“Azərbaycan digər ölkələrə yardım etmək iqtidarındadır”
16 İyul 2014 09:45 SiyasətPrezident İlham Əliyevin İtaliya Respublikasına rəsmi səfəri iyulun 15-də başa çatıb.AzərTAc xəbər verir ki, səfərin son günü İlham Əliyev Romada BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Joze Qratsiano da Silva ilə görüşüb. Görüşdə Azərbaycanla FAO arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
İlham Əliyev FAO-nun televiziyasına müsahibəsində deyib ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatında olmaqdan məmnunluq hissi keçirir: "Bizim mükəmməl əməkdaşlığımız var. İki il bundan əvvəl Bakı şəhərində təşkilatın baş direktoru ilə olan görüşümü xatırlayıram. O zaman Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Avropa konfransı keçirildi və bizim çox yaxşı müzakirələrimiz oldu.
Biz BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına kənd təsərrüfatı sahəsində apardığımız islahatlara davamlı dəstək göstərdiyinə görə minnətdarıq. Çünki biz islahatları davam etdiririk, özümüzü istehsal etdiyimiz əsas kənd təsərrüfatı məhsulları ilə 100 faiz təmin etməyə çalışırıq və buna nail olmağa yaxınıq. Buna görə də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının metodoloji tövsiyələri, məsləhətləri və ekspert biliyi bizim üçün çox önəmlidir.
Biz əməkdaşlığımızı çox yüksək dəyərləndiririk və cənab baş direktoru bütün dünyanı, demək olar ki, 200 ölkəni əhatə edən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının nailiyyətlərinə görə təbrik etmək istəyirəm. Mən əminəm ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının fəaliyyətinin praktiki təsiri dünyanın bir çox yerlərində nəzərə çarpır. Bizim əməkdaşlığımız uğurla davam edir. Bu gün əməkdaşlığın yeni formalarını müzakirə etdik və ümidvaram ki, çox tezliklə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycanda ofisi açılacaq. Həmçinin Azərbaycan artıq digər ölkələrə də yardım etmək iqtidarındadır. Biz bu yardımı göstəririk və bunu əməkdaşlığımızın formatı çərçivəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birlikdə etmək istəyirik. Biz artıq bir neçə sahədə donor ölkəsinə çevrilirik və həmçinin kənd təsərrüfatı islahatlarına da öz dəstəyimizi göstərmək istəyirik. Çünki ərzaq təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ən əsas elementlərindən biridir"