Müxalifətin seçkiyə hazırlığı qənaətbəxş deyil

Payızda ölkədə bələdiyyə seçkiləri keçiriləcək. Azərbaycanın müxalifət partiyaları seçkilərə həvəssiz hazırlaşır. Halbuki normal siyasi qüvvələr bu seçkiyə önəm verməli, indidən hazırlaşmalıydılar. Bələdiyyə seçkiləri bir sıra ölkələrdə parlament seçkiləri üçün baş məşq funksiyasını yerinə yetirir. Məsələn, bizim siyasi quruluşa çox yaxın Türkiyədə yerli özünüidarəetmə orqanlarına seçkilər yüksək siyasi aktivlik şəraitində keçir, pariyalar arasında kəskin mübarizə gedir. Seçkilərin qalibi gücünə əmin olur, uduzanlar zəif nöqtələri araşdırıb parlament seçkilərinə qədər düzəldirlər. Martda keçirilən bələdiyyə seçkilərində hakim Ədalət və İnkişaf Partiyası birinci yeri tutdu. Bu nəticə hakim partiyaya avqustda keçiriləcək prezident seçkilərinə daha inamlı getmək imkanı verdi. Baş nazir Ərdoğanın partiyası artıq arxayındır ki, prezident seçkilərində müxalifətə qalib gələcək. Doğrudur, Türkiyədə bələdiyyələrin səlahiyyəti daha çoxdur, lakin bu o demək deyil ki, səlahiyyət azdırsa seçkidə iştirak etmək lazım deyil. Azərbaycanda bələdiyyələr icra hakimiyyətləri qədər səlahiyyətə sahib deyillər. Ancaq bələdiyyələrin fondu, əmlakı, torpaq sahələri var. İdarəetmə təcrübəsi toplamaq üçün bələdiyyələrin işində iştirak etmək lazımdır. Bu vaxta qədər istər Bakı, istərsə də kənd rayonlarında müxalifətçilər bələdiyyələrin üzvü olublar. Kifayət qədər uğurlu fəaliyyət göstərən bələdiyyə üzvləri də olub. Lakin hazırkı dövrdə müxalifət seçkilərdə iştiraka maraqlı görünmür. Bunun bir sıra səbəbləri var. Əvvəla, müxalifət partiyalarının əyalətdə əvvəlki nüfuzu və adamları qalmayıb. İkincisi, düşərgə özü dağınıq vəizyyətdədir. Üçüncüsü, xarici təşkilatlar bələdiyyə seçkilərinə önəm vermir, donor fondlar böyük məbləğdə qrant ayırmırlar. Müxalifət seçkilərə siyasi şou kimi yanaşdığından  daha çox prezident və parlament seçkilərinə üstünlük verir. Düşərgə daha çox partiya liderlərinin efirdə görsənməsinə, seçicilərlə təmasına üstünlük verdiyindən yerli özünüidarəetmə orqanlarına seçkilərə qatılmır.
Bundan başqa seçkilərə həvəssiz qatılmasının əsas səbəbi müxalifətin dağınıq olmasıdır. Hazırda müxalifət daxilində "kim əsas müxalifətdir, kim yalançı" mübarizəsi gedir. Bir neçə siyasi qurum olsa da, onların heç biri seçkiyə hazırlıq məqsədilə yaradılmayıb. AXCP-nin nəzarətində olan Milli Şura bələdiyyə seçkilərinə qatılacaq profildə deyil. Şura üzvlərinin əksəriyyəti Bakıda yaşayır və ən azı deputatlığa iddialıdır. Rayonlarda isə Şuranın dayağı yoxdur. Şuradan çıxmış KXCP, Müsavat kimi partiyalar da seçkiyə maraqlı deyillər. Halbuki rayonlarda az sayda olsa da adamı olan bu partiyalar seçiyə qatılsalar yaxşı olar. Ümid və ADP-ni birləşdirən Qarabağ blokunun seçkiyə hazırlığı da qənaətbəxş deyil. Böyük ehtimalla, müxalifət partiyalarının əksəriyyəti seçkiyə qatılmayacaq. Qatılan partiyalar da əsasən Bakı bələdiyyələri uğrunda yarışacaqlar. Bu seçkidə sürpriz nəticəni QHT liderləri göstərə bilər. Onlar uyğun dairələrdən seçkiyə qatılmaqla uğur əldə edə bilərlər.

Zaur Sultanbud
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00