Əli Kərimlinin kini müxalifəti dağıdır
Həsən Kərimov açıq şəkildə Əli Kərimli AXCP-ın, İsa Qəmbər isə Müsavatın başında olduqları vaxtadək müxalifətin birləşməyəcəyini dedi
11 İyul 2014 16:12 Siyasət"EL" Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev müxalifət partiyalarının, siyasi birliklərinin fiaskoya uğradığını və bu üzdən yeni hərəkatın yaranmasının vacib olduğunu bildirdi. Açıqlamasından dərhal sonra müxalifət partiyalarından Quliyevi tənqid atəşi başladı. Məsələn, onlardan biri "Azadlıq" Partiyasının sədri Əhməd Oruc bildirdi ki, müxalifətin yeni birliklər, siyasi ittifaqlar yaratma təşəbbüsləri hamını bezdirib və bu, evcik-evcik oyununa bənzəyir: "Nə qədər birlik yaratmaq olar, nə qədər barışıb, küsmək olar".
Müxalifət yenə bekar qalıb
Hər seçki ilində müxalifətin bir-iki partiyası bir araya gəlir, məğlub olur və yenidən hərəsi öz qınına çəkilir. 2013-cü ildə keçirilən prezident seçkisindəki Cəmil Həsənli fiaskosundan sonra müxalifət yenə ortadan yox oldu. Bir-iki sönük və bayağı məsələni gündəmə gətirib görünməyə çalışsa da heç nə hasil olmadı. Hüquq müdafiəçisi Leyla Yunus məsələsi, AXCP Gənclər Təşkilatında baş verən dəyişikliklər, Müsavat Partiyasının bir neçə dəfə qurultay elan etməsi, müxalif partiyaların Cəmil Həsənlini tənqid etməsi, ACP-nin Milli Şuradan çıxması, son olaraq satirik şair Mirzə Sakitin "Facebook"da AXCP-a yumoristik şeir həsr etməsi və s. məsələlər bu qəbildəndir. Müxalifətin, xüsusilə AXCP-ın passivliyinə dəlalət edən elementar işarə Mirzə Sakitin AXCP-a aid şeir yazmasından sonra cəbhəçilərin "Facebook"da şairin üzərinə düşmələridir. Məsələdən ortaya çıxan məntiq belədir: Müxalifət həqiqətən bekardır. Eldəniz Quliyevin yeni müxalifət birliyinin təşkil olunması təklifilə çıxış etməsi də məna etibarilə bundan kənara çıxmır. Yəni ki, müxalifət ortalıqda görünmək üçün nə etdiyini bilmir. İsa Qəmbər, Əli Kərimli və Eldar Namazovdan fərqli olaraq istər müxalifət, istərsə də siyasət arenasının hələ yetkinlərindən belə olmayan Eldəniz Quliyev özünün də səhv etdiyini bilmədi. Çünki onun təkliflərinə müxalifətin ana partiyalarından reaksiya gəlmədi. Sədri Eldar Namazov da susdu. Yalnız Əhməd Oruc danışdı ki, buna da səbəb jurnalistin məsələ ilə əlaqədar ona müraciət etməsi idi. Əks təqdirdə Ə.Oruc da çox güman ki susacaqdı. Digər tərəfdən Milli Şura skandalından sonra belə bir təkliflə çıxış etmək gülüş doğurur. Nə Milli Şura, nə də ondan əvvəlki blokların taleyinin necəliyini hamı bilir. Bəs, Eldəniz Quliyev bunu bilmir? Bilir. Adamı qınamaq da olmur. Elə bil birlik yaratmaq müxalifətin vərdişinə çevrilib. Müxalifətin keçdiyi tarixi mərhələlərə nəzər salsaq belə deyə bilərik: - Sənin birlik yaratmağa haqqın yoxdur!!! Məsələyə ciddi şəkildə yanaşsaq, Quliyevin yeni birlik təklifi baş tutan deyil. Bunu bir çox problemlərlə izah etmək olar. Məsələn, müxalifətin birlik üçün vahid konsepsiyasi yox, vahid ideologiyası yox, partiya liderləri arasında fikir müxtəlifliyi var, siyasi dünyagörüşü müxtəlifdir, potensial birliklərə lider seçimi üzərində ənənəvi mübahisələri var, partiyalar arasında əlaqələr gərgindir, daxildə digər mərkəzlərə çalışan güclü agentura şəbəkəsi var və s. və i.a, Faiq Balabəyli demiş, və ilaxır çərşənbə.
Həsən Kərimovun açıqlamasındakı sirr
Təşəbbüs, yaxud, cəhd olsa belə Quliyevin dediyi birliyin yaranmasının baş tutmayacağına arqument kimi AXCP və Müsavat Partiyası arasında davam edən gərilməni gətirə bilərik. Müxalifətin ana partiyaları arasında baş verən son hadisələr buna kifayət edər. Məsələn, Müsavatın AXCP-yə göndərdiyi əməkdaşlıq təklifi cəbhəçilər tərəfindən rədd edildi. Müsavatın İcra Aparatının rəhbəri Arif Hacılı AXCP ilə əməkdaşlığa hazır olduqlarını dedi. Cəbhəçilərdən isə buna rədd cavabı gəldi. AXCP Ali Məclisinin sədri Həsən Kərimov isə Arif Hacılıya cavabında dedi ki, əməkdaşlıqdan söhbət gedə bilməz. Kərimov açıq şəkildə Əli Kərimli AXCP-in, İsa Qəmbər isə Müsavat Partiyasının başında olduqları vaxtadək müxalifətin birləşməyəcəyini qısaca belə izah etdi: "Müsavat Partiyası ilə aramızda fikir ayrılığı var. Ona görə də bizim Müsavat Partiyası ilə əməkdaşlığımız mümkün deyil". Milli Şuradada da belə oldu. İsa Qəmbər-Əli Kərimli gərginliyi qurumun fiaskosuna səbəb oldu. Yəni ki, müxalifətin birləşə bilməməsi indiki məqamda AXCP və Müsavatdan qaynaqlıdır. Çünki müxalifətin gündəmini formalaşdıran bu iki partiyadır, gedəcəyi yerin istiqamətini də onlar müəyyən edir. Bir tərəfdən də hər iki partiyanın liderləri diktator xarakterinə malikdir. İsa Qəmbər başqanlığı heç kəsə güzəşt etmir, Əli Kərimli isə partiyanın nizamnaməsinə uyğun olmayan qərarlar verərək, təyinatları seçim yox, şəxsi istəkləri əsasında reallaşdırır. Elə partiyanın Gənclər Təşkilatında baş vermiş son hadisə buna sübutdur.
Sədrin kini müxalifəti dağıdır
Müxlifətin birləşə bilməməsinin bir nömrəli səbəbkarı birmənalı olaraq Əli Kərimlidir. Həmişə müxalifətin yaratdığı birlikdə lider kimi seçilməyəndə bəzi partiyaları ətrafına çəkərək pozuculuq fəaliyyəti reallaşdırır. Nəticədə isə qurum dağılır. Məsələn, onun hansı xarakterə sahib olmasını bilmək üçün AXCP-ın tarixinə nəzər salmaq bəsdir. İlk lideri Əbülfəz Elçibəyin vəfatından sonra AXCP bir neçə yerə parçalandı: BAXCP, KXCP və s. Heç kəs Əli Kərimlinin onu sədri olmasını istəmirdi. Partiyanın mətbu orqanı kimi tanınan "Azadlıq" qəzetində vergül, apostrof səhvi axtaran Əli Kərimli şəxsi ambisiyasını kiməsə qurban verər? Heç imkan verər ki, müxalifət birləşsin? İmkan yaradar, ancaq o zaman ki, yaranacaq birliyin vahid lideri özü olsun. Bu halda nəticə hasil ola bilər. Digər tərəfdən Əli Kərimli kinli adamdır. Məsələn, Milli Şuradakı gərginlikdən uzun zaman keçsə də Əli Kərimli Müsavata olan nifrətini gizlədə bilmir. Hətta Kərimli o qədər kinlidir ki, siyasət naminə belə razılığa getmir. Əsl diktator xarakteridir. Nəticə üçün KXCP funksioneri Elman Türkoğlunun bu fikirlərinə diqqət edək: "Nə qədər ki, Əli Kərimli Azərbaycan müxalifətindədir, o birləşə bilməyəcək". Adam haqlıdır.
Mənsur Rəğbətoğlu