Korrupsiyaya qarşı mübarizə dövlətin siyasi iradəsinə çevrilib

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildi. İclasda bir sıra mühüm məsələlərə toxunan dövlət başçısı cəmiyyətdə mövcud olan korrupsiya və rüşətxorluq kimi neqativ hallara da toxunub. Prezident İlham Əliyev bildirib ki, bu kimi xoşagəlməz hallara qarşı mübarizə davam edir: "Bu, daim diqqət mərkəzində olan məsələdir. Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə gözəl nəticələr verir. Bunu əhali də görür, təqdirlə qarşılayır. Beynəlxalq qurumlar da bunu qeyd edirlər. Hesab edirəm ki, biz bu sahədə köklü dəyişikliklərə nail ola bilmişik. Burada əvvəlki dəfələrdə qeyd etdiyim kimi, müxtəlif amillərin rolu xüsusi məna daşıyır - inzibati tədbirlər, cəza tədbirləri, institusional tədbirlər, şəffaflıq, yeni metodların tətbiqi". Prezident İlham Əliyev iclasda çıxışı zamanı deyib ki, "ASAN xidmət"in fəaliyyəti xüsusi əhəmiyyətə malik olan fəaliyyətdir: "İl yarım ərzində 2 milyondan artıq müraciət olmuşdur. Bu, nəyi göstərir? Onu göstərir ki, insanlar bu quruma inanırlar, görürlər ki, orada onlardan rüşvət tələb etmirlər, süründürməçilik yoxdur, şəffafdır, gənclər xidmət göstərirlər, yüzlərlə könüllü bu işlərə cəlb olunub. Görün insanların rahatlığı, gənc nəslin yetişdirilməsi, hazırlanması, vətənpərvərliyin möhkəmləndirilməsi, gücləndirilməsi üçün bunun nə qədər böyük faydası vardır. Ümumiyyətlə, bu sistem cəmiyyətə yeni bir ab-hava, ictimai xidmətlər sahəsinə yenilik gətirdi". Dövlət başçısının qeyd etdiyi kimi Azərbaycanda artıq 10 ildir çoxdur dövlət səviyyəsində korrupsiyaya qarşı mübarizə aparılır. Aparılan mübarizə və ona cəmiyyət tərəfindən olan münasibət onu göstərir ki, bu mübarizənin davamlı olması ən yüksək səviyyədə dəstəklənir. Düzdür, bəzi hallarda korrupsiyaya qarşı mübarizəyə kampaniya donu geyindirmək, onun effektivliyini gözdən salmağa cəhdlər edilir. Ancaq prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi korrupsiyaya qarşı mübarizə dövlətin siyasi iradəsidir. Sevindirici hal ondan ibarətdir ki, Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizə və əldə edilən nəticə bu sahə ilə məşğul olan, onu tədqiq edən beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Bunu bir neçə gün əvvəl Bakıda korrupsiyaya qarşı mübarizə mövzusunda keçirilən beynəlxalq konfransda beynəlxalq təşkilatların nümayəndələri də qeyd etdilər. Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov da qeyd edir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman bütün çıxışlarında korrupsiyaya qarşı mübarizə tədbirlərinə toxunub, bu mübarizənin səmərə verməsi üçün atılması lazım olan addımları vurğulayıb: "Bu o deməkdir ki, korrupsiyaya qarşı mübarizə dövlətin siyasi iradəsinə çevrilib və bu siyasi iradə davamlıdır. Yəni bu mübarizə davamlı bir mübarizə olmalıdır". Vasif Mövsümovun sözlərinə görə, dövlət başçısının korrupsiyaya qarşı mübarizə istiqamətində atdığı addımlara ictimai iradə də olmalıdır: "Həmin ictimai iradə vətəndaşlar tərəfindən olmalıdır". Fondun icraçı direktorunun sözlərinə görə, Elektron hökumətin tətbiqi ilə bağlı dvlət tərəfindən atılan addımlar, ASAN Xidmət mərkəzlərində əhaliyə göstərilən xidmətlərin sayının artırlması, şəffaflığın yaradılması o deməkdir ki, vətəndaşların aşağılarda məişət korrupsiyasından çəkdiyi əziyyətə tədricən son qoyulur: "Ayrı-ayrı dövlət idarələrində vətəndaşların süründürməçilyi aradan qalxır. Çünki dövlət idarələri ilə rəqabətdə olan ASAN Xidmət yaradılıb. ASAN Xidmət də bu rəqabətdə çox irəlidədir. Onların xidmətlərinin sayının artırılması o deməkdir ki, biz məişət korrupsiyasını sıradan çıxara bilərik". Vasif Mövsümov deyir ki, korrpsiyaya qarşı aparılan mübarizədə nəticə var: "Nəticələr göz önündədir. Son vaxtlar korrupsiyaya qarşı mübarizə istiqamətində Bakıda keçirilən beynəlxalq konfransda iştirak edən xarici qonaqlar tərəfindən də vurğulandı ki, Azərbaycanda bu istiqamətdə atılan addımlarda müsbət nəticələr var. Bu qanunvericiliyin, normativ sənədlərin qəbulu, ASAN Xidmət mərkəzlərinin yaradılması, elektron sistemə keçid və s.dir. Bir sözlə, atılan addımlar öz bəhrəsini verməkdədir və bundan sonra da verəcək". Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru deyir ki, lakin bütün bunlara baxmayaraq korrupsiyaya qarşı mübarizə davamlı olmalı, ayrı-ayrı addımlar atılmalıdır. Çünki görülən işlər, tədbirlərə baxmayaraq  hələ də regionlardan məmur özbaşınalığı ilə bağlı şikayətlər daxil olur".

S.İsmayılbəyli
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00