Rusiya siyasi oyun masasına qayıtmaq əzmini kənara qoymaq istəmir

Son günlər Dağlıq Qarabağ probleminin həlli və işğal altında olan ərazilərimizin müəyyən bir hissəsinin boşaldılmasına dair Rusiya və Birləşmiş Ştatlardan verilən bəyanatlar cəmiyyətdə ciddi çaşqınlığa səbəb olub. Belə ki, okeanın o tayından gələn xəbərlərdə 6-7 rayonun azad edilməsindən söhbət getdiyi halda, şimal qonşumuzdan gələn xəbərlərdə azad ediləcək rayonların sayının 3 olacağı bildirilir. Bəs görəsən reallıq nədən ibarətdir? Məsələ ilə bağlı mövqeyini bildirən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib ki, bir qədər əvvəl Rusiya siyasi isteblişmenti müxtəlif isimlərdə bizə 5 və ya 3 işğal altında olan rayonumuzu "peşkəş"etmək istədiklərinə eyham vururdu: "Sanki Sotheby s auksionudur. Öz aralarında rəqabət apararaq, kimin daha güclü olduğunu auksion rəqiblərinə nümayiş etdirirlər. Nədən belə dalana dirənmişik? Rusiyanın təklifi aydındır. Artıq 1 ildən artıqdır ki, qlobal siyasətdə tərəf olmağı arzulayan şimallılar, bizi yeni imperiyalarının rekvizitinə çevirmək istəyini açıq şəkildə ifadə edirlər. Bir neçə rayonun qaytarılması bahasına dövlət müstəqilliyimizi əlimizdən almaq məqsədini güdürlər. Fikrimcə, Azərbaycansız Qarabağ bizə lazım deyil". Partiya sədri deyir ki, Rusiya siyasi oyun masasına qayıtmaq əzmini kənara qoymaq istəmir: "Moldova və Gürcüstana hazırlanan sürprizlər, Ukraynada aparılan müharibə, Baltikyanı ölkələrə qarşı səsləndirilən hədələr şimal ayısının qəzəbli olduğunun göstəriciləridir. Son 3 əsrdə dünya hegemonlarından biri kimi çıxış edən Rusiya imperiyasının küncə qoyulması, Pyotrun nəvələrini narahat edir. Biz anlamalıyıq ki, Rusiya əzəli müttəfiqi Ermənistanı kənara qoyub, heç vaxt bizim haqlarımızı müdafiə etməyəcək. Qərbin təklifini dənəməyə çalışaq. ABŞ-ın həm Ermənistanda, həm Azərbaycanda, həm də Minsk Qrupundakı səfirlərinin eyni fikirləri qısa müddətdə səsləndirməsi ciddi mövqedən xəbər verir. Belə görünür ki, Rusiyanın bu sahədəki fəallığından rahatsızlanan qərblilər ABŞ-ın timsalında öz təklifləri ilə çıxış etmək qərarına gəliblər. Onlar artıq 3-5 deyil, "Laçın dəhlizi"kənar 7 rayonu qaytarmaq fikrində olduqlarını dilə gətirirlər. İndi məsələnin ən həssas yerinə yaxınlaşırıq. Ətraf rayonların sayı ilə manipulyasiya edən həm Rusiya, həm Qərb tərəfi Dağlıq Qarabağ haqda susur, məsələni diplomatik şəkildə gözardı edirlər. Onların susması başa düşüləndir. Onlar konflikti həll etmək istədiklərindən cəmiyyətlərdə qıcıq yaradacaq məsələlərə toxunmurlar. Bizə rayonların qaytarılmasını təklif edən onlar, qarşı tərəfə də beynəlxalq təminat altında Dağlıq Qarabağın onlarda saxlanılması öhdəliyini götürürlər".


F.Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00