“Dağlıq Qarabağ məsələsi Ermənistanın AİB-ə üzv olmasına əngəldir”
Rasim Musabəyov: “Bu halda Belorusiya-Qazaxıstan tandeminə qarşı Rusiya Ermənistanla birgə hərkət edəcək”
10 İyul 2014 13:39 SiyasətMillət vəkili Rasim Musabəyov Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü məsələsinin gecikdirilməsinə münasibət bildirib. R.Musabəyov qeyd edib ki, Ermənistanın Avrasiya İttifaqına üzv qəbul edilməməsində Azərbaycanın tələbləri də rol oynayır. Qazaxıstan və Belorusiyanın bir çox hallarda AİB daxilində Rusiyanın iddialarına qarşı çıxış etdiklərini deyən millət vəkilinin sözlərinə görə, indiki məqamda da Rusiya və Qazaxıstan Ermənistanın quruma üzv olmasında maraqlı deyillər: "Moskva baş düşür ki, Ermənistan indi AİB-ə üzv qəbul olunsa, onun yükü təkcə Rusiyanın üzərinə düşəcək. Ermənistan quruma gəlsə daxildə müttəfiq bərabərliyi yaranacaq. Bu halda Belorusiya-Qazaxıstan tandeminə qarşı Rusiya Ermənistanla birgə hərkət edəcək. Ona görə də Dağlıq Qarabağ məsələsilə Ermənistanın quruma üzvlük məsələsini gecikdirirlər". Rasim Musabəyov ABŞ-ın Ermənistandakı səfiri Con Heffernin işğal altında olan 6 rayonun Azərbaycana qaytarılacağı ilə bağlı fikirlərinə də toxunub. R.Musabəyov hesab edir ki, əslində Heffernin məsələ ilə bağlı səsləndirdiyi fikirlərdə yeni heç nə yoxdur. Millət vəkili qeyd edib ki, səfirin dedikləri "Madrid prinsipləri"ndə öz əksini tapıb: "Heffern sadəcə həmin prinsiplərin tələblərini təkrar edib". ("OLAYLAR" İA)