Banklar daha çox istehlak kreditləri verirlər
İlham Əliyev: “Bəs onlar nə üçün iqtisadiyyatın real sektoruna kreditlər ayırmırlar?”
11 İyul 2014 15:28 SiyasətPrezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda ölkə iqtisadiyyatının inkişafında bankların roluna toxunub. Dövlət başçısı qeyd edib ki, hazırda kommersiya bankları iqtisadiyyatın özəl sektoruna kredit ayırmaqda maraqlı deyillər, vəsaitlər yalnız istehlak kreditlərinə yönəldilir. Halbuki, ölkə iqtisadiyyatının, eləcə də kənd təsərrüfatının inkişafında özəl bankların rolu əhəmiyyətlidir: " Biz bu sahədə ölkəmizdə sənayenin, iqtisadiyyatın və kənd təsərrüfatının inkişafını sürətləndirmək üçün dünyada gedən təcrübəni də bilirik. Mövcud olan təcrübəni öyrənirik və görürük ki, orada banklar bu sahədə çox müsbət rol oynayır. Banklar iqtisadiyyatın real sektoruna vəsait ayırır. Bizdə də belə olmalıdır. Bizdə isə belə deyildir. Bu sahəyə çox ciddi fikir verilməlidir". Ölkə başçısı qeyd edib ki, dövlət büdcəsində banklara güzəştli şərtlərlə nəzərdə tutulan 300 milyon manat kreditlər verilir ki, banklar bu vəsaiti sahibkarlara paylasınlar: "Yəni, bu, bankların öz resursları deyil, dövlətdən verilən resurslardır. Banklar bunu paylayır, eyni zamanda, hələ pul da qazanırlar. Yəni, bu, Azərbaycan dövlətinin özəl banklara olan böyük bir imtiyazıdır, güzəştidir. Hansı ölkədə dövlət özəl banklara pul verir, özü də bu şərtlərlə?! Amma bizdə Mərkəzi Bank lazım gəldikdə özəl banklara kredit resursları verir ki, onlar pul qazansınlar. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə banklara hər il 300 milyon manat verilir ki, pul qazansınlar. Bəs onlar nə üçün iqtisadiyyatın real sektoruna kreditlər ayırmırlar? Nə üçün daha çox istehlak kreditləri verirlər? Pul qazanmaq üçün". Dövlət başçısı xüsusilə vurğulayıb ki, kommersiya bankları məsuliyyətlərin dərk etməlidir: "Mən etiraz etmirəm, ancaq dövlətin siyasəti var və dövlət özəl bankları dəstəkləyir. Qeyd etdiyim kimi, kreditlər verir, şərait yaradır ki, pul qazansınlar. Onlar da öz məsuliyyətini dərk etməlidirlər. Dövlət siyasətini, xüsusilə ölkəmizin inkişafı ilə bağlı olan siyasəti görərək kənarda durmaq nə dərəcədə mümkündür?! Əgər belədirsə dövlət o banklara niyə kömək göstərməlidir?!", deyə dövlət başçısı qeyd edərək, özəl banklarla bağlı çox ciddi islahatların aparılmalı olduğunu vurğulayıb. "Birinci növbədə məsələ təhlil edilməlidir. Yəqin ki, bu təhlil var. Mənə məlumat verilməlidir ki, Azərbaycanın özəl bankları iqtisadiyyatın real sektoruna hansı həcmdə, nə qədər vəsait qoyur. Onların kredit portfelində iqtisadiyyatın real sektoruna ayrılan vəsait ya investisiya, ya kredit şəklində nə qədərdir və onlar digər sahələrə nə qədər kredit ayırırlar? Mən bunu bilməliyəm və ondan sonra öz qərarımı verəcəyəm. Yenə də deyirəm, mən Azərbaycanın özəl sektorunun inkişafına çox böyük dəstək verirəm. Əgər belə olmasaydı bu gün bu qədər inkişaf olmazdı. Ancaq, eyni zamanda, özəl sektor da öz məsuliyyətini dərk etməlidir və ümumi işimizə töhfə verməlidir". İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, hazırda özəl bank sektoru real iqtisadiyyatı dəstəkləməkdən uzaqdır. Bu gün kommersiya banklarının verdikləri kreditlərin 40 faizi istehlak kreditləridir. Bu isə o deməkdir ki, kommersiya bankları tərəfindən verilən hər 100 manat kreditin 40 manatı istehlak kreditlərinə, 10 faiz isə makrokreditləşmənin payına düşür. Deməli, mikrokreditləşmə də daxil olmaqla kütləvi və istehlak kreditləşməsi kommersiya banklarının təklif etdiyi kredit partfelinin 50 faizini təşkil edir ki, bu da kifayət qədər böyük rəqəmdir: "Real sektora kommersiya bankları tərəfindən yönəldilən kreditlərə nəzər saldıqda məlum olur ki, istehsal sektoruna yönəldilən kreditlərin həcmi cəmi 10 faizdir. Kommersiya bankları aqrar sahəyə cəmi 4 faiz kredit yönəldir ki, bu göstəricilər də az bir rəqəmlə ifadə olunur. Cənab prezident hələ ötən il kommersiya bankları tərəfindən iqtisadiyyatın real sektorunun maliyyələşdirilməsi barədə tapşırıqlar vermişdi. Çox təəssüf ki, bəzi kammersiya bankları hələ də real sektoru maliyyələşdirməkdə maraqlı deyillər. Bu marağın olmaması, kredit faizinin yüksək olması belə bir nəticəyə gətirib çıxarır ki, özəl sektor maliiyyə mənbəyilə bağlı müəyyən şətinliklərlə üzləşir. Nəticədə real sektor ya maliyyələşmə üçün xaricə üz tutur, ya da onun əhəmiyyətli hissəsi dövlət büdcəsinin payına düşür ki, bu da büdcədənkənar maliyyələşmənin həcminin artırılmasına imkan vermir". Onun sözlərinə görə, bu gün kommersiya bankları tərəfindən iqtisadiyyatın real sektorunun maliyyələşdirilməməsini izah edə biləcək iqtisadı əsas yoxdur. Sadəcə kommersiya bankları real sektoru riskli kreditləşmə istiqaməti kimi qiymətləndirir. Kommersiya bankları istehlak kreditləşməsinə yüksək faizlə kredit ayırmaqla daha çıx gəlir əldə etməyə çalışırlar. Nəzərə almaq lazımdır ki, istehlak kreditlərinin faizi real sektorla müqayisədə təxminən 60 faiz yüksəkdir. Bu isə kommersiya banklarını izafi gəlirə qaçmağa sövq edir. V.Bayramov bildirib ki, mövcud vəziyyəti aradan qaldırmaq məqsədilə, dövlət başçısının qeyd etdiyi kimi, bank sektorunda ciddi islahatların aparılmasına ehtiyac var: "İlk öncə, Mərkəzi Bank kommersiya banklarının real sektora vəsaitlərin yönəldilməsini təşviq etməlidir. Təəssüf ki, belə təşviq hələ ki, hiss olunmaz dərəcədədir. Baxmayaraq ki, cari ilin fevralında Mərkəzi Bankın bununla bağlı müvafiq qərarı oldu, amma bu qərar real sektorun kreditləşdirilməsindən daha çox istehlak kreditləşməsinin qarşısının alınması məqsədi daşıdı. Bu yanaşma ona görə qüsurlu hesab edilir ki, istehlak kreditlərinin həcminin azalması heç də real sektora yönəldilən vəsaitin artması anlamına gəlməməlidir. Bununla yanaşı, Mərkəzi Bank bununla bağlı ehtiyat normasına yenidən baxmalıdır. Ehtiyat normaları kommersiya banklarına imkan verməlidir ki, real sektorun maliyyələşdirilməsində marağı olsun. Eyni zamanda, real sektorun kommersiya bankları tərəfindən maliyyələşdirilməsi üçün əmlakın girov kimi qəbul edilməsi proseduralarının dəyişdirilməsinə ehtiyac var. Məlumdur ki, kommersiya bankları regionlarda yerləşən əmlakı girov kimi qəbul etmirlər, girov əmlakı bazar qiymətindən olduqca aşağı qiymətə qəbul edirlər ki, bu da real sektorun daha geniş vəsaitlər qəbul etməsinə imkan vermir. Həmçinin mümkündür ki, real sektora daha çox qrant ayıran kommersiya banklarına vergi güzəştləri tətbiq edilsin. Bu praktika kommmersiya banklarını stimullaşdıracaq ki, real sektora daha çox vəsait ayırsın. Ümumilikdə isə demək olar ki, həm hökumət, həm də Mərkəzi Bank tərəfindən kommersiya bankların real sektorun kreditləşməsilə bağlı stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Bu baxımdan ölkə prezidentinin real sektorun kreditləşməsilə bağlı qeyd etdiyi fikirlər olduqca vacibdir. Bu isə bank sektorunda islahatların aparılmasının vacibliyini gündəmə gətirir".
Alim