Bu ölkələr məsələnin həlli üçün konkret addımlar atmırlar
Üzeyir Cəfərov: “Onların son zamanlarda cəbhə xəttində reallaşdırdıqları monitorinqlər də formal xarakter daşıyır”
11 İyul 2014 13:16 Siyasət"ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyəti anlaşılmazıdır. Həmsədrlər Krılovun təmsilində olduğu kimi hərəsi öz tərəfinə dartır". Bu fikirləri Dağlıq Qarabağ ətrafında yaranmış aktivliyi şərh edən hərbi-ekspert Üzeyir Cəfərov deyib. Ü.Cəfərov qeyd edib ki, uzun illərdən bu yana ABŞ, Fransa və Rusiya ortaya nəticə qoya bilməyiblər. Ekspertə görə, həmsədr ölkələrin yeganə bacardıqları iş zaman-zaman optimist bəyanatlar səsləndirmələri və məsələnin tezliklə həll olunacağını bildirmələri olub. Amma 20 ildir problemin öz həllini tapmadığını deyən Üzeyir Cəfərov hesab edir ki, bunun üçün ortada mexanizm yoxdur: "Nəticədə isə proseslərin uzanmasının şahidi oluruq. Rusiya Ermənistanı Avrasiya İqtisadi Birliyinə üzv etmək hansı şirnikləndirici vədləri verir? Azərbaycanı AİB və Gömrük İttifaqında görmək üçün müəyyən rayonların geri qaytarılmasını təklif edir. Ceyms Uorlik həmsədr təyin ediləndən sonra sosial şəbəkələrdə aktiv şəkildə məsələ ilə əlaqədar fikirlər bölüşməyə başladı. Son olaraq Riçard Morninqstar və Con Heffern Dağlıq Qarabağ ətrafı rayonların Azərbaycana qaytarılacağı ilə bağlı fikirlər səsləndirdilər. Fransa Prezidenti Fransua Olland da Bakıda olarkən optimist danışdı. Amma geri qayıdandan sonra tamam başqa hərəkətlərinin şahidi olduq. Bu ölkələr sanki proseslərin uzanmasında Ermənistana yardımçı olurlar. Məsələnin həlli üçün konkret addımlar atmırlar. İndi də Ermənistan və Azərbaycan arasında informasiya müharibəsi şiddətli şəkildə artıb. Dezinformasiyaların sayı həddindən artıq çoxdur. Naxçıvan, Tovuz və hərbçilərlə bağlı belə məlumatlar yayıldı. Məsələn, guya Azərbaycan ordusunun Ermənistanın işğalı altında olan Kəlbəcər rayonuna girib 14 yaşlı erməni uşağını oğurlması barədə yayılan məlumatlar da dezinformasiyadır. Məlumat Ermənistan mətbuatı tərəfindən yayılıb. Amma bunlara baxmayaraq, Azərbaycan öz ədalətli mövqeyinin dəstəklənməsi üçün çalışmalarını davam etdirməlidir. Bacardıqca, informasiya müharibəsində Ermənistanı üstələməliyik. Çünki bu bizim haqq işimizdir. Dağlıq Qarabağ ətrafında yaranmış qlobal aktivlik qəti şəkildə Azərbaycanı rahat salmamalıdır. Çünki məsələni həll etməyə çalışan həmin qüvvələrə ümid etməməliyik. Onların nəticə hasil edəcəyinə inanmıram. Onların son zamanlarda cəbhə xəttində reallaşdırdıqları monitorinqlər də formal xarakter daşıyır. Bölgədə insan itkilərinə görə, narahat olduqları barədə verdiyi bəyanatlara da şübhəm var. Azərbaycan qəti şəkildə öz qərarını verməlidir ki, məsələ bu qədər uzanmasın". ("OLAYLAR" İA)