Abbas Abbasovun maskası cırıldı

“Milyarderlər İttifaqı”nın üzvü Kremlin imperiya siyasətinə açıq dəstək verir

Rusiyada qurulmuş azərbaycanlı milyarderlərdən ibarət ittifaqın üzvü və əslində lideri, Azərbaycan baş nazirinin sabiq müavini Abbas Abbasov növbəti açıqlamaları ilə diqqət mərkəzinə gəlib. "AzərRos"  Ağsaqqallar Şurasının sədri bu dəfə Rusiyadakı Azərbaycan diasporundan, azərbaycanlıların şimal ölkəsindəki problemlərindən danışmayıb. Azərbaycan müxalifətini sevindirəcək sözlər də söyləməyib. Haşiyə çıxaraq qeyd edək ki, bu adam ötən il Azərbaycanın qərbyönümlü, cənub və şimal meylli bütün müxalifətinin əsas ümid yerinə çevrilmişdi. Gözlər Moskvada oturub Azərbaycan dövləti əleyhinə ifadələr işlədən Abbas müəllimə dikilmişdi. Hesab olunurdu ki, bu adam Azərbaycanın İvanişvilisinə çevriləcək və hakimiyyətə gəlməkdə Qərbmeyli müxalifətə kömək edəcək. Ancaq seçki prosesində anlaşıldı ki, Abbas Abbasov da daxil olmaqla Milyarderlər İttifaqının müxalifətə yardım etmək kimi bir fikri yoxdur. Müxalifət yenə öz formatına qayıtdı, əski cəbhəçilərdən birini vahid namizəd elan etdi. Milli Şura yaranarkən qisasçı müxalifət qüvvələri az qala Abbas Abbasovu vətən qəhrəmanı kimi təqdim edirdi. Abbas Abbasovun əslində Kreml tərəfindən idarə olunan oyuncaq bir fiqur olduğunu deyənlər, yazanlar isə sosial şəbəkələrdə təhqir edilirdi. Budur, A.Abbasovun maskası cırılıb. Verdiyi bəyanatlar onun Moskvanın imperiyapərəst siyasətinin vintciklərindən, tərtəmiz "beşinci kolon" təmsilçisi olduğundan xəbər verir. Ukraynada iflasa uğramış, Şərqi Ukraynada törətdiyi təxribatlarla MDB xalqlarının nifrətini qazanmış Moskvanın indi Abbas Abbasov kimilərinə ehtiyacı var. Avrasiya İttifaqı ideyası iflasa uğrayıb. Bu nəhəng layihəni 3 dövlətlə (Rusiya, Belarus, Qazaxıstan) qurmaq mümkün olmadı. Bundan əlavə heç 3 dövlət Ukraynaya iqtisadi təzyiqlər məsələsində bir mövqeyə gələ bilmədilər. MDB ölkələrində "beşinci kolon"un "SSRİ təbliğatı" da fiaskoya uğrayıb. İndi daha ağır fiqurlar oyuna çıxarılmalıdır. Abbas Abbas bu məqsədlə ortaya çıxıb. Saytlar xbər verir ki, Abbasov Rusiya Xalqları Assambleyasının toplantısında çıxışı zamanı SSRI-ni "doğma ölkə" adlandırıb və Sovet imperiyasının dağılmasına təəssüf edib. "Biz bir dəfə doğma ölkəmizi dağıtmışıq. Çox təəssüf ki, SSRI adlı evimizi müxtəlif "milli mənzillərə" böldük. Belə unikal bir ölkə bir də ələ düşməyəcək"; "İndi hamımızın məqsədi doğma Rusiyamızı qorumaq, onu inkişaf etdirməkdir", "Rusiya ərazisində yaşayan bütün xalqlar bir yumruq kimi birləşməlidir və  azərbaycanlılar isə bu istiqamətdə ön sıralarda olacaqlar". Bu fikirlər Abbasova məxsusdur. Onu da deyək ki, Abbasov Moskvanın inandığı və etibar etdiyi adamdır. Rusiya Xalqları Assambleyasının sədri Svetlana Smirnova onu "Fəxri Fərman"la təltif edib. Abbas Abbasovun Rusiya Prezidenti yanında Şuraya üzv olması üçün namizədliyi də irəli sürülüb və yekdilliklə dəstəklənib. Moskva Abbasov kimi adamların əli ilə Rusiyadakı azərbaycanlıları təşkilatlandırmaq və lazım gələrsə Azərbaycan dövlətinə qarşı qoymaq istəyir. Rusiyada 2 milyondan çox azərbaycanlı yaşayır. Onların ana vətənlə əlaqələri var. 2 milyonu öz ətrafında birləşdirmək istəyən Abbasov onların qohumlarının da səsini alacağını düşünür. Sabiq vitse-premyer bir nüansı nəzərə almır ki, Azərbaycan vətəndaşlarında artıq milli dövlətçilik şüuru formalaşıb. Onun "Yeni SSRİ", "Qüdrətli Rusiya" ideyaları azərbaycanlılar üçün cəlbedici deyil. Rusiya bu günə qədər bir çoxlarını Azərbaycan xalqına, Azərbaycan dövlətinə qarşı qoymuş, lakin bu adamların hamısı fiaskoya uğramışlar. Siyasətdən daha çox biznesdə uğur qazanmış Abbas Abbasovun bu layihəsi, bu siyasi alveri də uğursuzluğa düçar olacaq.

Zaur Sultanbud
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00