“ABŞ Azərbaycana münaqişənin həllində əhəmiyyətli mövqe yaradır”
Qabil Hüseynli: “Amerika başa düşdü ki, bu kənarlaşdırma onun strateji maraqlarına ziddir və fəallaşdı”
10 İyul 2014 15:16 SiyasətPolitoloq Qabil Hüseynli Fransa-ABŞ tandeminin və Rusiyanın ayrı-ayrılıqda Dağlıq Qarabağ münaqişəsinin həllinə diqqət ayırmalarını şərh edib. Q.Hüseynli qeyd edib ki, bu vəziyyətin əsası çoxdan qoyulub. Politoloqun sözlərinə görə, Rusiya münaqişənin həllinə dair Azərbaycanla sövdələşmə apardı. Qabil Hüseynli vurğulayıb ki, bu sövdələşmənin mahiyyətində müxtəlif məsələlər dayanırdı: "Fransa da bu proseslərə dəstək verdi. ABŞ-ı bir növ proseslərdən kənarlaşdırdılar. Amerika başa düşdü ki, bu kənarlaşdırma onun strateji maraqlarına ziddir və fəallaşdı. ABŞ-ın Ermənistandakı səfiri Con Heffern və Azərbaycandakı səfiri Riçard Morninqstar Azərbaycanın lehinə olan bəyanatlar səsləndirdilər. Səfirlərin fikirləri Dağlıq Qarabağ məsələsilə bağlı ABŞ-ın mövqeyini əks etdirir. ABŞ bildirdi ki, münaqişənin həlli prosesinə fəal şəkildə qoşulur və ATƏT-in Minsk Qrupunun fəaliyyətini fəallaşdırır. Bununla da məsələdə Rusiyanın monopoliyasını ləğv etməyə, yaxud məhdudlaşdırmağa səy edir. Münaqişə ətrafında fəallıq iyulun 8-dən başladı. Hər halda ABŞ-ın meydana girməsi, Amerika-Rusiya rəqabətini daha da gücləndirir. Bu da Azərbaycan üçün daha əlverişli mövqe yaradır. Əgər Rusiya əvvəl Azərbaycan qarşısında ağır şərtlər irəli sürürdüsə, indi ona həmin şərtləri təkrarlamaq çətin olacaq. ABŞ aktivliyini bu şəkildə davam etdirərsə, Azərbaycan Dağlıq Qarabağ məsələsinə dair danışıqlarda əhəmiyyətli mövqe əldə edəcək". ("OLAYLAR"İA)