Arif Hacılını müsavatdan uzaqlaşdırmağa çalışırlar

"Dərin Müsavat" zəif bir fiqurun başqan olmasına çalışır

Qurultaya hazırlaşan Müsavat Partiyasında gərginlik artır. İsa Qəmbərdən sonra partiyanın başqanı olmaq istəyən Arif Hacılının adamları çox narahatdır. Açıq-aşkar görünür ki, Hacılı tərəfdarları Arif bəyin başqan seçilməsinə rəhbərlik səviyyəsində əngəllərin yaradılacağından narahatdır. İsa Qəmbər başda olmaqla elita Arif Hacılının başqan olmasını istəmir.  Müsavat daxilindən məlumatlı mənbə Hacılının Müsavat rəhbərliyi üçün arzuolunmaz şəxsə çevrildiyini bildirirlər: "İsa Qəmbər partiya başqanlığından gedəcək-bu aydındır. Müsavata İsa Qəmbərdən sonra Arif Hacılı kimi güclü başqan lazım deyil. Hacılı başqan olarsa, partiya İsa Qəmbər-Pənah Hüseyn-Rauf Arifoğlu üçlüyünün nəzarətindən çıxa bilər. Bu adamlar partiyaya, onun yan qurumlarına, qəzet və saytlarına nəzarət edir, pul qazanırlar. Onlar bu qazanc yerini niyə itirsinlər ki?" Mənbə deyir ki, kifayət qədər təcrübəli siyasətçi olan, təşkilati işləri bilən Arif Hacılı qısa zaman kəsiyində partiyanı bu üçlüyün nəzarətindən çıxara bilər.  Buna görə də onu başqan olaraq görmək istəmir, zəif başqan istəyirlər. Onların "zəif başqan" adayı da var. Bu, Qubad İbadoğludur. İbadoğlu İsa Qəmbərin stabil elektoratının da qəbul etdiyi şəxsdir. Savadlı və gəncdir, beynəlxalq əlaqələri də var.  İbadoğlunun əsas üstünlüyü odur ki, sözəbaxandır, təşkilati və siyasi təcrübəsi azdır. Onun ən azı 5 il müddətində nəzarətdə saxlamaq olar. Mənbə bir neçə il öncəyə qədər davam edən İsa Qəmbər-Arif Hacılı müttəfiqliyinin də maraqlı izahını verib: "Xatırlayırsınızsa, İsa Qəmbərlə Arif Hacılı Almaniyaya birgə səfər etdilər. Bu partiyada başqanlıq iddiasında olanlara bir  mesaj idi ki, gələcək başqan Arif Hacılıdır. Bu o zaman idi ki, Sülhəddin Əkbər, İbrahim İbrahimli partiyada idilər. Tezliklə onlar Müsavatı tərk etdilər. Çünki belə görünürdü ki, İsa Qəmbər seçimini edib, özündən sonra başqan Arif Hacılı olacaq.  Sülhəddin Əkbərgil partiyanı tərk edəndən sonra kurs dəyişdi. Arif Hacılının özü də arzuedilməz şəxs elan olundu. Qadınlar Təşkilatında dəyişiklik-Hacılı tətəfdarının Vurğun Əyyuba yaxın şəxslə əvəzlənməsi, Gənclər Təşkilatına sədr seçilmiş Əhliman bəyin Tural Abbaslı tərəfindən sıxışdırılması Hacılıya verilən mesajdır. GT-nin hazırkı başqanı Hacılının dəstəyi ilə seçilib. Ancaq bir yerlərdən güc alan Tural Abbaslı ona mane olur, işləməyə imkan vermir. GT sədri Abbaslıya qarşı olan qəzəbini mətbuata açıqlamasında büruzə verib. O, qurltayda başqanlığa aday olacağını bəyanetmiş Tural Abbaslını zəif fiqur hesab etdiyini deyib: "Tural Abbaslının namizədliyinin qəbul olunması müsavatçıların qurultayda verəcəyi qərardan asılıdır. Ancaq bunun mümkünlüyü real görünmür. Tural bəy Müsavatın fədakar funksionerlərindən biridir. Ancaq hazırkı məqamda hesab edirəm ki, Müsavat başqanlığı Tural bəyin bacara biləcəyi yük deyil". Siyasi eskpertlər hesab edir ki, gənclər arasında ziddiyyətlər əslində "qocalar" arasında oynanılan oyunun təzahürüdür. Tural Abbaslı Vurğun Əyyub qanadının adamıdır, Hacılıya qarşı hücum əmrini də böyük ehtimalla, Hacılını istəməyən şəxslərdən alıb. Sentyabra qədər əsəb müharibəsi davam edəcək. Hacılının başqan olmasını istəməyən qrup böyük ehtimalla, usta davranıb, MİP rəhbərinin küsüb getməsinə yol verməyəcək. Çalışılacaq ki, Hacılı anlasın ki, başqan seçilsə işləyəy bilməyəcək. Onlar bu yolla Hacılını fikrindən vaz keçirmək istəyirlər.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00