“Kəlbəcərli qardaşlarımızın girov götürülməsi...”
Qənirə Paşayeva: “Ermənistanla bərabər ATƏT-in Minsk qrupunun də suçudur”
16 İyul 2014 15:00 SiyasətSon günlər həm Ermənistan, həm Azərbaycan mətbuatında Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonu ərazisində tutulan Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqında çoxsaylı məlumatlar dərc edilir. Müxtəlif prizmalardan yanaşılan bu olay işğalçı dövlət tərəfindən daha aqressiv şəkildə təqdim edilir. Milli Məclisin təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadə də deyir ki, Ermənistan mətbuatı məlumatları əsəbiliklə və gərginliklə verir: "İki mülki vətəndaş onların cəbhə xəttini hiss edilmədən keçərək işğal altında olan Kəlbəcər rayonuna gəlir və hətta orada videoçəkilişlər də edirlər. Bu isə Ermənistanın özündə Ermənistan ordusu haqqında mifi darmadağın etmiş olur.Azərbaycan mətbuatında isə məlumatlar həyəcanla və fəxarətlə verilir. İki mərd Azərbaycan kişisinin ölümünü gözünün qarşısına alaraq düşmən tərəfə keçməsi və özlərini evlərindəki kimi hiss etməsi xalqımızın genetik qorxmazlığından xəbər verir. Əslində də belədir. Kəlbəcər Azərbaycan ərazisidir və hər iki şəxs öz evlərinə getmələri üçün kimdənsə icazə almağa ehtiyac görməyiblər. Yaxınlarının dediklərinə görə onlar əvvəllər də o ərazilərə gedib-gəlirlərmiş. Ermənistan əsgəri tutduğu ərazini heç də güclü qorumurmuş. Hər halda Dilqəmin və Şahbazın o ərazidə tutulması bunu sübut edir. Bilmirəm bu "başısoyuqluğa" görə neçə erməni generalı vəzifəsindən qovulacaq, neçə hərbi hissəyə qəfil yoxlamalar gələcək, ancaq göründüyü kimi silahsız Azərbaycan kişisi silahlı erməni əsgərindən, döşü medallı erməni generalından qat-qat güclü imiş". Millət vəkili bildirib ki, belə nümunələr yaxın tariximizdə artıq varımızdır: "Ramil Səfərovun Ermənistan zabitinin Azərbaycan bayrağına təhqrinə dözməyərək onun layiqli cəzasını verməsini hər birimiz bilirik. Mübariz İbrahimov Ermənistan əsgərlərinin azğınlığına dözməyərək işğal edilmiş tərəfə keçərək neçəsinin layiqli cəzasını verməsi çox ədalətli idi. Dilqəm Əsgərov və Şahbaz Quliyev isə Vətən ayrılığna dözməyərək öz evlərinə döndülər. Onlar üçün bütün müharibə və diplomatik qaydalar mövcud deyilmiş və bununla da Ermənistanın kürkünə birə saldılar". Aydın Mirzəzadə hesab edir ki, bütün oğulları kimi Azərbaycan bu iki qorxmaz oğlunun da qayğısına qalacaq: "Şübhəm yoxdur ki, dövlətimizin gücünü bu məsələdə də görəcəyik. Millət vəkili Qənirə Paşayeva isə hesab edir ki, Kəlbəcərdə ermənilərin iki kəlbəcərlini, Dilqəm Əhmədov və Şahbaz Quliyevi girov götürməsi azərbaycanlılar kimi BMT, ATƏT, Minsk Qrupu da daxil olmaqla, beynəlxalq təşkilatları və ictimaiyyəti ciddi narahat etməli və təcili addım atmalıdırlar: "İnsanı öz həyatını riskə atmağa nə vadar edə bilər? Torpağının, evinin həsrəti. Beynəlxalq Təşkilatlar və ictimaiyyət anlamalıdır ki, öz evindən köçkün düşmüş insanlar artıq dözə bilmir və öz həyatlarını riskə atmaq bahasına da olsa doğulduğu, həyatının böyük bir hissəsini keçirdiyi torpağı, əlləri ilə tikdiyi evini, yaxılarının qəbirlərini görmək istəyir. Artıq dözə bilmirlər. Kəlbəcər onların ata-baba torpaqlarıdır, ermənilərin deyil və bu insanların öz evlərinə getməsində qeyri-qanuni heç bir şey yoxdur. Qeyri-qanuni işi Kəlbəcəri işğal edib, oranı işğalda saxlayan və kəlbəcərli qardaşlarımızı girov götürən ermənilər edirlər. Kəlbəcərli qardaşlarımızın girov götürülməsi Ermənistanla bərabər indiyədək münaqişənin tənzimlənməsi istiqamətində heç bir ciddi addım atmayan beynəlxalq təşkilatların, xüsusilə ATƏT-in Minsk qrupunun də suçudur. İndiyədək işğalçı Ermənistandan işğal etdiyi torpaqları azad etməsini tələb etsəydilər bu kimi hallar yaşanmazdı". Qənirə Paşayeva bildirib ki, Ermənistan girovlara qarşı insanlıqdan kənar əməlləri ilə bir daha çirkin xislətini ortaya qoydu: "Beynəlxalq təşkilatlara, Qızıl Xaç Təşkilatına səslənir və tələb edirik ki, girov götürülmüş qardaşlarımızın azad olunması üçün təcili tədbirlər görsünlər, duyarsız qalmasınlar. Onlar onsuz da uzun illərdir köçkün həyatı yaşamaqla ağrı və əzab içində yaşayırlar. Onlara daha artıq əzab verilməsini kəskin qınayırıq. Ermənilərin öz torpaqlarına gedən mülki azərbaycanlıları mühakimə etmək hüququ yoxdur. Nə ilə mühakimə edəcəklər? O torpaqlar Azərbaycanındır, o insanlar isə evlərinə gediblər.İstənilən azərbaycanlının öz ərazisinə getməyə tam hüququ çatır. Hamını Qızıl Xaç, beynəlxalq təşkilatlar, ATƏT-in Minsk Qrupu həmsədrlərini qardaşlarımızın geri qaytarılması üçün lazımi addımlar atmağa çağırırıq və artıq yetər deyirik".
S.İsmayılbəyli