Müxalifət yubiley günündə də bir araya gələ bilmədi

Düşərgə daxilində mənəvi aşınma son həddə çatıb

Azərbaycan Xalq Cəbhəsinin qurulmasından 25 il ötür. Ölkənin müstəqilliyə qovuşmasında mühüm rol oynamış bu təşkilat 1989-cu ildə qurulub. O vaxtdan çox sular axsa da, çox adamlar xalq cəbhəsi ideyalarına dönük çıxsa da (İdarə Heyəti üzvlərinin bir neçəsi sonradan başqa partiyalara keçdilər, hətta müstəqilliyin əleyhinə çıxanlar da oldu) bu təşkilatın keçmişi var. Bəzi sabiq cəbhəçilər deyir ki, AXCP Elçibəyin vəfatından sonra tarixin arxivinə keçdi. Bunun AXCP-dən çıxarılmış, özünə təşkilat qura bilməmiş adamların qisasçı fikirləri kimi də dəyərləndirmək olar. Ancaq reallıq budur ki, AXCP 25 il öncəki gücdə deyil. Öncə qeyd edək ki, bu gün AXCP-nin üç varisi var. Əli Kərimlinin sədr olduğu AXCP, Qüdrət Həsənquliyevin rəhbərlik etdiyi BAXCP və Mirmahmud Mirəlioğlunun başçılıq etdiyi KXCP. Bu Kərimlinin partiyası, onun fəalları "AXCP bizik" desələr də, bu qurumda cəbhəni qurmuş, ona rəhbərlik etmiş az adam qalıb. Əli Kərimlinin özü 1992-ci ildə Ali Məclisin sədri Arif Hacılının müavini olub. Elçibəy dövründə rəhbərlikdə olmuş adamların əksəriyyəti bu günki AXCP-də yoxdur. AXC-dən qopmuş partiyalarda hesab edirlər ki, AXC-nin yubileyini onlar da keçirə bilər, bu haqq təkcə AXCP-yə aid deyil. Müxalif partiyalar yubileyi ayrılıqda qeyd ediblər. Milli Şuradan çıxandan sonra AXCP ilə arası dəymiş Müsavat Partiyası keçmiş hərəkatçıları öz qərargahında ağırlayıb, yubiley toplantısı keçirib. Toplantıda Müsavat başqanı İsa Qəmbər, KXCP sədri Mirmahmud Mirəlioğlu, Milli Şuranın sədri Cəmil Həsənli AXC-nin Azərbaycanın müstəqillik tarixindəki müstəsna xidmətlərindən danışıblar.  AXCP sədri Əli Kərimli tədbirə dəvət olunsa da, gəlməyib. Ümumiyyətlə, AXCP-dən heç kim tədbirə qatılmayıb. AXCP-nin rəsmi varisi sayılan təşkilatdan heç kimin qatılmadığı tədbirdə Müsavat başqanı "Əbülfəz Elçibəy AXCP-nin ilk və son sədridir"  sözləri ilə yadda qalıb. Bu cümlə Müsavat başqanının Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-nin Elçibəyin varisi saymadığını bir daha sübut edir. Müsavatın dəfələrlə AXCP məsələsində mövqe dəyişməsi çox tənqid olunub və cəbhəçiləri küsdürüb. İsa Qəmbərin bu dəfə sırf düşmənçilik və qisasçılıqla dediyi bu söz müxalifət düşərgəsində yaxşı qarşılanmayıb. Hesab olunur ki, bu fikirlə İsa Qəmbər Müsavatla AXCP arasında mövsud durumu aşkara çıxarıb. Belə çıxır ki, Müsavatın bütün barış istəyinə AXCP yox deyib. AXCP üçün Milli Şuranı tərk etmiş Müsavat "xain və separatçıdır".  AXCP gələn ilki parlament seçkilərinə təkbaşına getmək, Müsavatı ofsaytda qoymaq, ana müxalifət statusunu İsa Qəmbərin partiyası ilə  bölüşmək istəyir. İsa Qəmbərin Əli Kərimlinin AXCP lideri kimi tanımaması bu partiyalar arasında münasibətləri daha da pisləşdirəcək. Bunun bir səbəbi Əli Kərimlinin güzəştsiz və qeyri-konstruktiv mövqeyidirsə, bir səbəbi də İsa Qəmbərin yanlış davranışlarıdır. Hər halda yubiley günündə tikanlı sözlərdən qaçmaq olardı. AXC-nin yubiley gününü müxalifətin həmrəylik gününə çevirmək mümkün idi. Tərəflərin heç biri bunu etmədisə, deməli, müxalifətin hazırkı tərkibində milli dəyərlərdən uzaqlaşma, deqredasiya ifrat həddə çatıb.

Zaur Sultanbud

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00