, gəlməyəni edəcəyik. Bu işdə Rusiya bizə yardımçı olmağa borcludur. Bu onun vəzifəsidir. Çünki biz bilirik ki, Ermənistan kimi ölkələrin rəhbərlikləri heç vaxt öz qərarlarına tabe deyillər, boyunduruq altındadırlar. Kim hara çəksə, onun arxasınca gedirlər. Sərkisyan da belələrindəndir. Və Kreml Ermənistanda söz sahibi olduğu kimi Dilqəm Əsgərov, Şahbaz Quliyev və onlarla birlikdə digər Qarabağ əsirləri, atəşkəs dövründə götürülmüş girovları zəhmət çəkib geri qaytarsın. Rusiya hökuməti bunu edər? Yox! Federasiyada yaşayan Çeçenistan, Azərbaycan, Dağıstan, Tatarıstan, İnquşetiya, Özbəkistan, Qazaxıstan və digər respublikalardan olan vətəndaşlarına zəncirlənmiş skenhidlərini qısqırdan Moskva Dilqəm və Şahbazı qaytarmaz. Amma qaytarmalıdır, təkrar-təkrar deyirik, o buna borcludur. Erməni bəlasını üzərimizdən götürmək Rusiyanın görməli olduğu birinci vəzifəsidir. Məsələn, Prezident Vladimir Putin Ukraynadakı vətəndaşlarının müdafiəsi altında bu ölkəyə ordu yeritdiyi kimi Dilqəm və Şahbazın qaytarılması üçün Ermənistana da ordu yeritsin. Bunu da etmirsə, o zaman beynəlxalq qanunvericiliyə əsaslanaraq addımlar atsın. Biz gözləyirik!
Ömər Zamin