ABŞ-ın yeni Dağlıq Qarabağ planı
Araz Əzimov: “Bizim üçün məsələ 7 rayonun qaytarılması deyil, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsidir”
14 İyul 2014 15:38 SiyasətATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Fransa və ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyasız aktivləşməyə başlayıblar. Fransa prezidenti Fransua Olland və bu ölkənin xarici işlər naziri Laurent Fabius, eyni zamanda fransalı həmsədr Jak Fordan sonra ABŞ-ın Ermənistan və Azərbaycandakı səfirləri Con Heffernlə Riçard Morninqstarın məsələyə dair açıqlamları aktivləşmənin yüksək həddə olduğunu bildirir. Münaqişə ilə son açıqlama isə Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikdən gəldi. Böyük Britaniyanın Baş naziri Devid Kameronun adından isə Avropa Parlamentinin krallıqdan olan üzvü Devid Lidinqton danışdı. Ümumilikdə isə Kameronun da Azərbaycanla bağlı fikirlərində yumşalmalar var. Lidinqton isə Britaniya hökumətinin Azərbaycanın Avropa İttifaqı ilə sıx əlaqələrini dəstəklədiyini bildirdi. O, qeyd etdi ki, son 20 ildə Böyük Britaniya-Azərbaycan əlaqələri sürətlə inkişaf edib və hazırda Azərbaycandakı xarici sərmayələrin 50%-i bu ölkəyə məxsusdur. Devid Lidinqtonun fikirlərində diqqəçəkən məqam bu idi: "Azərbaycan və Cənubi Qafqaz regionu Avropa İttifaqı və Böyük Britaniya üçün strateji əhəmiyyət kəsb edir".
Lidinqtonun açıqlamasındakı sirr
Qərbin aktivliyi bir tərəfdən Lidinqtonun dediyi kimi Azərbaycan və Cənubi Qafqazın strateji əhəmiyyətinə, digər tərəfdən Rusiyanı vurmağa hesablanıb. Vaxtilə alman diktator Hitler də gözünü Azərbaycana dikmişdi. Böyük bir tort üzərində Hitlerin Bakının neft buruqlarının əks olunmuş hissəsini kəsib yeməsini hamı bilir. Biz də bilirik ki, Qərb burada möhkəmlənib Rusiya və rəqiblərinə qarşı daha yaxın olmağı qarşısına məqsəd qoyub. Belə olmasaydı, London, Paris və Vaşinqton BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini rəhbər tutaraq Azərbaycanın ərazi bütövlüyünün tamamını Ermənistandan (əslində Rusiyadan) tələb edərdilər. Lakin strateji əhəmiyyəti onun üçün böyük olan Cənubi Qafqazda Qərb Ermənistanı da narazı salmamaq üçün Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına razıdır. Müttəfiqlərin başa düşmədikləri bir şey var ki, Dağlıq Qarabağ Azərbaycana geri qaytarılmadan Azərbaycan Ermənistanın da iştirak edəcəyi (Bu Rusiyanın tamamilə regiondan sıxışdırılıb çıxarılmasından sonra mümkün ola bilər) Avropa İttifaqında təmsil olunmaqda maraqlı deyil. İşğalçı dövlətlər eyni qurum daxilində inteqrasiya şəraitində fəaliyyət göstərmək, ən azından Azərbaycanın Dağlıq Qarabağın işğal faktını öz üzərinə götürməsi demək olacaq. Demək ki, bu da baş verməsə Qərb də Rusiya kimi Dağlıq Qarabağ faktorundan geosiyasi məqsədləri üçün istifadə etmək niyyətindədir. Dağlıq Qarabağın yox, 6 rayonun Azərbaycana qaytarılacağı ilə bağlı vədləri də bundan qaynaqlanır. ABŞ, İngiltərə və Fransanın münaqişənin həllində məntiqsiz aktivliyinə Azərbaycan adından ən tutarlı cavabı xarici işlər nazirinin müavini Araz Əzimov verdi. A.Əzimov bildirdi ki, bizim üçün məsələ 7 rayonun qaytarılması deyil, Azərbaycanın ərazi bütövlüyünü bərpasının təmin edilməsidir: "Ümidvar olmaq istərdim ki, cənab Uorlik status-kvonun dəyişdirilməsinin zəruriliyini dilə gətirəndə məhz torpaqlarımızın azad edilməsini və bundan sonrakı məsələlərin həlli üçün yolun açılmasını nəzərdə tutub. Mən status-kvonun başqa cür dəyişdirilməsinin tərəfdarı deyiləm".
Bu model: Ermənistan-Azərbaycan
Təkrarlamaqda fayda var: Rusiya münaqişədə həlledici tərəf rolunu oynadıqca, ABŞ-ın bu istiqamətdəki fəaliyyəti nəticə verməyəcək. Ən azından indiki məqamda bu mümkün deyil. Çünki iki ölkə arasındakı soyuq münasibətlər az qala silahlı qarşıdurma vəziyyətindədir. ABŞ-ın aktivliyindən yalnız o zaman nəticə hasil olar ki, Rusiya ilə ya gizli, ya da açıq şəkildə razılığa gəlsin. Yəni ki, Minsk Qrupu ölkələri uzlaşma siyasətinə getsinlər. NATO-nun Uels sammitində Rusiya əleyhinə sərt qərarların veriləcəyi məlumatlarının yayıldığı bir vaxt Moskva Vaşinqtonla razılaşa bilər? Yox! Belə bir razılaşma ola da bilər. Lakin bundan sonra iddia kimi də irəli sürülməsi cəfəng olan mənzərə yaradacaq. Yəni ki, Cənubi Qafqaz bərabər şəkildə Avrasiya Birliyi və Avropa İttifaqına daxil edilir. Bu mümkün deyil. Məsələn, Ceyms Uorlikin münaqişə ilə bağlı son açıqlaması bu idi: "Dağlıq Qarabağın status-kvosu məsələsi təhlükəli hal alıb". Bu o deməkdir ki, Rusiya kənara çəkilmədən heç bir status-kvodan söhbət belə gedə bilməz. Uorlik bununla həm də ABŞ-ın regionda indiki məqamda geosiyasi maraqlarının təmin edilməsinin mümkünsüzlüyünə eyham vurdu. Bu da Rusiyanın regiondakı varlığı ilə bağlıdır. ABŞ-ın məsələyə bu qədər diqqət ayırması, işğal edilmiş ərazilərin geri qaytarılması qarşılığında Azərbaycanın Avrasiya İttifaqına üzv olması barədə məlumatların yayılmasından və rusiyalı rəsmilərin Bakı səfərlərindən sonraya təsadüf edir. Yəni ki, Ukraynadan sonra Cənubi Qafqaz da itirilsə, bu ABŞ-a vurulmuş öldürücü zərbə olacaqdı. Amerika isə aktivləşdiyini bildirərək, regiondakı maraqlarını qorumağa çalışır. Nəticədə isə münaqişənin tezliklə həll edilməsinin əksinə olaraq proseslər uzadılır. ABŞ-a da bu lazımdır. İndiki məqamda geosiyasi arenada Rusiyaya məğlub olduğundan məsələni uzatmaqla ilk fürsətdə məsələni lehinə çevirməyə çalışacaq. İndisə özünü göstərməklə rəqib kimi qaldığını bildirir. Bu Rusiyaya maneə olmağa bəs edər. Vaşinqton başa düşür ki, Moskva indi hər nə qədər soyuqqanlı görünsə də onun siyasi iradəsilə hesablaşacaq. Bu vaxtadək də bundan kənara çıxmayıb, çıxmayacaq da. Nəticə etibarilə, hər nə qədər ki, danışıqların aparılması Ermənistan və Azərbaycana həvalə edilməyib, həll mümkün olmayacaq. Xarici müdaxilələr həmişə belə bir formatın baş tutmasının qarşısında əngəl olur. Çünki Dağlıq Qarabağ münaqişəsinin həllini üzərinə götürən dövlətlərin regionda öz maraqları var. Bu isə proseslərin uzanmasına rəvac verir və münaqişəni qlobal problemə çevirir.
Ömər Zamin