“Kəşfiyyatçı işə özü ilə bir dənə də olsun, artıq əşya götürmür”

Üzeyir Cəfərov: “Ermənilər onları diversant kimi qələmə verməklə səhvə yol verirlər”

Hərbi-ekspert Üzeyir Cəfərov Ermənistan mətbuatında Azərbaycan kəşfiyyatı ilə bağlı yayılmış təxribat xarakterli məlumatlara münasibət bildirib. Ü.Cəfərov Ermənistan tərəfinin bu tip iddialarının əsassız olduğunu deyir. Ekspertin sözlərinə görə, ermənilərin Azərbaycanın əsir düşmüş sadə vətəndaşlarını "diversant" kimi təqdim etmələri məntiqsizdir. Üzeyir Cəfərov qeyd edib ki, artıq Azərbaycan Beynəlxalq Qırmızı Xaç Komitəsinə əsirlərin dəyişdirilməsi üçün müraciət edib: ""Ermənilər tərəfindən əsir götürülmüş iki şəxsdən birinin öldürüldüyü bildirilir. Şahbaz Quliyev isə sağdır və erməni əsirliyindədir. İddialara görə, onlar dəfələrlə ata-baba torpaqlarına gedib gəliblər. Quliyev Şahbaz və digəri dəfələrlə Tərtərdən Kəlbəcərə keçiblər. Əsir düşən Şahbazın qardaşı deyir ki, qardaşı dəfələrlə atasının qəbrini ziyarət etməyə gedib. O, gedərkən təkcə olmayıb. Lakin bu adamlar diversant olmayıblar. Ermənilər onları diversant kimi qələmə verməklə səhvə yol verirlər. Onlar sadə Azərbaycan vətəndaşlarıdır. Şahbaz Quliyev və digəri Kəlbəcərə keçərkən təsadüf nəticəsində 42 yaşlı erməni mayoru Sərkis Abramyanla qarşılaşırlar və onu öldürürlər. Ermənilərin iddialarına görə, bir qadını da yaralayırlar. Burada onların diversant olub-olmamasından söhbət getmir, onlar sadəcə Kəlbəcərdəki ata məzarını ziyarət etməyə gedərkən belə bir vəziyyətlə üzləşiblər. Təsadüfi nəticəsində olub. İndi ermənilər bu hadisəni Azərbaycanın diversiya - kəşfiyyat qrupunun fəaliyyəti kimi təqdim edirlər. Həmin hadisədə Azərbaycan kəşfiyyatının əli yoxdur. Bu insanlar sadəcə, loru dillə ifadə etsək, partizanlıq etməklə məzarı ziyarət etmək istəyiblər. Ola bilsin ki, Şahbaz Quliyevin yanındakı şəxs Sərkis Abramyanı öldürdüyü üçün ermənilər də onu öldürüblər. Bəlkə də ermənilər Şahbaz Quliyevdən hansısa məlumatları alacaqlarına ümid edirlər. Amma o Azərbaycan kəşfiyyatının üzvü deyil. Bu adam sürücü olub, mülki vətəndaşdır, Azərbaycan tərəfi də bunu açıq şəkildə bildirir. Ermənilərin məsələ ilə əlaqədar yaydıqları şəkillər tamamilə biabırçılıqdır. Şəkillərdə rezin çəkmələr, bayraq və sair əşyalar əks olunub. Kəşfiyyatçı iş başında olarkən üzərinə bir dənə də olsun artıq əşya götürmür. Şəkildə göstərilən o bayraq nə məna daşıyır ki? Bayrağı aparıb Xankəndində, yaxud Kəlbəcərdə asacaqdılar? Bir sözlə ermənilər bununla özlərini növbəti dəfə gülünc vəziyyətə qoydular". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00