Ölkənin nəqliyyat problemi prezidentin diqqət mərkəzində

İlham Əliyev: “Bakı sakinləri ən gözəl texnika ilə, maşınlarla, avtobuslarla təmin edilməlidir”

Azərbaycan prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı çıxışında toxunduğu məsələlərdən biri də ölkənin nəqliyyat sektoru olub.

Daha bir möhtəşəm layihə başa çatır

Dövlət başçısı bir daha bəyan edib ki, Azərbaycanın nəqliyyat sektoru dünyanın ən öndə gedən sahəsi olmalıdır. Prezident bu sahəyə diqqətin nəticələrini də vurgulayıb və Azərbaycanın beynəlxalq nəqliyyatına ayrılan sərmayələrdən, həyata keçirilən iri layihələrdən danışıb. Dövlət başçısı Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə daha çıx diqqət ayırıb: "Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycana bağlı olan hissəsinin tikintisi bu ilin sonuna qədər başa çatmalıdır. Beləliklə, Gürcüstan ərazisində bu işlər tamamilə başa çatandan sonra biz öz payımıza düşən hissəni icra etmiş oluruq. Bir də ki, Ələt Beynəlxalq Ticarət Limanının birinci mərhələsinin istismara verilməsi məsələsidir. Bu da yaxın aylarda olmalıdır. Birinci mərhələ, ondan sonra ikinci mərhələ. Ancaq artıq bir neçə aydan sonra biz birinci mərhələni istifadəyə verməliyik. Ondan sonra indi şəhərin mərkəzindəki liman köçürüləcək və orada əvvəllər də dediyim kimi, ictimai zonalar, ictimaiyyət üçün parklar yaradılacaq, digər məsələlər öz həllini tapacaq. Çünki indi gördüyünüz kimi, Bakıda boşaldılan bütün ərazilərdə insanların rahatlığı, istirahəti üçün ictimai yerlər salınır".
Dövlət başçısı bu layihələrin reallaşması və artıq başa çatması üzrə olduğunu deməklə bir daha sübut edir ki, Azərbaycanın daxili imkanları hətta əfsanəvi layihələri həyata keçirməyə çatır və fakt göz qabağındadır. Bu gün Azərbaycanın Qafqazda ən inkişaf etmiş ölkə olması bax elə bu faktlarla təsdiqlənir. Azərbaycan dövlətinin məqsədyönlü siyasətlə irəliləməsi, ölkənin iqtisadi gücünün gün-gündən artması, artıq dövlətin daha möhkəm və mətin addımla irəliləməsinə gətirib çıxarıb. Bakı-Tbilisi-Ceyhan Neft kəmərinin reallaşması, Azərbaycan neftinin dünya bazarına çıxarılması Azərbaycanın qüdrətini bir daha artırdı və bu gün bu inkişafın nəticəsi olaraq digər iri layihələr həyata keçirilir. Azərbaycanın xaricə çıxışının rahatlaşması, ən iri beynəlxalq əhəmiyyətli marşrutların Azərbaycan vasitəsilə reallaşması bir daha bunlara sübutdur.  Bu cür layihələrdən, daha doğrusu beynəlxalq yollardan biri də Bakı-Tbilisi Qars dəmir yoludur ki, artıq bu yolun tikintisi də yekunlaşmaq üzədir.
Prezident İlham Əliyev çıxışında Ələt Beynəlxalq Ticarət Limanının tikintisi barədə də danışıb. Əvvəlki gəmi limanından daha müasir, daha böyük olan bu limanın tikintisi bir daha onu sübut etdi ki, Azərbaycan bir daha bütün dünya ölkələri ilə ticari əlaqələrini genişləndirməyə, onlarla əməkdaşlıq etməyə hazırdır. Bu Azərbaycanın bir daha sürətli inkişafının nəticəsidir və bu inkişaf artıq əksər dünya ölkələri tərəfindən təsdiqlənir. İndi bir çox dünya ölkələri Qafqazda yalnız Azərbaycanla əməkdaşlıq etməyə, iqtisadi və ticari əlaqələrini genişləndirməyə maraqlıdır. Artıq indi dünya ölkələri hansısa bir ölkə ilə əməkdaşlığa meyllənirsə, ilk öncə həmin ölkənin imkanlarını araşdırır. Ölkə rəhbərliyi maraqlanır ki, onun əməkdaşlıq etdiyi ölkənin hansı imkanları var, xaricə, dünyaya çıxışı hansı səviyyədədir, xarici magistral çıxışlarına nə dərəcədə önəm verilir. Yalnız bundan sonra inkişaf etmiş ölkələr həmin ölkələrlə əlaqə qurmağa razılıq verir. Bu gün Qafqaz ölkələrinin əksəriyyəti demək olar ki hansısa inkişaf edən ölkələrlə əməkdaşlığa can atır, onların imkanlarından istifadə etməyə çalışır. Amma Azərbaycan  Qafqazda yeganə ölkədir ki, əksər inkişaf etmiş dövlətlər bizimlə əməkdaşlığa maraq göstərir. Bəli, Azərbaycan siyasi rəhbərliyinin uğuru budur.

Paytaxt nəqliyyatında sürətli inkişaf

Prezident İlham Əliyevi Azərbaycanda narahat edən məsələlərdən biri də paytaxtın nəqliyyat problemidir. Bu hər bir Bakı sakini kimi dövlət başçısını da narahat edir. Dövlət başçısı bu məsələyə də ciddi toxunaraq Azərbaycan paytaxtında nəqliyyat problemlərinin tezliklə aradan qaldırılacağını bildirib. Ölkə başçısı bildirib ki, şəhər nəqliyyatının təkmilləşdirilməsi üçün yeni avtobuslar gətirilməlidir. "Əslində, yeni qurum yaradılır - "Baku Bus" şirkəti. Burada ən yüksək xidmət göstərilməlidir və gətiriləcək avtobuslar dünyanın ən gözəl avtobuslarıdır. Məhz məsələni belə qoymuşuq ki, Bakı sakinləri ən gözəl texnika ilə, maşınlarla, avtobuslarla təmin edilməlidir. Hesab edirəm ki, yeni avtobuslar bir neçə aydan sonra artıq gətiriləcək. Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb ki, o vaxta qədər bütün bu məsələlər - onların parkinq yerləri, sürücülər, sistem, şəffaflıq öz həllini tapmalıdır. Bu, dünya miqyasında bir nömrəli sistem olmalıdır".
Prezident İlham Əliyev paytaxt sakinlərinin rahatlığı üçün bu addımı atıb və bu proses davam edir. O özünün dediyi kimi hər bir azərbaycanlının prezidenti olduğunu bu addımı ilə bir daha təsdiqləyir. Bu siyasəti ilə o bir daha sübut edir ki, hər bir sadə azərbaycanlı, Azərbaycan vətəndaşı ona arxalana bilər və hər bir vətəndaşın ən kiçik problemi belə diqqət mərkəzindədir. Bu gün ən qlobal problemlərlə yanaşı, ən kiçik olan nəqliyyat probleminin prezident tərəfindən diqqətdə saxlanılması, paytaxtın nəqliyyat sahəsindəki problemlərin həllinə tapşırıq verməsi bir daha bu şüarı təsdiqləyir. Heç kim deyə bilməz ki, Azərbaycan rəhbəri sadə insanların problemlərinə diqqət yetirmir. Fakt göz qabağındadır.
Elə bir müddət əvvəl paytaxtın sərnişindaşıma sahəsinin Nəqliyyat Nazirliyindən alınaraq Bakı şəhər İcra Hakimiyyətinin tabeçiliyinə verilməsi buna bariz nümunədir. Prezident İlham Əliyevin sərəncamı ilə bu sahə Nəqliyyat Nazirliyindən alınaraq Bakı şəhər İcra Hakimiyyətinin tabeçiliyində yeni yaradılan şirkətə verildi. Səbəb paytaxtda sərnişinlərin rahat və təhlükəsiz hərəkətinə şərait yaratmaq idi.
Hamıya məlum idi ki, paytaxtda marşrutlarda vəziyyət ürəkaçan deyil. Bunu hər bir Bakı sakini kimi prezident İlham Əliyev də gördü və dərhal da məsələyə reaksiya verdi. Bəzi məmurlar bu məsələyə biganə yanaşsa da, dövlət başçısı məsələnin dərhal həllinə tapşırıq verdi. Insanların canını bu problemlərdən qurtarmaq üçün yeganə çıxış yolu bu idi və prezident bunu da etdi. Dövlət başçısı iclasda da qeyd etdi ki, Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək və insanların burda normal yaşayışı üçün bütün şəraitlər yaradılacaq. Yeni avtobuslar, yeni nəqliyyat vasitələri və yeni istirahət mərkəzləri. Ölkədə metro tikintisinin sürətlə getdiyini bildirən prezident İlham Əliyev bu sahəyə əlavə vəsait ayrılmasının lazım olduğunu qeyd edib: "Çünki bəzi layihələrin icrası vəsaitin çatışmazlığı ucbatından müəyyən qədər ləngiyir. Vəsaitin çatışmazlığı ona görə baş vermir ki, nəzərdə tutulmayıb, sadəcə olaraq, işlər sürətlə gedir. Biz bu işləri daha da sürətləndirməliyik, çünki metro əsas nəqliyyat vasitəsidir. Metroda həm istismarda, həm metro tikintisində aparılan islahatlar hesab edirəm ki, vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. Yerlərdən gələn təkliflər də bunu göstərir". Bir sözlə, prezident İlham Əliyev Azərbaycanın bütün sahələri kimi nəqliyyat sahəsində də yüksək inkişafın olacağını bildirib. O bir daha bununla bəyan etdi ki, Azərbaycanda heç bir sahə bəzilərinin dediyi kimi nəzarətsiz deyil, hər bir sahənin kiçik problemləri belə nəzarətdədir və tədricən həll olunur.

Samir
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00