“Minsk Qrupunun fəaliyyəti Azərbaycanın vaxtından xərcləyir”

Üzeyir Cəfərov: “Həmsədrlər keçən dövr hansı işləri görüblər ki, onlara inanaq?”

Hərbi-ekspert Üzeyir Cəfərov ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin "Həmsədr ölkələr Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ortaq məxrəc axtarırlar" fikrini şərh edib. Ü.Cəfərov qeyd edib ki, Uorlik hər dəfə ortalığa bir fikir atır və o müxtəlif tərəflərdən fərqli şəkillərdə şərh edilir. Ekspert Ceyms Uorlikdən səsləndirdiyi fikirlərə aydınlıq gətirməsini tələb edir: "Ortaq məxrəc nə deməkdir? Rusiya bir, Fransa digər, ABŞ da tamam başqa variantı təklif edir. ABŞ 7 rayonun, Fransa isə 3 rayonun qaytarılması məsələsini ortaya atır. Həmsədrlər arasında məsələyə dair fikir müxtəlifliyi var. Ona görə də çıxılmaz vəziyyətdə qalıblar. Həmsədrlər Dağlıq Qarabağ münaqişəsini həll edən deyillər. Minsk Qrupunun bu işlə məşğul olması vaxt itkisidir. Keçən 20 il ərzində artıq özlərini sübut ediblər. Ortada isə nəticə yoxdur. Vaxtilə Azərbaycan "Madrid prinsipləri"-nə yaxın durmadı, sonradan qəbul etdi. İndi isə Ermənistan imtina edir. Ermənistanın belə bir mövqe nümayiş etdirməsində Rusiyanın təsirləri var. Həmsədrlər ortaq məxrəc anlayışı həm Azərbaycanı, həm də Ermənistanı razı salmağa yönəlikdir. Məsələ ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsi var. Azərbaycan münaqişənin həllində həmin qətnamələrə istinad etməlidir. Həmsədrlər keçən dövr hansı işləri görüblər ki, onlara inanmalıyıq? Ceyms Uorlik və Jak Forun məqsədi münaqişənin həllini bir qədər də uzatmaqdır. Bundan məqsədləri üçün istifadə etməyə çalışırlar. Azərbaycan prezidenti İlham Əliyev də Nazirlər Kabinetinin iclasında bildirdi ki, münaqişənin həllində ərazi bütövlüyü prinsipi əsas götürülməlidir". Üzeyir Cəfərov bildirib ki, münaqişənin həlli ətrafında çox gərgin müzakirələr gedir. Proseslərin uzanmasının Azərbaycanın lehinə olmadığını deyən Ü.Cəfərovun sözlərinə görə, Ermənistan bundan istifadə edərək bir qədər də azğınlaşır: "Mənim nə İqor Papov, nə Ceyms Uorlik, nə də Jak Fordan heç bir gözləntim yoxdur. Çünki onlar məsələnin həllində heç bir söz sahibi deyillər. Riçard Morninqstar və Con Heffern 7 rayonun Azərbaycana qaytarılacağı ilə bağlı fikirlərinə Rusiya etiraz edir. Fransa məsələ ilə əlaqədar mövqeyini tam dəqiqləşdirməyib. Ollandın Bakı səfərində Fransa Dağlıq Qarabağla bağlı başqa mövqe ortaya qoydu. Həmsdərlər yenə də bir araya gəlib, məsələni aylarla müzakirə edəndən sonra bəyan edəcəklər ki, Ermənistan və Azərbaycan razılığa gəlmədilər. Azərbaycan bütün bunları nəzərə almalıdır, vaxt bizim ziyanımıza işləyir. Rusiya, ABŞ və Fransa birinci öz problemlərini həll etsinlər, bizimkini yox. Bizim yeganə problemimiz torpaqlarımızın düşmən tapdağı altında qalmasıdır". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00