AXCP Müsavatın bəhanəsini kəsdi
Əmircanda böyük tədbir keçirmək olarmış
17 İyul 2014 16:00 SiyasətMəşədi Cəfər
Müxalifət Xalq Cəbhəsinin yubileyini yenə ayrı-ayrılıqda qeyd elədi. Müsavat öz qərargahında, AXCP başqa bir yerdə. Tədbirlər qarşılıqlı şəkildə boykot olundu. Müsavat dəvət etsə də, AXCP gəlmədi. AXCP isə yəqin ki, Müsavatdan heç kimi dəvət eməyib. Nöşün ki, Müsavat Milli Şuranı tərk etdi, AXCP-ni tək qoydu. AXCP qisasını çıxıb Müsavatı dəvət etməyib. Bunun ayrı adı yoxdu. Çünki siyasi kurs fərqi və "real müxalifət deyil" söhbəti keçərli olsaydı, ADP də dəvət olunmazdı. Müsavat nə qədər real müxalifət olmasa da, ADP qədər loyal deyil. Deməli, Müsavatı bilərəkdən dəvət etməyiblər. Yəni "biz səni öz tədbirimizdə görmək istəmirik". Tədbir Əmircam Mədəbiyyət Evində baş tutub və şəkillərdən də görünür ki, pis keçməyib. İnsafən, Əli Kərimlinin və "Yurd"un mətbuatla yaxşı işləməyi var. Onlar balaca toplantını möhtəşəm tədbir kimi təqdim edə bilirlər. Tədbirin şəkillərinə baxdığımızda zalın dolu olduğu görünür. Düzdü, baməzə dostlarımızdan biri "zala adamları 5 manatdan pul ödəyib doldurublar" dedi. Ancaq təbii ki, biz buna inanmırıq. Müsavatçı deyilik ki, belə şeyləri danışaq, yazaq.
AXC-nin yubiley tədbirində iki mühüm nüans diqqəti çəkdi. Birincisi, ADP sədri Sərdar Cəlaloğlunun çıxışı idi. Son illər siyasətdən çox elmlə, ədəbiyyatla, fəlsəfə ilə məşğul olan, sağa-sola replika atan, heç nəyi bəyənməyən Sərdar bəy burda da özünü ADP İdarə Heyətində zənn edib, xeyli xətalar buraxıb. Məsələn, deyib ki, "AXCP Elçibəydən sonra bitdi", "Dövlət dilinin adını AXC yox, İmam Mustafayev qaytarıb" və s. Bu da cəbhəçiləri xoşuna gəlməyib, onu fitə basıblar, ADP sədri də sözünü yarımçıq bitirib zalı tərk edib. Cəbhəçilər düz etməyiblər. Qaragüruh dövrü çoxdan gedib. Qoyun, adam sözünü desin. Hər halda qonağa hörmətsizlik yarayan iş deyil. Sərdar Cəlaloğluna gəlincə, adama deyərlər, a balam, getmisən ayran içməyə, ya ara açmağa? Getmisən, elə danış ki, kişilərin xoşuna gəlsin.
Yubiley tədbirində ikinci ən böyük mesaj heç kimin gözləmədiyi halda Müsavata edilib. Deyəcəksiniz ki, axı, Müsavatın adı çəkilməyib. Düzdür, çəkilməyib, ancaq mesaj verilib. Bəllidir ki, Müsavat öz qurultayını ləngidir. Bakı meriyası bir neçə yer təklif edib. Müsavat isə "qonaqlarımız çoxdu" deyib, daha böyük yer istəyir. Meriyanın təklif etdiyi yerlər arasında Əmircandakı Mədəniyyət Evi də vardı. AXCP bu məkanda tədbir keçirməklə Müsavata da, cəmiyyətə də mesaj verdi: "Baxın, biz keçirdk, ayaq üstə qalan da olmadı. Niyyətiniz qurultay keçirməkdirsə, gedin keçirin. Yox, keçirmək istəmirsinizsə, o zaman açıq deyin, yeri bəhanə etməyin!"Bu tədbirdən sonra meriya çətin ki, Müsavat başqa yer verə. Qorxuram, bundan sonra Müsavata belə bir cavab göndərilə: "Sən Allah, qurultay keçirmək istəyirsinizsə, gedin Əmircana. Yox, niyyətiniz vaxt udmaq, qurultayı ertələməkdirsə, o zaman vaxtımızı almayın, gedin başqa yerdə oynayın".